Məhkəmə qərarları › İş №2(105)-3140/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3140/2021

12.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3140/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1114/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1114/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20.04.2017-ci il tarixli 000480 saylı mənzil tikintisi haqqında müqavilə və həmin mənzilə dair ödənilmiş 20.04.2017-ci il tarixli 2537 saylı, 20.04.2017-ci il tarixli 2538 saylı, 01.05.2017-ci il tarixli 2653 saylı, 31.05.2017-ci il tarixli 2950 saylı, 01.07.2017- ci il tarixli 3162 saylı, 01.08.2017-ci il tarixli 3560 saylı, 04.09.2017-ci il tarixli, 05.10.2017- ci il tarixli 76 saylı, 12.11.2017-ci il tarixli 447 saylı, 11.12.2017-ci il tarixli 718 saylı, 20.01.2018-ci il tarixli 187 saylı, 07.02.2018-ci il tarixli 400 saylı, 17.03.2018-ci il tarixli 809 saylı, 08.05.2018-ci il tarixli 180 saylı, 20.06.2018ci il tarixli 000037 saylı, 07.09.2018-ci il tarixli 000732 saylı, 04.11.2018-ci il tarixli 001465 saylı, 21.12.2018-ci il tarixli 001750 saylı, 31.12.2018-ci il tarixli 001862 saylı, 31.01.2019-cu il tarixli 002139 saylı, 10.03.2019-cu il tarixli 003021 saylı, 09.04.2019-cu il tarixli 003279 saylı, 01.06.2019-cu il tarixli 003774 saylı, 08.07.2019-cu il tarixli 004125 saylı, 19.08.2019-cu il tarixli 004472 saylı, 13.01.2020-ci il tarixli 005622 saylı, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışları ləğv edilməsi, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan məbləğin Cavabdeh geri qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinintəmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" MTK ilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı "xxxx" MTK-ya dəymiş 30000 manat məbləğində maddi və 30000 manat mənəvi ziyanın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MTK iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" MTK ilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı "xxxx" MTK-ya dəymiş 50000 manat məbləğində maddi və 50000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 29848 manat, ilkin ödəniş 5000 manat, aylıq ödəniş 546 manat, kreditin müddəti 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.11.2020-ci il tarixə 7250 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 05 saylı 03.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 20.04.2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 22598 manat məbləğində vəsait geri qaytarılmalıdır. "xxxx" MTK yaşayış kompleksində çoxmərtəbəli binalarının inşasının davam etdirilməsi cavabdehin (Payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (Payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalivasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Belə ki, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə«Payçı» tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın «Payçı»ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. İddiaçı tərəf yalnız cavabdehin öhdəliyi pozmasını qabardaraq özü tərəfindən öhdəliyə tam əməl edilmədiyinə toxunmamışdır. İş materiallarına əlavə edilmiş şəkillərdən bu aydın görünür. Pandemiya səbəbindən maddi vəziyyətində sıxıntı olduğu üçün iddiaçıya qalan borc məbləğini hissə-hissə ödəməyə imkan yaratmasını xahiş etsə də, tərəf bunu qəbul etməmişdir. Məqsəd onun mənzilin baha satıb əlavə pul qazanmaq olmuşdur. Hal-hazırda qısa zaman kəsiyində borcunu ödəyə biləcəyini bildirərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, MTK-ya olan qalıq borcunu tam ödəmişdir. Bununla bağlı MTK-nın direktoru tərəfindən 03.08.2021-ci il tarixində imzalanmış yeni maliyyə arayışı almışdır. Hazırda heç bir borcu yoxdur. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan icraçı "xxxx" MTK ilə payçı Cavabdeh arasında bağlanmış 20.04.2017-ci il tarixli, 000480 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamı ilə inşasına icazə verilmiş Abşeron rayonu Saray qəsəbəsi Masazır- Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə, 49 saylı mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi Payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1, 3.2, 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərindən görünür ki, mənzilin ümumi sahəsi 42.64 kv.m, mənzilin 1 kv.m-nin qiyməti 700 manat, mənzilin ümumi dəyəri 29848 manat, payçı ilkin olaraq 5000 manat, payçı kredit müddəti 40 ay olmaqla hər ay 546 manat ödəməyi öhdəsinə götürmüşdür. Yenə işdə olan "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarının surətindən görünür ki, Abşeron rayonu Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur, bu binanın 5-ci giriş, 7-ci mərtəbəsində ümumi sahəsi 42.64 kv.m olan 1 otaqlı 41 saylı mənzilin pay dəyərindən payçı Cavabdeh 20.04.2017ci il tarixli 2537 saylı maliyyə arayışına əsasən 5000 manat, 20.04.2017-ci il tarixli 2538 saylı maliyyə arayışına əsasən 3000 manat, 01.05.2017-ci il tarixli 2653 saylı maliyyə arayışına əsasən 546 manat, 31.05.2017-ci il tarixli 2950 saylı maliyyə arayışına əsasən 550 manat, 01.07.2017-ci il tarixli 3162 saylı maliyyə arayışına əsasən 550 manat, 01.08.2017-ci il tarixli 3560 saylı maliyyə arayışına əsasən 546 manat, 04.09.2017-ci il tarixli maliyyə arayışına əsasən 546 manat, 05.10.2017-ci il tarixli 76 saylı maliyyə arayışına əsasən 546 manat, 12.11.2017-ci il tarixli 447 saylı maliyyə arayışına əsasən 546 manat, 11.12.2017-ci il tarixli 718 saylı maliyyə arayışına əsasən 546 manat, 20.01.2018-ci il tarixli 187 saylı maliyyə arayışına əsasən 270 manat, 07.02.2018-ci il tarixli 400 saylı maliyyə arayışına əsasən 546 manat, 17.03.2018-ci il tarixli 809 saylı maliyyə arayışına əsasən 300 manat, 08.05.2018-ci il tarixli 180 saylı maliyyə arayışına əsasən 400 manat, 20.06.2018-ci il tarixli 000037 saylı maliyyə arayışına əsasən 300 manat, 07.09.2018-ci il tarixli 000732 saylı maliyyə arayışına əsasən 300 manat, 04.11.2018-ci il tarixli 001465 saylı maliyyə arayışına əsasən 400 manat, 21.12.2018-ci il tarixli 001750 saylı maliyyə arayışına əsasən 200 manat, 31.12.2018-ci il tarixli 001862 saylı maliyyə arayışına əsasən 200 manat, 31.01.2019-cu iltarixli 002139 saylı maliyyə arayışına əsasən 200 manat, 10.03.2019-cu il tarixli 003021 saylı maliyyə arayışına əsasən 354 manat, 09.04.2019-cu il tarixli 003279 saylı maliyyə arayışına əsasən 300 manat, 01.06.2019-cu il tarixli 003774 saylı maliyyə arayışına əsasən 400 manat, 08.07.2019-cu il tarixli 004125 saylı maliyyə arayışına əsasən 500 manat, 19.08.2019-cu il tarixli 004472 saylı maliyyə arayışına əsasən 2500 manat, 13.01.2020-ci il tarixli 005622 saylı maliyyə arayışına əsasən 2500 manat, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışına əsasən 550 manat ödəniş etmişdir. Yenə də işdə olan "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 03.11.2020-ci il tarixli 05 saylı xəbərdarlıqdan görünür ki, MTK tərəfindən payçıya müqavilə üzrə öhdəlik icra edilmədiyi təqdirdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq payçı tərəfindən 10.11.2020-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. İşə əlavə edilmiş "xxxx" MTK-nın üzvlərinin yığıncağının 02.10.2014-cü il tarixli qərarından görünür ki, Abşeron-City-2014 MTK-nın yeni baş direktoru X5, üzvləri X3, X5, X4, X6, X2 təyin edilmişdir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X1 haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" MTK ********** VÖEN ilə 30.09.2014-cü ildə qeydiyyata alınmış, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Yenə də işə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014cü il tarixli, 495 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan, Saray qəsəbəsi ərazisində yerləşən, 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdır. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 03.08.2021-ci il tarixli, 36 saylı maliyyə arayışından görünür ki, Cavabdeh borcunu tam ödəmiş, onun Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə, 49 saylı mənzilə dair "xxxx" MTK-ya borcu yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1114/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, "xxxx" MTK ilə payçı Cavabdeh arasında 20.04.2017-ci il tarixdə mənzil tikintisi haqqında 000480 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamı ilə inşasına icazə verilmiş Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə, 49 saylı mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi Payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 42.64 kv.m, mənzilin 1 kv.mnin qiyməti 700 manat, mənzilin ümumi dəyəri 29848 manat olmaqla, payçı ilkin olaraq 5000 manat, kredit müddəti 40 ay olmaqla hər ay 546 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəniləsi məbləğin əsas hissəsi ödənilsə də borc tam bağlanmadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda borc məbləği tam bağlanılsa da, iddiaçı iddiadan imtina ərizəsi vermədiyindən məhkəmə kollegiyası iş üzrə araşdırma aparmağı zərur hesab etmişdir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə qətnaməni əsaslandırmaq üçün öhdəliklərin pozulması ilə bağlı maddi hüquq normalarına istinad etmiş, lakin iddiaçı tərəfindən müqavilənin pozulması tələbi irəli sürülməsinə və bu tələbin təmin edilməsinə baxmayaraq gəldiyi bu nəticəni əsaslandırmamışdır. Halbuki, mübahisənin kökünü məhz tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin ləğvi təşkil edir. AR Mülki Məcəlləsinin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. Hazırki iş üzrə iddiaçı cavabdeh tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasını sübut edə bilməmişdir. İşin tədqiq olunan hallarından görünür ki, cavabdeh mübahisə anına müqavilə üzrə öhdəliyinin əsas hissəsini icra etmiş, qalan məbləğin hissə-hissə ödənişindən isə imtina etmir. Hazırda həmin məbləğin tam ödənilməsi cavabdeh borclunun səmimiliyinə dəlalət edir. İddiaçı tərəf iddiasında müqavilənin ləğvini tələb etsə də, bu zaman müqavilənin ləğvi qaydalarına əməl etməmişdir. Belə ki, Mülki Məcəllənin 423.1-cü maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Yenə həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarında bu barədə heç bir sübut yoxdur. İşə əlavə edilmiş xəbərdarlıq isə müqavilənin ləğvi təklifi kimi qəbul edilə bilməz. Digər tərəfdən həmin xəbərdarlıq müqavilə tərəfi olaraq cavabdehə 09.11.2020ci ildə təqdim edilmiş, cavab gözlənilmədən 14 gündən sonra məhkəməyə müraciət olunmuşdur. İşə baxan məhkəmə qanunvericiliyin bu vacib şərtlərini nəzərə almamış, maddi hüquq normalarını kobud surətdə pozmaqla hazırki nəticəyə gəlmişdir. Bu isə məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilənin ləğvinə dair iddianın rədd edilməsi iddianın ondan doğan digər hissədə də rədd edilməsi, başqa sözlə iddianın tam rəddi üçün əsasdır. Doğrudur, işə baxan məhkəmə iddia tələbini qeyri-ciddi maddi və mənəvi ziyan hissəsində rədd etsə də, maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən məhkəmə kollegiyası qətnamənin bütövlükdə ləğv edilməli olması qənaətinə gəlir. Qeyd edildiyi kimi cavabdeh şikayətində iddiaçı tərəfin özünün də müqavilə şərtlərini pozduğunu, binanın ətrafında yaşayış üçün lazımi şərait yaradılmadığını vurğulamış və bunun təsdiqi kimi şikayətinə xeyli foto-şəkillər əlavə etmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 425.2-ci maddəsini tələblərinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər nəhayət qarşılıqlı hərəkət edərək müqavilənin icrasını təmin etmişlər. Başqa sözlə. tərəflər arasında mübahisə öz həllini tapmışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan rəsmi surətdə imtina edilmədiyindən və ya mübahisəyə dair tərəflər arasında barışıq sazişi təqdim edilmədiyindən, daha öncə qeyd olunan qanun pozuntusu ilə çıxarılmış qətnamə ləğv edilməli, iddia rədd edilməldir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı öz iddiasının əsasını təşkil edən halları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edə bilməmiş, cavabdeh apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməli, cavabdehin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 15 manat iddiaçıdan tutulub ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1114/20210 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddiaçı "xxxx" MTK-nın ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilsin.Cavabdeh ödədiyi dövlət rüsumunun əvəzi olaraq 15 manat "xxxx" MTK-dan tutulub ona qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar