Məhkəmə qərarları › İş №2(105)-3203/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3203/2021

30.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3203/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-115/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-115/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə kompensasiyanın ödənilməsinə dair ilk iddiası qismən təmin edilmiş, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin İddiaçı 28.08.2020-ci il tarixdən sahə rəisi vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə 28.08.2020-ci il tarixli, 68 saylı əmri ləğv edilmiş, ilk iddia üzrə İddiaçı məcburi iş buraxmaya görə X5 28.08.2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək olan əmək haqqının hesablanaraq ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin İddiaçı qarşı xidməti vəsiqənin məcburi geri qaytarılmasına dair qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən onun adına verilmiş, 02.03.2020ci il tarixli, 008 saylı xidməti vəsiqənin qarşılıqlı iddia üzrə iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə geri qaytarılması qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktorunun 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrinin ləğv olunması, onun “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə əvvəlki işinə bərpa olunması və məcburi proqul ücün əmək haqlarının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 02.03.2020-ci il tarixli əmək müqaviləsinə əsasən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi bir il müddətinə bağlanmışdır. Bu barədə ona 008 saylı vəsiqə də verilmişdir. Lakin müqavilə müddəti başa çatmadığı halda, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktorunun 28 avqust 2020-ci il tarixli, 68 saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunma barədə əmrin əsası kimi müqavilə müddətinin başa çatması göstərilmişdir. Bunun əsassız və qanunsuz bir əmr hesab edilməsi üçün əlavə sübutlara ehtiyac yoxdur. Belə ki, əmək müqaviləsinin özü və ona verilmiş vəsiqə, əmək haqqı kartı tamamilə onunla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında olan əmək müqaviləsinin 02.03.2021-ci il tarixdə başa çatacağını təsdiq edir. Bu isə onun həmin əsasla işdən azad olunmasının tamamilə qanunsuz olduğu deməkdir. O, əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxmaya görə ona kompensasiya ödənilməlidir. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən onun adına verilmiş, 02.03.2020-ci il tarixli 008 saylı Xidməti vəsiqənin Azərbaycan Avtomobil Yolları X4 şəhərində yerləşən "xxxx" MMC-yə məcburi qaydada geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, işə qəbul olunandan sonra İddiaçı etibarlılıq müddəti 02.03.2021-ci il tarixi göstərilmiş 008 saylı vəsiqə verilmişdir. Lakin bu o demək deyildir ki, bu vəsiqə İddiaçıla əmək münasibətlərinin həmin dövrə qədər olmasını təsdiq edir. Belə ki, İddiaçıla əmək müqaviləsi 02.03.2020-ci il tarixdə bütün işçilərdə olduğu kimi 6 ay müddətinə bağlanmalı idi. Lakin texniki səhv ucbatından bu müddət 1 il yazıldığından, bu aşkar edilən kimi 21.07.2020-ci ildə əmək müqaviləsinə dəyişiklik edilmiş və bu dəyişiklik əmək müqaviləsinin bildirişində də öz əksini tapmışdır, yəni İddiaçı 02.03.2020-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında MMC-də 28.08.2020-ci il tarixə kimi işləmişdir. İddiaçı 28.08.2020-cu il tarixli, 68 saylı əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması və Əmək Məcəlləsinin 94-cü maddəsinin natamam iş vaxtı müəyyən edilməklə sahə rəisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı ona verilmiş etibarlılığı 02.03.2021-ci il tarixi göstərilmiş 008 saylı vəsiqəni hazırki vaxta kimi geri qaytarmır. İddiaçı iddia ərizəsində həmin vəsiqəyə istinad etməklə, hətta onun surətini iddia ərizəsinə əlavə etməklə etiraf etmişdir. İddiaçının iş vəsiqəsi cəmiyyət tərəfindən etibarsız sayılmış və vəsiqədən sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə iddiaçıya həmin vəsiqəni geri qaytarması barədə 10.09.2020-ci il tarixdə rəsmi məktubla vəsiqəni 3 gün müddətində cəmiyyətin kadrlar üzrə mütəxəssisinə geri qaytarması tələb olunmuşdur. Lakin iddiaçı bundan imtina etmişdir. İddiaçıla əmək münasibətləri olmadığı üçün sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə iddiaçıya verilmiş 008 saylı vəsiqə geri qaytarmalıdır. Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-115/2021 saylı qərardadı ilə qətnamədə buraxılmış yanlışlıq düzəldilərək Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-115/2021 saylı qətnaməsinin qət etdi hissəsinin 3-cü abzasında “İlkin iddia üzrə İddiaçı məcburi iş buraxmaya görə X5 28.08.2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək olan əmək haqqının hesablanaraq ödənilsin”sözlərinin “İlkin iddia üzrə İddiaçı məcburi iş buraxmaya görə 28.08.2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək olan əmək haqqının hesablanaraq ödənilsin” kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə əsasən o, MMC-də emal sənayesi üzrə sahə rəisi vəzifəsinə aylıq əmək haqqı 586 manat ilə 02 mart 2020-ci il tarixdən, 02 mart 2021-ci il tarixədək müqavilə imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2020-ci il tarixli, 4/949 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə onun adlarından olan 02.03.2020-ci il tarixli, 8 saylı əmək müqaviləsinin sonuncu vərəqəsində aşağıdakı solda “İmza” qrafasındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə onun işə bərpa edilməsi tələbini təmin etməyərkən səhvən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmənin bu istinadı əsassızdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında artıq əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasındakı əmək müqaviləsinin müddəti 1 il müəyyən edilmiş, sonradan cavabdeh sənədləri saxtalaşdıraraq əmək müqaviləsinə vaxtından əvvəl xitam vermişdir. Müqavilə ilə bir il müəyyən olunduğu halda, sonradan həmin müqavilənin saxtalaşdırılması nəticəsində onun əmək hüquqları pozulmuşdur. Məhkəmə işə bərpa ilə bağlı tələbi qiymətləndirərkən nəzərə almamışdır ki, onun işdən azad olunmasının qanunsuzluğu tanınırsa, artıq tərəflər arasında qanunsuzluğun tanındığı müddətdən müqavilə üzrə müəyyən edilmiş bir illik müddət bitənədək əmək müqaviləsi avtomatik qüvvəyə minməli və bir il müddət tamam olanadək o, işə bərpa olunmalıdır. Tərəflər arasındakı müqaviləyə xitam verilməsinin qanunsuzluğu tanınırsa, artıq bu mövcud əmək müqaviləsinin məhkəmə qətnaməsi qüvvəyə minəndən sonra qüvvəyə minməsi anlamına gəlir ki, bu da həmin müqavilənin kəsildiyi təqvim vaxtından sonra 1 il tamam olanadək, yəni hazırki işə münasibətdə onun işlədiyi 7 ay 26 gün nəzərə alınmalı, yerdə qalan 5 ay 5 gün işə bərpa edilməli idi. Həmçinin məhkəmənin əmək müqaviləsi üzrə müəyyən edilən vaxtın, yəni 02.03.2021-ci il tarixin qətnamə çıxarılan gün keçmişdə qalmasına istinad etməsi də qanunsuz və əsassızdır. Məhkəmə həmçinin ona istinad edir ki, o, eyni zamanda Sabirabad rayon Nizami kənd tam orta məktəbində 12 saat əsas, 6 saat əlavə olmaqla 18 saat tam ştatla müəllim işləyir. Məhkəmənin bu istinadı da əsassızdır. Belə ki, onun cavabdeh hüquqi şəxsdə işləməsi, eyni zamanda məktəbdə müəllim işləməsi ilə bağlı işlərini çatdırmaması, nöqsanlara yol verməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Bununla bağlı ona heç bir irad bildirilməmişdir. Həmçinin mübahisə edilmir ki, orta həftəlik iş qrafiki 40 saatlıq iş rejimindən ibarətdir, ona məktəbdə həftədə 18 saat, cavabdeh təşkilatdakı işinə 22 saat ayrılması ilə bağlı heç bir problem yoxdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, X3 adının İddiaçı adı ilə əvəz edilməsi, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin olunmayan hissədə və qarşılıqlı iddianın təmin edilmiş hissədə ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməli, ilk iddia həmin hissələrdə təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iş üzrə məhkəmə qətnaməsini qismən, ilk iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı aylıq əmək haqqı 586 manat olmaqla sahə rəisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 02 mart 2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan 8 saylı, 02 mart 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 02 mart 2020-ci il tarixdən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə sahə rəisi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsinin müddəti 28 avqust 2020-ci il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 02 mart 2020-ci il tarixl əmək müqaviləsinə əsasən İddiaçı aylıq əmək haqqı 293 manat olmaqla sahə rəisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 02 mart 2020-ci il tarixdən 28.08.2020-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edilən Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21.07.2020-ci il tarixdə elektron sistemə daxil edilmişdir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrin surətindən görünür ki, İddiaçı 28.08.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması), Əmək Məcəlləsinin 94-cü maddəsinin natamam iş vaxtı müəyyən edilməklə, sahə rəisi vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 11 dekabr 2020-ci il tarixli, 4/949 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Azərbaycan Avtomobil Yolları X4 şəhərində yerləşən 19 №-li Xüsusi Təyinatlı yol istismarı” MMC ilə İddiaçı adlarından olan 02.03.2020-ci il tarixli, 8 saylı əmək müqaviləsinin sonuncu vərəqəsində aşağıdakı solda “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Sabirabad rayon Təhsil şöbəsinin 05 may 2021-ci il tarixli, 132 saylı məktubundan görünür ki, Sabirabad rayon Nizami kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı tam ştat vahidi ilə 18 saat (12 saat əsas 6 saat həvalə) dərs tədris edir, İddiaçı 15.09.2010-cu il tarixindən Sabirabad rayon Nizami kənd tam orta məktəbində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Naziriyi 12 saylı Ərazi Hesablaşma Mərkəzinin Sabirabad rayon Təhsil şöbəsinə ünvanlanmış 05 may 2021-ci il tarixli, 92 saylı məktubundan görünür ki, İddiaçı 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatəsində olan Sabirabad rayonu, Nizami kənd tam orta məktəbində dilədəbiyyat müəllimi işləyir və hesablanan aylıq əmək haqqı 560 manat təşkil edir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 10 sentyabr 2020-ci il tarixli, 76 saylı məktubdan görünür ki, cəmiyyətlə arasında bağlanmış əmək müqaviləsinə əsasən iş vəsiqəsi verilmiş, 28.08.2020-ci il tarixində MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xitam əmrinin surəti ona şəxsən təqdim edilmiş, əmək haqqı isə son əmək haqqı cədvəlinə əsasən təyin edilmiş və əmək haqqı kartına köçürülmüşdür. Bu səbəbdən iş vəsiqəsi etibarsız sayılmış və həmin vəsiqənin geri qaytarılması zərurəti yaranmışdır, buna görə də məktubu aldıqdan sonra 3 gün müddətində vəsiqəni cəmiyyətin kadrlar üzrə mütəxəssisinə geri qaytarması tələb olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 02.03.2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin emal sənayesi üzrə sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, "xxxx" MMC üzrə 28.08.2020-ci il tarixli, 68 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə 28.08.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. İlk iddia üzrə cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti iddiaya etirazını 8 saylı əmək müqaviləsinə edilmiş dəyişikliklə iddiaçının emal sənayesi üzrə sahə rəisi vəzifəsində işlədiyi dövrün 02.03.2020-ci il tarixdən 28.08.2020-ci il tarixədək müəyyən edilməsi və əmək müqaviləsinə edilmiş bu dəyişikliyin qeydə alınması ilə əsaslandırmışdır. İş üzrə keçirilmiş ekspertizanın 11 dekabr 2020-ci il tarixli, 4/949 saylı rəyi ilə müəyyən edilmişdir ki, 02.03.2020-ci il tarixli, 8 saylı əmək müqaviləsinin sonuncu vərəqəsində aşağıdakı solda “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin istinad etdiyi əmək müqaviləsi İddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası da ekspert rəyinə istinad edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının cavabdeh təşkilatda emal sənayesi üzrə sahə rəisi vəzifəsində işləməli olduğu dövrün 02.03.2020-ci il tarixdən 02.03.2021-ci il tarixədək olmasını işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinə müddətinin qurtarması ilə xitam verilə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın işə bərpa hissəsini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər əmək münasibətinin 02.03.2021-ci il tarixədək olacaqlarını razılaşdırdıqlarından və həmin müddət bitdiyindən, iddiaçının cavabdeh təşkilatda əvvəlki işinə bərpa olunması cavabdehi arzulamadığı müqaviləni bağlamağa məcbur etmə xarakteri daşıyır və ilk iddiaçının Sabirabad rayonu Nizami kənd orta məktəbində əsas iş yeri vardır, ilk iddiaçı oradakı işəgötürənin onun bərpa olunacağı vəzifəsini icra edə bilməsi üçün əmək müqaviləsinə xitam verməsi və ya zəruri şərait yaratması barədə sübutu da təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. İşdən görünür ki, hazırki mübahisə üzrə əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə xitam verilmişdir və həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 28 avqust 2020-ci il tarixli, 68 saylı əmri ləğv etdiyi halda, ilk iddia üzrə iddiaçını işə bərpa etməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı əvvəlki vəzifəsinə bərpa edildiyindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xidməti vəsiqənin məcburi geri qaytarılmasına dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməli, ilk iddia həmin hissələrdə təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-115/2021 saylı qətnaməsi qismən, ilk iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin emal sənayesi üzrə sahə rəisi vəzifəsinə bərpa edilsin. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin İddiaçı qarşı xidməti vəsiqənin məcburi geri qaytarılmasına dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar