Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3229/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızının, onun vəkili və nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızının Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(012-795/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(012-795/2021 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı qının azyaşlı övladı- 04 iyul 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməsi qət edilmişdir. (hakim E.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayət verərək onun ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı-04 iyul 2012-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdehə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından 04 iyul 2012-ci ildə Yusif adlı uşaq dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra 5 il birlikdə yaşasalar da, rəsmi nikaha 07 noyabr 2016cı ildə daxil olmuşlar. Onlar ailəli olduqları zaman, yəni 29 yanvar 2014-ci ildə həyat yoldaşı Cavabdeh adına Abşeron rayonunun Qobu qəsəbəsində 0,03 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin üzərində üç otaqlı mənzil inşa etmişlər və köçərək orada yaşamağa başlamışlar. Həmin torpaq sahəsi birgə nikah dövründə alınmasa da, nikahları rəsmiləşdirilməsə də, faktiki olaraq pay haqlarını hər ay yoldaşı və anasının ona alacağı cehiz əşyaları, pulu ilə yəni, birgə qazancdan ödəmişdir. Onun azyaşlı oğlu uşaq baxçasına və birinci sinfə Qobu qəsəbəsində getmişdir. Mübahisəli evdə olan bütün əşyalar birgə nikah dövründə alınmış əşyalardır. Cavabdeh onu 2020-ci ilin fevral aylarından mənzildən qovmuşdur, bu səbəbdən də məcbur olub atasının evində yaşayır. Onların arasında olan nikah 30.11.2020-ci il tarixdə pozulmuşdur. Himayəsində azyaşlı uşağın olmasına baxmayaraq, həyat yoldaşı onun yaşadıqları həmin mənzilə qayıtmasını istəmir, övladını həmin evdə böyütməsinə imkan vermir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmiş, səhv maddi hüquq normalarına istinad etmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. O, İddiaçı ilə 2011-ci ildə faktiki nikaha daxil olmuşdur. Həmin nikahdan 04 iyul 2012-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Rəsmi nikaha 07 noyabr 2016-cı il tarixdə daxil olmuşlar və aralarındakı nikah 30.11.2020-ci il tarixdə pozulmuşdur. O, 29 yanvar 2014cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində şəxsi mülkiyyət əsasında 0,03 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin üzərində 3 otaqlı fərdi yaşayış evi olmuşdur. 2020-ci ilin fevral ayında İddiaçı yaşadığı ünvandan könüllü olaraq çıxıb getmişdir. 2020-ci ilin iyun ayında isə özünə məxsus əmlakları polis sahə rəisinin iştirakı ilə götürüb aparmışdır. 05 aprel 2021-ci il tarixdə Cavabdeh mülkiyyət hüquqi əsasında ona məxsus olan torpaq sahəsini X1. Hal-hazırda mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi X4 istifadəsindədir. İşin mübahisəsiz halıdır ki, mübahisə edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2014-cu ildən mülkiyyət hüquqi əsasında ona məxsus olmuşdur, onun üzərindəki evə də mülkiyyətə dair qanuni gözlənti hüququ ona məxsus olmuşdur. Hal-hazırda isə həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Fərəcov Rövşənə satılmışdır, torpağa dair Fərəcov Rövşən reyestrdən çıxarış almışdır, üzərindəki 3 otaqlı evin özəlləşdirilməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilmişdir. Məhkəmə isə qətnamədə əsaslanır ki, İddiaçı və onun uşağının həmin evə mülkiyyətə gözlənti hüququ var. İddiaçı torpaq sahəsi əldə edilərkən faktiki nikah münasibətində olduğuna görə onun torpağa heç bir hüquqi yaranmamışdır və torpaq sahəsi hal-hazırda mülkiyyət hüquqi əsasında üçüncü şəxs Fərəcov Rövşənə məxsusdur. Məhkəmə iddianı təmin etməklə R.Fərəcovun hüquqlarını pozmuş, məhkəmə qətnaməsində apellyasiya şikayəti verməsi üçün ərizə ilə müraciət edilsə də, məhkəmə ona qətnamə verməmişdir. Məhkəmə həmin qətnamə ilə R.Fərəcovun mülkiyyətə dair hüquqlarını pozmuşdur və apellyasiya instansiyasında onun iştirakı təmin edilməlidir. Məhkəmənin mübahisəni Cavabdeh hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, ona görə ki, torpağa mülkiyyət hüququ Cavabdeh məxsus olmuş, o, öz hüququndan sərbəst surətdə istifadə edərək mübahisəli torpaq sahəsinə hüquqlarını qanuni reallaşdırmışdır. Məhkəmə İddiaçı mənzilə köçürərkən o, artıq onun ailə üzvi deyildi və torpaq sahəsi mülkiyyət hüquqi əsasında artıq üçünçü şəxsə məxsus olmuşdur. Bununla da məhkəmə AR Mülki Məcəlləsinin 157.8, 178.8-ci, AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apelyasiya baxışı zamanı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X4 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki ev tam qanuni əsaslarla R.Fərəcova satılmışdır. İddiaçı və cavabdehin vaxtilə nikahda olmaları onun mülkiyyət hüquqlarına xələl gətirə bilməz. O, dəyərini ödəməklə bu əmlakı əldə etmişdir. Tərəflər artıq yeni hüquq münasibətlərinə daxil olmuşdur. İddiaçı ilə cavabdeh arasında olan mübahisənin Rövşən Fərəcova aidiyyatı yoxdur.İddiaçı Rövşən Fərəcovun ailə üzvü deyildir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızı, onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsilə eyni məzmunlu izahat verib şikayətlə razılaşmadılar və onun rədd edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahlarından 04 iyul 2012-ci il tarixdə Yusif adlı uşaq doğulmuşdur. İş materiallarına əlavə olunan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı oğlu arasındakı nikah 30.11.2020-ci il tarixində pozulmuşdur. Yenə işə əlavə edilmiş 05 aprel 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Qarayev X8 rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini 5000 manata X1. İşdə olan 22 yanvar 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini 4500 manata Cavabdeh satmışdır. Mülki işin materiallarına əlavə olunan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 02.10.2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan yaşayış təyinatlı torpaq sahəsi 29.01.2014-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Yenə mülki işin materiallarına əlavə olunan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan yaşayış təyinatlı torpaq sahəsi 29.01.2014-cü il tarixdə Cavabdeh adına qeydə alınarkən onun üzərində tikili aşkar edilməmişdir. Yenə də mülki işin materiallarına əlavə olunan DƏDRX tərəfindən verilmiş daşınamz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan yaşayış təyinatlı torpaq sahəsi 12.04.2021-ci il tarixdə X4 adına qeydə alınmışdır. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 1913 nömrəli arayışından görünür ki, X2 rayonu, Qobu qəsəbəsindəki Yeni Məhəllədə qeydiyyatsız yaşayır. İşdə olan "xxxx" MMC-nin 2021-ci il tarixdə tərtib etdiyi tiklinin layihəsindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan yaşayış təyinatlı torpaq sahəsindəki yaşayış evinin layihəsi X4 adına tərtib edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(012-795/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ilk növbədə hüquqi əsas kimi Mülki Məcəllənin 164.1 və 164.2-ci maddələrinə istinad edərək ona əsaslanmışdır ki, iddiaçının köçmək istədiyi evə dair onun cavabdehlə birlikdə “qanuni gözləntiyə” malik hüquqları vardır və buna görə də o, həmin yaşayış sahəsinə köçürülməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh 2011-ci ildə faktiki, 2016-cı ildə isə rəsmi nigah münasibətlərinə daxil olmuşlar. Tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə, yəni 2014-cü il tarixində Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində 0,03 ha torpaq sahəsi alınmış, daha sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmiş və tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. 2020-ci ilin fevral ayından iddiaçı mübahisəli fərdi yaşayış evini tərk etmiş və tərəflər arasındakı nikah 30.11.2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh Qarayev X8 rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan mübahisəli torpaq sahəsini 05 aprel 2021-ci il tarixdə 5000 manata X1. Bununla da həmin evə dair yeni hüquq münasibətləri yaranmışdır. Beləliklə, iddiaçının köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsi artıq onun keçmiş ərinin deyil, X4 mülkiyyətindədir. Başqa sözlə, həmin torpaq sahəsində yerləşən və hələlik rəsmi reyestrdə qeydə alınmamış fərdi yaşayış evinə dair “qanuni gözlənti” hüququ da ona məxsusdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında hazırki mübahisəli fərdi yaşayış evi ilə hüquq münasibətləri 22 yanvar 2014-cü il tarixdə (mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən əldə edilməsi tarixi) yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “qanuni gözlənti” hüququ olan hazırkı mülkiyyətçisinin ailə üzvü hesab olunmur. Belə ki, İddiaçı R.Fərəcova münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının köçmək istədiyi, artıq R.Fərəcova məxsus torpaq sahəsindəki yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Hazırkı iddia üzrə Cavabdeh mübahisə predmetini təşkil edən daşınmaz əmlaka dair heç bir hüquqi bağlılığı qalmamışdır. O, öz hüquqlarından istifadə edərək bu əmlakı R.Fərəcova satmışdır. Digər tərəfdən isə onlar arasında imzalanmış alqı-satqı müqaviləsi, ümumiyyətlə mübahisələndirilməmişdir, yəni bu əqd hazırda qüvvədədir. Mübahisəli yaşayış evinin inşa olunmasına müvafiq icazənin təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsinin yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aid olmasına dair sübut təqdim edilmişdir (reyestrdən çıxarış). İşin bu halı mübahisəli evə artıq R.Fərəcovun gözlənilən mülkiyyət hüququnun olmasına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırda Rövşən Fərəcovun mülkiyyətində olan torpaq sahəsindəki yaşayış evindən istifadə hüququ yoxdur, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(012-795/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi ödənilmiş 5,40 manat dövlət rüsumu Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızından alınaraq Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(012-795/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin, apelyasiya şikayətinin verilməsi ödənilmiş 5,40 manat dövlət rüsumu Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızından alınaraq Cavabdeh verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3229/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3229/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver