Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3210/2021 26.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, ilkin İddiaçı iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(074)-32/2021 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Hümbətov) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat ilkin iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zülfiqar oğlunun ona məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılaraq orada tikdiyi tikililərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 10 saylı qərarı ilə ailə üzvləri ilə birlikdə ona 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı ona JN-473 A kod 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Lakin hal-hazırda qeyd edilən torpaq sahəsi cavabdeh olan həmkəndlisi Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə müraciət edərək torpağından çıxmasını tələb etsə də, Cavabdeh sözlərinə məhəl qoymayaraq ona məxsus torpaq sahəsində tikili tikməyə başlamışdır. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-473 A saylı 41012018 kodlu şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə Quşçu kəndində həyətyanı sahə götürüb orada ev tikmiş, lakin maddi imkanı olmadığından torpağı və evi rəsmiləşdirə bilməmişdir. Hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. Bu yaxınlarda yoldaşının əmisi İddiaçı ilə aralarında söz-söhbət olmuşdur. Həmin vaxt İddiaçı sənəd göstərmişdir ki, guya onun evi və həyətyanı topaq sahəsi ilkin iddiaçıya məxsus torpaq sahəsində yerləşir. İlkin iddiaçının evi ilə onun evinin arası 200 metrdən çoxdur. 0.30 ha da həyətyanı torpaq sahəsi var. Necə olur ki, evi onun həyətyanı sahəsinin içərisində olur. Bu əsasdan da, bir neçə dəfə aralarında mübahisələr olmuşdur. Amma indiyə kimi İddiaçı şəhadətnaməsini görməmişdir. İndi məhkəməyə veriləndən sonra görmüşdür. Şəhadətnamə də İddiaçı 0.12 ha torpaq sahəsi var. Amma onun tikdiyi ev və tutduğu torpaq sahəsi evindən 200 metr aralıda yerləşir 0,30 ha-dan çoxdur. Bu necə ola bilər ki, onun evi və həyəti 200 metr aralıda yerləşir, amma şəhadətnaməsi torpağının üstünə düşür. Belə çıxır ki, islahat vaxtı islahatın sədri Vahid Əhmədovun, qaynatası Cəbrayılov Ağamikayılla münasibətləri pis olduğuna görə qəsdən dolaşıqlıq yaratmaq üçün onun şəhadətnaməsini tikdiyi evin və istifadə etdiyi torpağa yazdırmışdır. Bundan sonra ona torpağa dair verilmiş ilkin sənədlə maraqlanıb əmrdən çıxarış əldə etmişdir. Orada ona 1981-ci ilin iyul ayında sovxoz direktoru mərhum Həmidov Mahmudun imzası ilə 0,12 ha torpaq sahəsi kəndin başqa sahəsindən verilmişdir. Həmin sənəddən görünür ki, ona torpaq sahəsi mərhum Gülbabayev Qədirin evinin alt tərəfindən verilmişdir. Həmin ərazi isə evindən 1500 metr aralıda yerləşir. Belə çıxır ki, həmin şəhadətnamə onun torpağına düzgün olaraq çəkilməyib. Qəsdən tikdiyi evin yerləşdiyi torpaq sahəsinə çəkilib. Onun təqdim etdiyi şəhadətnamədən görünür ki, şəhadətnamə ona 2004-cü ildə verilib. Hansı ki, həmin vaxt 4 il idi ki, orada evi var idi və həyətyanı sahə də çəpərləmişdi. Belə hesab edir ki, ona verilmiş şəhadətnamədə torpağın plan və ölçülərində qeyri dəqiqlik var. Yaxşı olar ki, o şəhadətnaməni hazırda evi və həyətyanı torpaq sahəsi olan yerə alsın. Torpağı və evi qanuni olaraq rəsmiləşdirə bilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, yerində müayinə aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilkin iddia tələbinə aid hissədə təmin edilməməli, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməsinin öz təsdiqini tapması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarının mövcud olmaması, torpaq sahəsinin ilk iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinin qarşılıqlı iddiaçının hüquqlarına toxunmaması, eyni zamanda torpaq islahatının predmeti olmuş mübahisəli torpaq sahəsinə mülkiyyətçi hüquqlarının bələdiyyəyə keçməməsi, ümumiyyətlə Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarının Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.06.1997-ci il tarixli 108 saylı qərarı ilə qarşılıqlı iddia üzrə cavabdehə və onun ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin barəsində olmasının təsdiq edilməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 149.2, 152.1., 213.6., Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, ilkin iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir və ilkin iddiaçı və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05.06.1997-ci il tarixli 108 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsi isə işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2., 157.4. maddələri). Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 157.2., 213.6 və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə əsasən cavabdehin torpaq sahələrindən çıxarılması və tikilinin sökülməsi barədə iddia qaldırmaqda haqlı olmuş və aşağı instansiya məhkəməsi də ekspert rəyini nəzərə alaraq ilkin iddiaçı və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat komissiyasının 05.06.1997-ci il tarixli 108 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə cavabdehin qanuni əsasla sahiblik etməsinin təsdiq edilməməsi və bu sahənin sonuncu tərəfindən özbaşına tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının qətnaməni qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməsi ilə bağlı apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti ilkin iddia tələbinə aid hissədə təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti ilkin iddia tələbinə aid hissədə təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3210/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3210/2021
26.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver