Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3160/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqavilə və müqaviləyə əlavənin ləğv edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 10866 manat borc məbləği 10060,2 manat cərimə məbləği ilə (10866-10060,2=805,8) əvəzləşdirilməklə, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki A kompleksi 12 saylı yaşayış binasında ümumi sahəsi 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardın boşaldılaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə təhvil verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqısatqısı haqqında müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilməmiş borcla əvəzləşdirilməklə Cavabdeh inşa edilməklə satılmış Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF Park” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 41,4 kv.metr olan 1 otaqdan ibarət 46 saylı mansardın boşaldılaraq cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20,40 manatın Cavabdeh cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 12 saylı yaşayış binasında, ümumi sahəsi 41,4 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 27945 manat olan, inşa edərək təhvil verilmiş 46 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə Cavabdeh satmışdır. 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqısatqısı haqqında müqavilənin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini 120 ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Cəmiyyət müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə, bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0,1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Müqaviləyə edilmiş 1 nömrəli əlavənin 1.4-cü bəndinə əsasən “Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəyir. Cavabdeh 2019-cu ilin dekabrından öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1 faizi miqdarında hesablanmaqla cərimə məbləği 10060,20 manat təşkil edir. Hazırda Cavabdeh 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borcu 17.079 manat və cərimə borcu 10060,20 manat olmaqla, cəmi 27139,20 manat borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə öz qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması və vətəndaşların konstitutsion hüquqlarına riayət edilməməsi ilə qəbul etmişdir. Belə ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə 10 dekabr 2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında ümumi sahəsi 41,4 kv.m olan 1 otaqdan ibarət dəyəri 27945 manat olan inşa edərək təhvil verilmiş 46 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə ona satmışdır. Uzun müddət heç bir gecikdirmə etmədən müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödənişini etmişdir. Son vaxtlar, yəni 2020-ci ildən bəri dünyada yayılmış “Koronavirus” pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və məhdud iş saatları üzündən ödənişləri həyata keçirə bilməmişdi. İş yerlərinin bağlanması və bunun nəticəsində çətin maddi vəziyyətin yaranması üzündən ödənişi edə bilməyəcəyi barədə cəmiyyət rəhbərliyinə məlumat da vermiş və xahiş etmişdir ki, dünyada yaranmış və qlobal xarakter daşıyan bu vəziyyəti nəzərə alaraq ödənişdə baş vermiş gecikmələri nəzərə almasın və ödəmədə edilən fasilələri gecikmə kimi qiymətləndirməsinlər. Çünki hər yerdə, yəni bütün idarə, müəssisə və bank sistemlərində “Koronavirus” xəstəliyi ilə əlaqədar olaraq ödənişlərdə müəyyən vaxtlar verilmiş və gecikmələr gecikmə kimi nəzərə alınmamışdır. Lakin cəmiyyətin ölkədə və bütövlükdə dünyada gedən bu cür qlobal məsələnin yaratdığı fəsadları və insanlara vurduğu fiziki, məvəvi və maddi zərərləri və bununla əlaqədar düşdüyü vəziyyətini nəzərə almamış və məhkəmədə ona qarşı iddia qaldırmışdır. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə onun məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyini qeyd edərək işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsil həqiqətdə isə cəmiyyətin onu məhkəməyə verməsindən və məhkəmə iclaslarının olacağından xəbəri olmamışdır. Bu barədə məhkəmə tərəfindən ona nə yazılı məktub, nə telefon zəngi və nə də mesaj göndərilməmişdir. Məhkəmə işə onun iştirakını təmin etmədən baxmış və bununla da prosessual hüquqlarını pozmuşdur. Həmçinin ona qarşı qaldırılmış iddia tələbinə dair iddia ərizəsinin surəti də ona təqdim edilməmiş və poçt vasitəsi ilə göndərilməmişdir. Bütün bu göstərilənlər qanunun tələblərinin pozulması kimi qiymətləndirilməli və qətnamənin ləğvi üçün əsas olmalıdır. Onun iştirakı olmadan işə baxılması prosessual qanunvericiliyin çəkişmə prinsipini pozmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməldir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli mansardın alqısatqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 12 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansardı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 27945 manat təşkil etmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli, 117 saylı maliyyə arayışından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən alıcı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 41.4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansarda görə cəmiyyətə ümumilikdə 10866,00 manat ödəniş etmişdir, 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqavilə üzrə əsas borcu 17079 manat, cərimə borcu 10060,20 manat olmaqla, cəmi borcu 27139,20 manat təşkil edir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 22.12.2020-ci il tarixli öhdəliklərin icra edilməsi barədə bildirişdən görünür ki, 10.12.2015-ci il tarixli, E/0162 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə 17079,00 manat məbləğində əsas borc öhdəliyini 7 gün müddətində ödənilməsini təmin edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 12 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 41,4 kv.m olan 1 otaqdan ibarət 46 saylı mansarda dair E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən mansardın ümumi dəyəri 27945 manat təşkil etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən mansardın ümumi dəyərindən 10866 manat ödəniş edilmiş, 17079 manat borcu qalmışdır. İddiaçı 10.12.2015-ci il tarixli, E/0162 nömrəli mansardın alqı-satqısı haqqında müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyi, bunun nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu əsas ilə həmin müqavilənin və müqaviləyə əlavənin ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd edilən maddələrin mənasından göründüyü kimi, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İddiaçı iddia tələbini cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması, bunun nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə əsaslandırsa da, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında müqavilə 120 ay, yəni 10 il müddətinə bağlanmışdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış E/0162 nömrəli, 10 dekabr 2015-ci il tarixli mansardın alqı-satqısı haqqında müqavilənin 3.1.2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi ləğv olunduğu halda, "xxxx" MMC bu müqavilədə nəzərdə tutulan cərimələr hesablanmaqla müştərinin qalıq pulunu mansard satıldıqdan sonra qaytarmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə hesablamış cərimənin cavabdeh tərəfindən ödənilmiş borc məbləği ilə əvəzləşdirilməsi tələbinin müqavilənin 3.1.2.3-cü bəndinə uyğun olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdərilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. İşdən görünür ki, pandemiya dövründə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş bəzi qadağalar nəticəsində cavabdehin maddi vəziyyətinin pisləşmiş, bununla da onun tərəfindən öhdəliyin bir hissəsini vaxtında icra olunmaması, onun müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması kimi qəbul edilərsə, bu onun mənzildən məhrum edilməsi ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə qiyabi məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2042/2021 saylı qiyabi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3160/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3160/2021
25.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver