Məhkəmə qərarları › İş №2(105)-3181/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3181/2021

12.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3181/2021 12.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə və cavabdehlərin evdən çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-1179/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-1179/2021 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı uşaqları 16.11.2012-ci il təvəllüdlü X8 və 18.08.2014-cü il təvəllüdlü X7 ilə birgə Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evinə köçürülməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim A.Süleymanova) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqları 16.11.2012-ci il təvəllüdlü X6 və 18.08.2014-cü il təvəllüdlü X5 Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus 216 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.01.2010-cu ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 16.11.2012ci il təvəllüdlü X8 və 18.08.2014-cü il təvəllüdlü X7 olmuşdur. Həyat yoldaşı 03.08.2020-ci il tarixdə vəfat etmişdir. O, ailə həyatı qurduqdan sonra Cavabdeh2 anasına məxsus olan evə gəlin gəlmişdir. Həmin evdə cavabdehlərlə birlikdə 2 il müddətində yaşamışdır. Sonradan cavabdehlər həmin evi satdıqları üçün onu və yoldaşını evdən çıxartmışlar. Onlar məcbur qalıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yataqxanadan bir otaqlı ev almışlar. Həmin yataqxanada bir il yaşadıqdan sonra cavabdehlər ona və həyat yoldaşına təklif etmişlər ki, yataqxananı satıb onların yanına gəlsinlər və birlikdə yaşasınlar. Yataqxananı 14000 manata satıb pulunu Cavabdeh2 vermişlər. Cavabdehlər həmin vaxt 216 saylı evdə yaşamışlar. Həmin vaxt 216 saylı ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. O, yoldaşı ilə birlikdə həmin evi birgə vəsaitləri hesabına alıb, təmir etmişlər. Ev 3 otaqdan ibarətdir. Cavabdehlər onlardan 14.000 manat pul aldıqdan sonra 214 saylı evi təmir edib ora köçmüşlər. 2014-cü ildən daimi olaraq o, həmin evdə ailəsiylə birlikdə yaşamışdır. Bütün cehiz əmlakları da hal-hazırda həmin evdədir. Həyat yoldaşının vəfatından sonra cavabdehlər onu və uşaqlarını evdən qovmuşlar. O, məcbur qalıb valideynlərinin yanında yaşayır. Mübahisəli ev ona və yoldaşına məxsus olub. Onlar pullarını verib həmin evi almışlar və təmir etmişlər. Cavabdehlər həyat yoldaşının vəfat etməsindən istifadə edərək, onu uşaqları ilə birlikdə evdən qovub. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, sözügedən yaşayış evi onların ailəsinin vəsaiti ilə özləri tərəfindən inşa edilmiş, cavabdeh də mərhum həyat yoldaşı ilə birlikdə yaşamağa yerləri olmadığından bir müddət həmin yaşayış sahəsində yaşamışlar. Məhkəmə tərkibinin nəzərinə onu da çatdırmaq istəyirlər ki, sözügedən tikilinin inşasına və təmirinə guya iddiaçının hər hansı vəsait xərcləməsi barədə yazılanlar tamamilə yalandır və məhkəmə araşdırmaları zamanı hər hansı şəkildə sübuta yetirilməmişdir. Bu tikili öz ailələri yaşaması üçün inşa edilmiş və özlərinə məxsus olmuşdur ki, bu tikilinin nə inşasına,nə də təmirinə iddiaçının və onun mərhum həyat yoldaşının bir manat da olsa vəsaiti xərclənməmişdir. Ümumiyyətlə, mübahisələndirilən tikilinin yerləşdiyi Sumqayıt şəhərinin “Xəzri” adlandırılan ərazisində yerləşən torpaqların məqsədli təyinatı yaşayış təyinatlı deyil, sənaye təyinatlı olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan tikililərin inşası üçün nəzərdə tutulmuşdur. Həmin ərazidə ayrı-ayrı vətəndaşlar tərəfindən özbaşına olaraq tikililər inşa edilmiş və həmin tikililərdən fərdi yaşayış evləri kimi istifadə edilir. Lakin bu hal istənilən halda sözügedən tikililərin hüquqi statusunu dəyişdirə və bu tikililərin yaşayış sahəsi sayılmasına əsas ola bilməz. Belə ki, müvafiq qanunvericilik aktlarında yaşayış sahəsinin dəqiq anlayışı verilərək bu məsələyə hərtərəfli aydınlıq gətirilmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili X2 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 əlavə etdi ki, iddiçını evdən heç kəs qovmayıb, özü gedib. Oğlunu ölümə onlar təhrik edib, özünü asıb. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətə etiraz etdi və bildirdi ki, hazırda yaşamağa heç bir yeri yoxdur. Evin təmirinə vəsait sərf ediblər, evə görə cavabdehlər pul ödəyib. Evin sahibi mərhum əri və o, olub. Cavabdehlər 214 saylı evdə yaşamışlar və orada da yaşayırlar. 216 saylı ev onların olub. Həmni evdə əri ölənə qədər onlar yaşayıblar. Buna görə də şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, səbəblərini bildirmədən məhkəmə iclasına təkrar olaraq gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı MKS tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli, 1457 saylı arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evində 2014-cü ildən qeydiyyatsız yaşayır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı MKS tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, 1516 saylı arayışdan görünür ki, cavabdehlər Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 214 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Yenə də işdə olan AZ-İİ seriyalı, 050474 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Bayramova Arzu Rasim qızı arasında 05 yanvar 2010-cu il tarixdə nikah bağlanmış, qadına Məmmədova soyadı verilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı, 115027 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 03 avqust 2020-ci il tarixdə ölmüşdür. Yenə işə əlavə edilmiş şəxsiyyət vəsiqələrin surətindən görünür ki, X9 ilə İddiaçı birgə nikahından Aynur və Nuray adlı iki uşaqları vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6cı maddəsinə əsasən apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 05.01.2010-cu ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 16.11.2012-ci il təvəllüdlü X8 və 18.08.2014-cü il təvəllüdlü X7 olmuşdur. Həyat yoldaşı 03.08.2020-ci il tarixdə vəfat etmişdir. O, ailə həyatı qurduqdan sonra Cavabdeh2 məxsus olan evə gəlin gəlmişdir. Həmin evdə cavabdehlərlə birlikdə 2 il müddətində yaşamışdır. Sonradan cavabdehlər həmin evi satdıqları üçün onu və yoldaşını evdən çıxartmışlar. Onlar məcbur qalıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yataqxanadan bir otaqlı ev almışlar. Həmin yataqxanada bir il yaşadıqdan sonra cavabdehlərin təklifi ilə yataqxananı satıb cavabdehlərin yanına köçmüşlər. Cavabdehlər həmin vaxt yarasız vəziyyətdə olan 216 saylı evdə yaşamışlar. Onlar gələndən sonra cavabdehlər 214 saylı evi təmir edib ora köçmüşlər. İddiaçıgil 2014-cü ildən daimi olaraq 216 saylı evdə yaşamışdır. Bütün cehiz əmlakları da hal-hazırda həmin evdədir. İddiaçının iddiasına görə ərinin vəfatından sonra cavabdehlər onu və uşaqlarını evdən çıxarmışlar. Mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əmlak hesab edilmir. Mübahisəli evin nə vaxt inşa edilməsi barədə işdə hər hansı sübut yoxdur. Beləliklə, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı Arzu X3 ilə birgə nikah dövründə, 2014-cü ildən Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evində yaşamışlar. İddiaçının əri vəfat etdikdən sonra sonuncunun qohumları olan cavabdehlərlə aralarındakı münasibətlərin pozulması nəticəsində İddiaçı və azyaşlı övladları həmin evdə yaşamırlar. İddiaçı evdə yaşamamasının səbəbi kimi cavabdehlər tərəfindən qovulduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli üzrə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə hesab etmişdir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə hesab etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə yaşadığından və birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun azyaşlı övladları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə razılaşır hesab edir ki, mübahisəli evin nə vaxt inşa olunması məlum deyildir, iddiaçı da yeddi ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddia üzrə cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, hazırki halda, “Xəzri” yaşayış massivində, Qızılağac küçəsində yerləşən 216 saylı mübahisəli fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd olmaması səbəbindən tikilinin guya cavabdehlərə məxsus olmasından, yəni hüquqdan sui-istifadə etməsi iddiaçı Məmədova Arzu Rasim qızının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıya məxsus məişət əşya və avadanlıqları mübahisəli evdədir. Bir həyətdə iki evin olması, evin birinin məhz onlara məxsus olması barədə iddiaçının dəlillərini daha inandırıcı və ağalabatn edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından köçürülmə barədə iddia təmin edilməlidir və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı olması, evin tikintisinə iddiaçının və ərinin aidiyyatı olmaması, onların yaşayış yeri olmadığı üçün müvəqqəti yaşamalarına icazə vermələri, evi özləri üçün tikdikləri, evdə hazırda özlərinin yaşamaları və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə cavabdehlərin apelyasiya şikayətinin dəlilləri əsassızdır və köçürülmə barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı evə köçürülmə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdehlər isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-1179/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)- 1179/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar