Məhkəmə qərarları › İş №2(105)-315/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-315/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-315/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X1 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh 4059 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4099 manat pulun alınaraq iddiaçı “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdeh Məlikməmmədov Emin Tahir oğlunun apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı “X1 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 4059 manat əsas borc, 36 gün üçün gecikdirilmiş 730 manat dəbbə pulunun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4819 manat pulun alınaraq iddiaçı “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 21.01.2019- cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıya 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 21.11.2019-cu il tarixinədək tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı ilə onun arasında borcun etirafı və ödəniş qaydası haqqında 21.01.2019-cu il tarixdə müqavilə bağlanmış, güya həmin şirkətə 4059 manat borcunun olduğunu etiraf etmişdir. Lakin bildirir ki, 2019-cu ilin yanvarında əmək kitabçasını almaq üçün müştəri borcunu təsdiq etmişdir. Həmçinin 2018-ci ilin aprel ayında şirkətdən öz ərizəsi ilə işdən ayrılmışdır. 8 ay ərzində şirkət tərəfindən əmək kitabçası ona verilməmiş, müştəri borcunun olduğu bildirilməmişdir. İşdən azad edilərkən şirkətlə müştəri arasında borcun etirafı barədə məlumat imzalanmışdır. Lakin 8 ay ərzində müştəri borcu barədə məlumat verilməmişdir. O, müştərinin şirkətə olan borcunu etiraf etmişdir. Həmin borcun ona heç bir aidiyyəti yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Məlikəhmədov Tahir Bəşir oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməsini cavabdehin “X2 Limited” MMC ilə bağladığı 21.01.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 405.90 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni cavabdeh mübahisələndirərək, apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi iddia tələbində iddiaçının borcun etirafı barədə müqavilənin əmək münasibətləri çərçivəsində bağlandığını bildirmədiyini, eləcə də nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da bu barədə hər hansı bir dəlil irəli sürmədiyini, müqavilədə etiraf olunan borcun əmək münasibətləri prosesində yarandığı barədə nəticəyə gələrkən məhkəmənin bu faktı təsdiq edən hansı sübuta istinad etməsinin müəyyən olunmadığı, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilə apellyasiya şikayətinin dəlilini müzakirə etmədiyini, sual-cavab etməklə tərəflərin arasında bağlanmış borcun etirafı barədə müqavilənin əsasında hansı münasibətlərin dayandığını, borc məbləğinin yaranma səbəbini araşdırmadığını, tərəflər arasında müqavilə bağlanarkən müqavilənin etibarsız sayılmasına səbəb olan halların olubolmamasını müəyyən etməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddianı təmin olunan hissəsində mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, mübahisələndirilən hissədə iddia tələbi 4059 manat borcun qaytarılması barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını 882-ci maddəsi təşkil edir. Hazırki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh iddiaçı şirkətdə əmək müqaviləsi üzrə işləmiş və onun əmək müqaviləsinə 11.01.2019-cu il tarixdə öz ərizəsi əsasında xitam verilmişdir. “X2 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 21.01.2019- cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıya 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 21.11.2019-cu il tarixinədək tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (Mülki Məcəllənin 882.1., 882.2-ci maddələri). İşdən göründüyü kimi cavabdehə qarşı irəli sürülmüş tələb əmək münasibətlərindən irəli gələn pul və maddi ziyan tələbi kimi deyil, mülki hüquqi əqdən irəli gələn öhdəliyin icrası barədə tələb kimi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı hazırkı münasibət əmək münasibətlərindən deyil, mülki əqdlərdən irəli gələn öhdəliyin icrası barədə tələbdir. Bu hal həm iddiaçı təşkilatın ərizəsində, o cümlədən onun nümayəndəsi Vəkil məhkəmə kollegiyasında verdiyi izahatında da öz təsdiqini tapmışdır. Sonuncu məhkəmə iclasında izahat verərkən qeyd olunan əqdin cavabdehlə əmək münasibətlərindən yox, mülki hüquqi əqdən əmələ gəldiyini bildirmişdir. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün tələb edilən forma etiraf üçün də məcburidir. Maddənin mənasından göründüyü kimi borclu başlıca əqdən irəli gələn müəyyən borcu etiraf edir. Məhz buna görə də müqavilə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə adlanır. Borclu baçlıca əqdən özünü təcrid edərək seçdiyi borcu etiraf edir. Buna görə də şərh olunan Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulmuşdur ki, başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası tərəflər arasında müqavilə bağlanarkən həmin müqavilənin etibarsızlığına səbəb olan halların olub-olmaması müəyyən edilməsi barədə kassasiya instansiya məhkəməsinin qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bu müqavilənin bağlanması zamanı əqdin etibarsız sayılmasına səbəb olan hüquqi əsaslar məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış borcun etirafı haqqında müqaviləyə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddia tələbini həmin hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində borcun ona heç bir aidiyyəti olmaması onun müştərinin şirkətə olan borcunu etiraf etməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hallar formal mülahizədən ibarət olmaqla, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar