Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-322/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə yaşayış hüququnun müəyyən olunması qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-992/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – sədrlik edən və məruzəçi T.Quliyev, L.Məmmədova və G.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-915/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İlkin İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, 194 reyestr nömrəli, 26 noyabr 1999- cu il tarixli qeydiyyat vəsiqəsi ilə ona məxsus ünvan 1, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarımın həyata keçirilməsinə maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı və qeydiyyatda olduğu ünvan 5, 2 saylı mənzil 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun həyat yoldaşı olub, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibətləri yoxdur. Bir müddət əvvəl yenidən ona məxsus olan evə gələrək evi satıb ona verməsini tələb edir. Buna etiraz etdiyinə görə onu ölümlə hədələyir, mənzilini yandıracağını bildirir. Mənzildə rahat yaşamağına imkan vermir. Bununla da mülkiyyət hüququ pozulur. Öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Son vaxtlarda onun belə hərəkətləri mütamadi xarekter alıb. Bu barədə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma aparan polis əməkdaşları cavabdehin ailə üzvü olması səbəbindən onu məhkəmə qərarı olmadan tədbir görə bilmədiklərini deyirlər. Onun belə hüquqazidd hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etməkdə qərarlıdır. Eyni zamanda bildirir ki, onsuz da formal xarekter daşıyan nikahlarının pozulması üçün də məhkəməyə müraciət etmiş, həmin iş hal-hazırda Quba Rayon Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir, öz əmlakından istədiyi kimi istifadə etmək imkanlarından məhrum olur. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və onun sözügedən 2 saylı evdə yaşayışının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı onun həyat yoldaşıdır. O, İddiaçı ilə 1983-cü ildə nikaha girməklə ər-arvad münasibətindədirlər. Birgə nikahdan övladları yoxdur. İddiaçının iddia etdiyi Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin, 2-ci mənzili anası X1 məxsus olmuşdur. Mərhum anası G.M.Süleymanova xx.xx.2000-ci ildə vəfat etmişdir. Onun valideynləri əslən İran İslam Respublikasından olmuşlar. O, özü Tehran şəhərində anadan olmuşdur. Valideynləri o, uşaq olarkən köçüb Quba şəhərinə gəlmişlər. Atası erkən ölmüşdür. Anasına 1957-ci ildə 4 uşaqla hazırda iddiaçının iddia etdiyi mənzil verilmişdir. O, İddiaçı ilə 1983-cü ildə nikaha girmiş və nikaha girdikdən sonra mərhum anası G.Süleymanovaya verilmiş həmin fərdi evdə yaşamışlar. O, sözügedən evdə qeydiyyatda daimi olaraq həmin evdə yaşamışdır. Lakin İddiaçı mərhum anasına məxsus 2 saylı mənzili öz adına qeydiyyatdan keçirərək özəlləşməsindən məlumatı olmamışdır. Yalnız hazırkı iddia ərizəsini aldıqdan sonra ona məlum olmuşdur ki, mərhum anasına məxsus evi həyat yoldaşı İddiaçı öz adına özəlləşdirərək qeydiyyat vəsiqəsi almışdır. Onu da bildirir ki, bu ilin iyun ayının 26-dək o, heç bir maneəsiz həmin mənzildə yaşamışdır. 26 iyun 2021-ci ildə, 7 iyul 2021-ci ildə, 29 iyul 2021-ci ildə, 02 avqust 2021-c ildə yaşadığı həmin mənzil yaşamaq üçün gəlsə də İddiaçı onu mənzilə buraxmamışdır. Əlacsız qalıb mənzilə buraxılmamağına görə Quba Rayon Polis İdarəsinə müraciət etmişdir. İlkin iddiaçının iddia etdiyi 2 saylı mənzil mərhum anası Gülsüm Süleymanovaya məxsus olmuş, anası öldükdən sonra da o, İddiaçı həmin evi öz adına özəlləşməsindən xəbəri olmamışdır. Hesab edir ki, Quba rayonu, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzili vərəsəlik qaydasında ona məxsus olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Quba Rayon Məhkəməsi 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianının bir hissəsini, mənzilin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun müəyyən edilməsi, baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1809/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Cavabdeh ilə 1983-cü ildə nikaha daxil olmuş, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibəti yoxdur. Cavabdeh yaşadığı və mülkiyyətində olan mənzildə qeydiyyatda olmayıb. 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. Öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Onsuz da formal xarekter daşıyan nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, həmin iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir, öz əmlakından istədiyi kimi istifadə etmək imkanlarından məhrum olur. Göründüyü kimi, Cavabdeh 1996-cı ildə Quba şəhəri Fətəlixan küçəsi, ev 69, 2 saylı mənzili tərk etmişdir, həmin tarixdən mənzildə yaşamamışdır. Mənzil 1999-ci ildə özəlləşdirilmişdir. Hesab edir ki, Quba Rayon Məhkəməsinin hazırki qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci, 157.4-cü və yuxarıda sadalanan hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qarşılıqlı iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən qarşılıqlı iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ilkin iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin tələbinin təmin edilməməsini iddiaçının cavabdehin mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirməsinə, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməməsi, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsi və sonradan həmin evə qayıdarkən, iddiaçı tərəfindən cavabdehin iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da cavabdehin evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarının pozulması sübuta yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan ilkin iddiaçının kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara almışdır. Kassasiya instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarında əks edilən hüquqi mövqeyi baxımından həmin Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin işin qeyd edilən halına tətbiqinin mümkünlüyü məsələsi araşdırılmadığına, cavabdehin hansı səbəbdən mübahisədə adı keçən mənzildə yaşadığı halda, yaşadığı ünvan üzrə deyil, başqa yaşayış məntəqəsində qeydə alınmasına aydınlıq gətirilmədiyinə, tərəflər 1983-cü ildə nikaha daxil olmalarını bildirsələr də, birinci instansiya məhkəməsi tərəflərin 1980-ci ildə nikahlarını rəsmiləşdirmələrini nəyə əsasən müəyyən etdiyini qətnamədə göstərilmədiyinə, qarşılıqlı iddianın təmin edilən hissəsində Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri ilə yanaşı mülkiyyətin müdafiəsi ilə bağlı Mülki Məcəllənin 157.2-ci maddəsinin işin hansı halına görə tətbiq edilməsini əsaslandırmadığına, qeyd edilən mənzilin iddiaçının adına qeydə alınmasının tərəflərin birgə nikah dövrünə təsadüf etməsi mübahisəsiz olsa da, həmin mənzilin ümumi birgə mülkiyyət sayılması üçün ümumi vəsait hesabına alınmasını müəyyən edilmədən mənzili ümumi birgə mülkiyyət sayılması qənaətinə gəlməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinə Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Tərəflərin xx.xx.1980-ci ildə Quba rayon VVAQ şöbəsində 65 saylı aktı qeydi ilə rəsmi nikaha daxil olmaları və bu nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə pozulması, mübahisəli mənzilin hazırda ilkin İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırda apellyasiya baxışının predmetinə aid baxılan hissədə qarşılıqlı iddia tələbi mənzilə köçürülmə barədədir. Qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mənzil Məcəlləsinin (1982) 53-cü maddəsi təşkil edir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2000-ci il tarixdən əvvəl yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti təşkil edən evlə bağlı tərəflər arasında hüquq münasibətinə, mübahisənin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılaraq hüquqi qiymət verilməlidir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Məhkəmə kollegiyası işin hərtərəfli öyrənilməsi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş və 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1032/2023 nömrəli məktubuna əsasən fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunda ünvan 3 saylı mənzil İddiaçı Mirkamil qızının adına Quba RDTİ və MHQİ-nin 26 noyabr 1999-cu il tarixli 021 nömrəli qərarı ilə qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfat Təmir İstismar İstehsalat Müəssisənin 2 № li forma arayışına əsasən Bağırova X8 şəhəri, Fətəlixan küçəsi 69 ünvanında yerləşən mənzildə 1 nəfər özü qeydiyyatda olmaqla tək yaşamışdır. Quba rayon İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş 5-61/2-2-472/2023 nömrəli 09 mart 2023-cü il tarixli məktubda isə bildirilmişdir ki, Bağırova X8 şəhəri, Fətəlixan küçəsi bina 69 ünvanında yerləşən mənzildə yaşayır, İddiaçı Mirkamil qızının adına Quba RDTİ və MHQİ-nin 26 noyabr 1999-cu il tarixli 21 saylı qərarı əsasında reyestrdə 26 noyabr 1999-cu il tarixində 194 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı həmin mənzilə 1980-ci ildə köçmüş və o, 1988-ci ildən hazırkı vaxtadək orada tək yaşayır. Həmçinin, arxiv sənədlərindən görünür ki, Cavabdeh və digər ailə üzvlərinin adına Quba şəhərində köhnə Sovet küçəsində 3 nömrəli mənzil qeydiyyatda olmuşdur. X11 şəhəri Fətəlixan küçəsi bina 69 saylı ünvanla əlaqədar hüquqi bağlılığı arxiv materiallarında aşkar edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(060)-542/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 26 iyun 1980-ci il tarixdə Quba rayon VVAQ şöbəsində 65 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdən göründüyü kimi, mübahisəli mənzilin tərəflərin birgə nikahları dövrünə təsadüf etməsi mübahisəsiz olsa da, həmin mənzil ilkin iddiaçının adına əvəzsiz olaraq qeydə alınmışdır. Həmin vaxt mənzildə yalnız İddiaçı qeydiyyatda olmaqla yaşadığından, Cavabdeh özəlləşmədə iştirak etməmişdir. Odur ki, həmin mənzil onların ümumi birgə nikahda əldə etdikləri əmlak hesab oluna bilməz. Həmçinin o da vurğulanmalıdır ki, Cavabdeh mübahisəli evdə yox, Quba şəhərində köhnə Sovet küçəsində yerləşən 3 saylı mənzildə qeydiyyatda olmuşdur. Qeyd etmək lazımdır ki, tərəflər 1980-ci ildə birgə nikaha daxil olsalar da, qarşılıqlı iddiaçı ilkin İddiaçı ilə birlikdə yaşamamış, əksinə o, ünvan 9 ünvanında qeydiyyatda olmuş və xx.xx.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyasına çıxmışdır. Hətta əvvəlki apellyasiya baxışı zamanı belə Cavabdeh izahatında 1999-cu ilin sentyabrdan Sumqayıt şəhərində texnikumda dərs demək üçün getdiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli evdə uzun illər ilkin iddiaçı ilə birlikdə yaşamaması və birgə təsərrüfat idarə etmədikləri iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh uzun müddət mübahisəli ünvanda yaşamaması, yəni başqa yaşayış məntəqəsinə köçüb getməsi heç də müvəqqəti xarakter daşıya bilməz. Çünki tərəflər 1980-ci ildən nikahda olsalar da, fərqli ünvanlarda qeydiyyatda olmuş, yəni Cavabdeh ünvan 10 qeydiyyatda olsa da, ilkin iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmuş və onlar birlikdə yaşayıb ümumi təsərrüfat idarə etməmişlər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzildə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən hər hansı bir hüququ yaranmamış və hətta bu hüququ əldə etmiş olsa belə, Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbi baxımından o, bu hüququ itirmişdir. Hazırda da tərəflər arasında nikah xitam verilmiş və mənzil ilkin iddiaçının mülkiyyətindədir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar olmadığından, Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-322/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-322/2023
09.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver