Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3180/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh4 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(060)-119/2016 saylı qərardadından İddiaçı1 məhdud məsuliyyətli cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(060)-119/2016 saylı qərardadı ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı1 məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmış, İddiaçı1 məhdud məsuliyyətli cəmiyyəti qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Əhmədov) İddiaçı1 məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmişdir. Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(105)-1558/2017 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli, 2(102)-4595/2017 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1558/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(060)-119/2016 saylı qərardadı ilə İddiaçı1 məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(027)- 119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı1 məhdud məsuliyyətli cəmiyyəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad ilə razı deyildir. Beş ildən sonra müddətin bərpa edilməsi düzgün deyildir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh4 məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 məhdud məsuliyyətli cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı1 məhdud məsuliyyətli cəmiyyəti, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəni təmin edərkən cavabdehin məhkəməyə çatımlılıq hüququnun təmin edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarında olan 13 yanvar 2017-ci il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh4 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qətnaməsini özü və həmçinin anası Cavabdeh1, bacısı Cavabdeh2 və qardaşı Cavabdeh3 təqdim etmək üçün almışdır (İş/v-140). Azərbaycan Respublikası MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 2(027)- 119/2016 saylı qətnaməsinin surəti Cavabdeh3 rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. İşdən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(105)-1558/2017 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarixli, 2(102)-4595/2017 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017ci il tarixli, 2(105)-1558/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(105)-1558/2017 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsinin əsaslarından biri də cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsi və müddətin bərpasına dair ərizə verilməməsi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. İş materiallarından görünür ki, Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizəsi 21 aprel 2021-ci il tarixdə, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(105)-1558/2017 saylı qərardadı qəbul edildikdən 4 ildən artıq müddət keçdikdən sonra Quba Rayon Məhkəməsinə daxil olmuş, bununla da qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)- 119/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxmasını ərizəsində əsaslandırmamış, bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən buraxmışdır və müddətin bərpa olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilərək cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397- 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 məhdud məsuliyyətli cəmiyyətinin şikayəti təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(060)-119/2016 saylı qərardadı ləğv edilsin. Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08 dekabr 2016-ci il tarixli, 2(027)- 119/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3180/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3180/2021
16.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver