Məhkəmə qərarları › İş №2(105)-3130/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3130/2021

24.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3130/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)-183/2021 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)-183/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın natura qaydasında bölünməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndi ərazisində yerləşən 4,207 ha torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-011 nömrəli şəhadətnaməyə əsasən onlara və ailə üzvləri olan atası X1, anası Cavabdeh5, qardaşları Cavabdeh1 Mirzəməhəməd oğluna, İddiaçı2 Mirzəməhəməd oğluna, bacıları Cavabdeh3 Mirzəməhəməd qızına, Cavabdeh4 Mirzəməhəməd qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu, Girdah kəndi ərazisindən 4,207 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, 17.06.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Dəfələrlə cavabdehlərə onlara düşən torpaq payının naturada ayrılıb verilməsini xahiş etsələr də, cavabdehlər onlara torpaq sahəsi düşmədiyini, ona görə də torpaq sahəsi verməyəcəklərini bildirmişlər. Cavabdehlər həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir əldə edirlər. Onların da uşaqları var, imkansızdırlar. Onlar özlərinə məxsus torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək qazanc əldə etmək istəyirlər. Ona görə də torpaq sahələrinin ayrılmasını istəyirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-011 nömrəli şəhadətnaməyə əsasən ona və ailə üzvləri olan atası X1, anası Cavabdeh5, qardaşları Cavabdeh1 Mirzəməhəməd oğluna, İddiaçı2 Mirzəməhəməd oğluna, bacıları Cavabdeh3 Mirzəməhəməd qızına, Cavabdeh4 Mirzəməhəməd qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu, Girdah kəndi ərazisindən 4,207 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı,17.06.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, dəfələrlə cavabdehlərə ona düşən torpaq payının naturada ayrılıb verilməsini xahiş etsə də, cavabdehlər ona torpaq sahəsi düşmədiyini, ona görə torpaq sahəsi verməyəcəklərini bildirmişlər. Cavabdehlər həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir əldə edirlər. Onun da uşaqları vardır, imkansızdır, özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək qazanc əldə etmək istəyir. Ona görə də özünə düşən torpaq sahəsinin ayrılmasını istəyir. İddiaçı1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnamənin ləğv edilərək, iddianın təmin olunması və payın natura qaydasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Girdah kəndi ərazisində 4,207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 və Cavabdeh5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində 17.06.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 02.11.2020-ci il tarixli, 01/577 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin torpaq sahəsinin plan və ölçüsü sənədində (AN 176200, tərtib edilmə tarixi 17.06.2017) qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron baza və xəritə üzərində otuzdurulmuş, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışa əsasən Quba rayonu, Girdah kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 4,207 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü məqsədəuyğun hesab edilməmişdir. İş üzrə keçirilmiş ekspertizanın 10/3791 saylı, 22.12.2020-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin 02 noyabr 2020-ci il tarixli, 01/577 saylı mütəxəssis rəyində qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Girdah kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 4,207 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü məqsədəuyğun hesab edilmir. Mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdən görünür ki, Quba rayonu, Girdah kəndi ərazisində yerləşən 4,207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nın 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.2, 223.3 və 223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nın 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cu maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş üzrə keçirilmiş ekspertizanın 10/3791 saylı, 22.12.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Quba rayonu, Girdah kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 4,207 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payının naturada ayrılması mümkün deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Digər iddiaçı qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(027)-183/2021 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar