Məhkəmə qərarları › İş №2(105)-3145/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3145/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3145/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1616/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1616/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə ilk iddiası qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat, mənəvi zərər üçün 5000 manat, rüsumun əvəzi olaraq 20 manat olmaqla, cəmi 128311 manat məbləğində pulun tutulması, Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək borclu olduğu 110000 manatın, borcun ödənilməsinin yubadılmasına görə vurduğu maddi zərərin əvəzi olaraq 60000 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manatın, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu 1 saylı notariat kontorunda 05 avqust 2017-ci il tarixində bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh 110000 manat borc pul vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh həmin borc məbləğini 05 avqust 2018-ci il tarixədək ona qaytarmaq öhdəliyini götürmüşdür. Lakin dəfələrlə müraciət etməyinə, müxtəlif orqanlara şikayət etməyinə baxmayaraq bu gunə qədər Cavabdeh həmin məbləği ona qaytarmamışdır. Cavabdeh ona məxsus pul vəsaitini özündə saxlamaqla onun hüquqlarını pozur, ona xeyli maddi və mənəvi zərər vurur. Cavabdeh ona maddi zərər vurmaqla bərabər, həm də mənəvi zərər vurmuşdur. Cavabdehin borcunu ödəməməsi səbəbindən maddi vəziyyəti pisləşdiyindən o və ailə üzvləri mənəvi sarsıntılara məruz qalmışlar. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh borclu olduğu 110000 manatın, borcun yubadılmasına görə vurulan maddi ziyan üçün 60000 manatın, vurulan mənəvi zərərin əvəzi olaraq 20000 manatın, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanmış 05.08.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırılmışdır ki, borc müqaviləsinə əsasən ona 110000 manat borcu vardır. Əslində isə aralarındakı münasibətlərin faktiki halları fərqlidir. Belə ki, Mustafa Karman onun ünvan 1 ünvanında yerləşən evində 2015-ci ildən yaşayır. Onlar razılığa gəlmişdilər ki, həmin evi İddiaçı satsın. İddiaçı həmin evi başqa şəxsə satmamağı üçün aralarında formal olaraq borc müqaviləsi bağlamağı təklif etmişdi. O da İddiaçı evi almadığı təqdirdə qaldığı illər üçün evin kirayə xərcini ödəyəcəyini bildirmişdi. Artıq 6 ildir İddiaçı onun evində yaşayır, lakin evi almır və evin kirayə xərcini də ödəmir. Tərəfindən edilən xəbərdarlıqdan sonra İddiaçı onu məhkəməyə verəcəyini, başına oyun açacağını bildirmişdi. Həmin vaxt İddiaçı təkidi ilə hazırki mübahisəli müqaviləni formal olaraq bağlamalı olmuşdu. Əslinə qalsa həmin müqavilədə qeyd edilən hal olmamışdır və o, İddiaçı 110000 manat məbləğində borc pul almamışdır. Həmin müqavilə hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, sadəcə görünüş üçün bağlanmışdır. İddiaçı müqavilədən suiistifadə edərək hər vasitə ilə əslində heç vaxt borc formasında vermədiyi pulu almağa çalışır. Qeyd edilən müqavilə formal xarakter daşıyır və özündə heç bir reallığı əks etdirmir. Cavabdehin qeyd edilən hərəkətləri hüquqdan sui-istifadədir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz və əsassız qərar çıxararaq heç bir sübuta söykənməyən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə prosesinin gedişində iddiaçı tərəfin öz etirafı üzrə də müəyyən edilmişdir ki, bu borc müqaviləsi formal olaraq bağlanmışdır. Bu müqavilə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin əsası kimi və onun tərəfindən iddiaçıya mülkiyyətində olan əmlakın keçirilməsi başa çatana qədər bağlanmışdır. Məhkəmə prosesində borc müqaviləsinin qanunsuz və əsassız şərtlərlə bağlanması öz təsdiqini tapmışdır. Lakin məhkəmə buna diqqət yetirmədən əsassız olaraq maddi və mənəvi ziyan hissəsində də iddianı qismən təmin etmişdir. Məhkəmənin bu yanaşması yanlışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi mənəvi zərərin ödənilməsinə aid hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia təmin edilməməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 05 avqust 2017-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 110000 manat məbləğində pul borc vermiş, Cavabdeh krediti 05.08.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 14.11.2012-ci il tarixli, **********65-10301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evin hüquq subyekti Cavabdehdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2009 saylı, 09.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Mehdiadad qəsəbəsi, N.Orduxanov küçəsindəki ev 30 ünvanında X3 və X5 ilə birgə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 14.01.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14.11.2012-ci il tarixdə, **********65-10301 reyestr nömrəli ilə qeydiyyata alınmışdır, həmin fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bankın 19.03.2017-ci il tarixli, 19/3135 saylı bildirişinə əsasən tutmaya yönəldilmişdir. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 26.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni 110000 manatı İddiaçı qaytarmadığından birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması üzrə gəldiyi nəticələr qanuni və əsaslıdır. İddiaçı Cavabdeh 60000 manat maddi zərər tələb edir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Cavabdeh İddiaçı məxsus 110000 manat məbləğində pulu 05.08.2018-ci il tarixədək qaytarmalı olsa da, qaytarmamış, nə də mülkiyyətində olan qeyd edilən evin alqı-satqısını onunla rəsmiləşdirməmişdir. Bununla da İddiaçı məxsus pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu səbəbdən İddiaçı məxsus 110000 manat pulu 05.08.2018-ci il tarixədək Cavabdeh özündə saxladığından həmin vaxtdan iddia ərizəsinin məhkəməyə verildiyi 28.01.2021-ci il tarixədək cəmi 29 ay üçün 110000 manatın illik 5%-lə məbləği 13291 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, birinci instansiya məhkəməsinin maddi zərər tələbinə aid hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İş materiallarından, qarşılıqlı iddia ərizəsindən, apellyasiya şikayətindən görünür ki, Cavabdeh qarşılıqlı iddia tələbini kredit müqaviləsinin hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş üçün bağlanması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, 05.08.2017-ci il tarixli kredit müqaviləsi bağlandıqdan 3 ildən artıq müddət keşdikdən sonra, yəni 29.03.2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh kredit müqaviləsini iddia ərizəsində göstərilən əsaslarla qanunla müəyyən olunmuş mübahisələndirmə müddətini də ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, Cavabdeh 05.08.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə dair bir il ərzində hər hansı bir mübahisə açmamış, ancaq 4 ilə yaxın müddət keçdikdən sonra, yəni 29.03.2021-ci il tarixdə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, bununla da kredit müqaviləsini mübahisələndirmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda olan izahatlarında tərəflər öz aralarında Cavabdeh məxsus evin satılması məqsədi ilə İddiaçı Cavabdeh 11000 manat verməsini və bunu notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə rəşmiləşdirdiklərini etiraf etmiş, Cavabdeh evini 120000 manata satmaq istədiyini, lakin İddiaçı qalan 10000 manatı vermədiyinə görə aralarında narazılıq yarandığını göstərmişlər. Göründüyü kimi, Cavabdeh İddiaçı 11000 manat alması Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 26.10.2020-ci il tarixli qərarı ilə də təsdiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından, iddia ərizəsindən görünür ki, İddiaçı mənəvi zərərə görə Cavabdeh 20000 manat tələb etmiş, iddia tələbinin bu hissəsini mənəvi və fiziki iztirablar çəkməsi ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin ödənilməsinə dair hissədə qanuni və əsaslı deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi mənəvi zərərin ödənilməsinə aid hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia təmin edilməməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1616/2021 saylı qətnaməsi mənəvi zərərin ödənilməsinə aid hissədə ləğv edilsin, bu hissədə yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia təmin edilməsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar