Məhkəmə qərarları › İş №2(105)-3164/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3164/2021

13.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3164/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-421/2021 saylı qərardadından Cavabdeh qızının şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-421/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Cavabdeh qızı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Musayev X2 Sevil Hüseyn qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-421/2021 saylı qərardadı ilə Cavabdeh qızı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, hüquqi savadı olmadığı üçün qarşılıqlı iddia ərizəsini ilkin baxışa kimi verilməli olduğundan xəbərsiz olmuş və bu səbəbdən də qarşılıqlı iddia ərizəsini ikinci baxışda məhkəməyə təqdim etmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edərkən qarşılıqlı iddia ərizəsinin işə baxılmağa başlanana kimi deyil, işin məhkəmə baxışı zamanı, həmçinin iş üzrə bir neçə məhkəmə iclası keçirildikdən sonra verilməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Musayev X2 Sevil Hüseyn qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. İşdən görünür ki, məhkəmə hazırlıq iclası 08.09.2020-ci il tarixdə, məhkəmə baxışı 05.10.2020-ci il tarixdə keçirilmiş, Cavabdeh qızı hər iki məhkəmə iclasında iştirak etməsinə baxmayaraq qarşılıqlı iddia ərizəsi məhkəməyə 22.12.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi işə baxılmağa başlanana kimi deyil, iş üzrə bir neçə məhkəmə iclası keçirildikdən sonra verilmişdir. Azərbaycan Respublikası MPM-nin 155.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İşdən görünür ki, İddiaçı iddia tələbini Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olması ilə əsaslandırmışdır. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsaslar işin məhkəmə baxışı zamanı meydana gəlməmişdir və əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh qızının qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmək imkanı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh qızının şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-421/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar