Məhkəmə qərarları › İş №2(105)-32/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-32/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-32/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsindən "xxxx" açıq səhmdar cəmiyyətinin çıxarılaraq, həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməklə, onun sahibliyinə qaytarılması və 17 iyun 2010-cu il tarixdən 12 iyun 2019-cu il tarixə kimi əldən çıxmış fayda - 9000 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixli, JN-0087 saylı, 30507018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə anası X1 torpaq mülkiyyətçisi kimi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün Siyəzən rayonu, Zarat kəndi ərazisində 0,54 ha torpaq sahəsi almışdır. xx.xx.2018-ci il tarixdə Şabran rayon notariat kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anası özünə məxsus 0,27 ha torpaq sahəsini onun mülkiyyətinə vermişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyətində olan torpaq sahəsinin 0,387 hektarında onlara heç bir məlumat verilmədən, rəsmi xəbərdarlıq olunmadan qanunsuz olaraq Bakı-Quba magistral avtomobil yolunun 80 km-də sağ tərəfdə 6 saylı Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqlar salınmışdır. Bundan sonra, dəfələrlə aidiyyəti qurumlara şifahi və yazılı xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" açıq səhmdar cəmiyyətindən ona gələn cavab məktubunda qeyd olunur ki, sözügedən ərazidə 362 ədəd müxtəlif cinsli 2-4 metr boyunda ağac və kol bitkiləri becərilir, yaşıllıqların Prezident fərmanları və Dövlət Proqramları əsasında salındığı üçün köçürmələrinin qeyri-mümkün olduğunu nəzərə alıb, yaşıllıq salınmış ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Cavabdeh2nə və Zarat Bələdiyyəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Zarat Bələdiyyəsi isə ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmadığını bildirmişdir. Cavabdeh2ndən isə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, ona məxsus olan torpaq cavabdeh tərəfindən zəbt edilərək hüquqları pozulmuşdur. Bundan əlavə, oğlu 2000-ci il təvəllüdlü Nurlan Fətəliyev anadangəlmə lal-kardır. Oğlunun müalicə və müayinələrinə külli miqdarda vəsait xərclənir. Belə bir vəziyyətdə onları halal ruzidən məhrum etmək ən azı ədalətsizlikdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Bəylər Ələkbərov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin halları, toplanmış sübutlar, habelə ekspert və mütəxəssis rəyləri ilə müəyyən edildi ki, cavabdehin iddiaçıya aid torpaq sahəsindən qanunsuz istifadə etməklə, sonuncuya zərər vurmasının heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Belə ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar təyin edilmiş kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasına dair qərardada əsasən tərtib edilmiş müvafiq rəydən də göründüyü kimi iddiaçıya aid torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə və ya zəbt edilməsi halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsinin ləğvedilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahişetmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Bu özünü onda göstərmişdir ki, məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Prosessual hüquq normalarının pozulması özünü onda göstərir ki, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Belə ki, qətnamədə qeyd olunur ki, ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİ mütəxəssis rəyindən görünür ki, 30 iyul 2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 0,5414 ha torpaq sahəsi cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" açıq səhmdər cəmiyyəti tərəfindən zəbt olunub-olunmaması Xaçmaz LTİ-nin səlahiyyətlərinə aid deyildir, **********26 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş olan 0,5414 ha torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq vardır, bu səbəbdən cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin nə qədər hissəsində ağac və kol bitkilərinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. Onun mülkiyyətində olan 0,5414 ha torpaq sahəsində yonca bitkisi becərilsəydi, il ərzində əldə edilmiş məhsuldarlığın hazırki qiymətinin nə qədər məbləğ təşkil etməsini müəyyən etmək Xaçmaz LTİ-nin səlahiyyətinə aid deyildir. Ekspertizanın rəyi ilə razı deyildir. Ekspertlərin qarşısında qoyulmuş 3 sualın cavablandırılması və aidiyyəti qurumlardan ekspertiza rəyinin alınması tamamilə məhkəmənin səlahiyyətinə aiddir. Ekspertizanın qarşısına qoyulmuş sualların cavablandırılmaması məhkəmənin onun xeyrinə olmayan qətnamənin çıxarılmasına əsas vermir. Belə ki, onun məhkəmə qarşısında qoyduğu sualların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılması mümkün olmamışdırsa, məhkəmə Ədliyyə Nazirliyinin tabeçiliyində olan müvafiq ekspertiza qurumları və ya digər aidiyyəti qurumlar tərəfindən həmin sualların cavablandırılmasını təmin etməli idi. Onun təqdim etdiyi sübutlar mülkiyyətində olan torpaq sahəsinin əlindən alındığını göstərir. Onun mülkiyyətində olan torpaq sahəsinin 0,387 hektarında onlara heç bir məlumat verilmədən, rəsmi xəbərdarlıq olunmadan qanunsuz olaraq Bakı-Quba magistral avtomobil yolunun 80 km-də sağ tərəfdə 6 saylı Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqlar salınmışdır. Bundan sonra, dəfələrlə aidiyyəti qurumlara şifahi və yazılı xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" açıq səhmdar cəmiyyətindən ona gələn cavab məktubunda qeyd olunur ki, sözügedən ərazidə 362 ədəd müxtəlif cinsli 2-4 metr boyunda ağac və kol bitkiləri becərilir, yaşıllıqların Prezident fərmanları və Dövlət Proqramları əsasında salındığı üçün köçürmələrinin qeyri-mümkün olduğunu nəzərə alıb, yaşıllıq salınmış ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Cavabdeh2nə və Zarat Bələdiyyəsinə müraciət etməyi tövsiyyə olunur. Buradan da göründüyü kimi, aidiyyəti qurum həmin yerin ona məxsus olduğunu özü təsdiq etmiş, lakin həmin ərazidə olan yaşıllıqların Prezident fərmanları və Dövlət Proqramları əsasında salındığı üçün köçürmələrinin qeyri-mümkün olduğunu nəzərə alıb, digər alternativ torpaq sahələrinin alınmasını tövsiyyə etmişlər. Əgər həmin fakt dəqiqləşdirilməsəydi, cavab məktubunda ona həmin yerin kimə məxsusluğu ilə bağlı heç bir məlumat olmadığı bildirilərdi. Zarat Bələdiyyəsi ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmadığını bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, övladlarından biri 44 günlük Vətən Müharibəsinin qazisidir. 4 baş heyvanı var, onlara ot almaq üçün 1000 manat pul ayırmalıdır, bu həcmdə imkanı yoxdur. Mübahisəli ərazi ona dövlət tərəfindən ayrılıb, onun otundan istifadə edib heyvanlarını saxlaya bilər. Hamı torpağını əkib becərir, o, isə edə bilmir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, xx.xx.2021-ci ildən iddiaçının iddia etdiyi ərazi Cavabdeh2 balansına verilib və hazırda iddiaya cavab verməli olan tərəf təmsil etdiyi təşkilat deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Cavabdeh2 və Siyəzənr rayon Zarat Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Maddə 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 20 dekabr 2018-ci il tarixli, 24/01-03-451 nömrəli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış, habelə yaşıllıqların Prezident fərmanları və dövlət proqramları əsasında salındığını, onların əhəmiyyətini, daşıdıqları funksiyaları, köçürülmələrinin qeyri-mümkün olduğunu nəzərə alaraq, iddiaçıya iddia etdiyi yaşıllıq salınmış ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Cavabdeh2nə və Siyəzən rayon Zarat Bələdiyyəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Cavabdeh2 18 mart 2019-cu il tarixli, 298/3-F-1148 nömrəli və Siyəzən rayon Zarat Bələdiyyəsinin 07 mart 2019-cu il tarixli, 71 nömrəli məktublarının surətindən görünür ki, müvafiq olaraq İddiaçı məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, həmçinin bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığı və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 30 iyul 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,5414 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilməklə mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli, C-17 saylı mütəxəssis rəyindən, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 31175 saylı ekspert rəyindən görünür ki, 30 iyul 2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 0,5414 ha torpaq sahəsinin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC tərəfindən zəbt olunub-olunmaması müəyyənləşdirilməmiş, habelə, İddiaçı **********26 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş 0,5414 ha torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin nə qədər hissəsində cavabdeh tərəfindən ağac və kol bitkilərinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli, 31175 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 (yetmiş üç manat 20 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 30 (otuz) manat təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçıya aid torpaq sahəsindən qanunsuz istifadə etməklə, sonuncuya zərər vurmasının heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Belə ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar təyin edilmiş kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasına dair qərardada əsasən tərtib edilmiş müvafiq rəydən də göründüyü kimi iddiaçıya aid torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə və ya zəbt edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair nəticəsini əsaslı hesab etsə də, qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, yəni hazırki iş üzrə cavabdehin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaya cavab verməli şəxs olmamasını, cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etmədən iddiaya hüuqi qiymət vermişdir. Bu səbbədən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edldiyindən ləğv edilməli, tələbə yenidən qiymət verilməli, iddia tələbi cavabdehin iddiaya cavab verməli şəxs olmaması əsası ilə rədd edilməlidir. Məhkəmə kollegiyasının 23 sentyabr 2023-cü il tarixli, 2(105)-375/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/1535 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şübəsinin mühəndisi Kamran Allahverdiyevin mütəxəssis rəyində qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0.5414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 30 iyul 2019-cu il tarixində tərtib edilmiş A seriyalı, 310500 saylı topaq sahəsinin plan və ölçüsündə göstərilən ölçülər daxilində naturada koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şübəsinin mühəndisi Kamran Allahverdiyevin mütəxəssis rəyində qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus (hüquqları dövlət reyestrində qeydiyyata alınmış **********26) olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0.5414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 30 iyul 2019-cu il tarixində tərtib edilmiş A seriyalı, 310500 saylı topaq sahəsinin plan və ölçüsündə göstərilən ölçülər daxilində 1666 kv.m ağaclar əkilmiş, 835 kv.m hissəsi isə seyrək kol bitkilərindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli fərmanının icrası ilə hazırlanmış X3 İnformasiya Sistemi”nə əsasən 1649 kv.m hissəsində ağaclar əkilmiş, 870 kv.m hissəsi seyrək kol bitkilərindən ibarətdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 684S nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan yaşıllıqlar onlara aid əmlakla birlikdə bu Sərəncamın əlavəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən Hacıqabul, Qobustan və Siyəzən rayon İra Hkaimiyyətlərinin balansına verilmişdir. Bununla da görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri –yaşıllıqlar xx.xx.2021-ci il tarixli sərəncamla Cavabdeh2 balansına verilmişdir. Belə olan halda da hazırki iddiaya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti deyil, Cavabdeh2 cavab verməli şəxsdir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsaəsn iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən qeyd edilən hal məlum olsa da, iddiaçı cavabdehi əsl cavabdehlə əvəz edilməsi barədə müraciət etməmiş, birinci instansiya məhkəməsi də bu hala münasibət bildirməmişdir. Belə olan halda hazırki iddia tələbinə cavab verməli şəxs . Cavabdeh2 olduğu üçün iddiaçı hazırki iddianı həmin təşkilata qarşı qaşdırmalı olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddia cavabdehin iddiaya cavab verməli şəxs olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçririlmiş ekspertizanın xərci də ondan tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(059)-19/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (100+50) (yüz əlli ) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 (yetmiş üç manat 20 qəpik) manat məbləğində pul İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar