Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3236/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X7 ona məxsus olan ünvan 1 fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərə məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci ildən ona məxsusdur. Həmin evi Cavabdeh1 məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh1 qardaşıdır, digər cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızı isə qardaşının həyat yoldaşı olmuşdur. Cavabdeh Aygün Rizvanova (Naqornova) əslən Göyçay rayonundandır və Cavabdeh1lə nikahlarını 10.05.2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində qeyd etdirib ailə qurmuşlar. Aygün Rizvanova (Naqornova) qardaşına məxsus evə gəlin gəlmişdir. Aygün Rizvanovanın hərəkətlərinə görə qardaşına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi 2018-ci ildə 10000 manata satmış və həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib orada yaşamaq məqsədilə qardaşı Cavabdeh1 vermişdir. Daha sonra Cavabdeh1 ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışdır. 2019-cu ildə cavabdehlər onun verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə cavabdehlərə özünə məxsus evdə müvəqqəti yaşamağa razılıq vermişdir. Razılıqlarına əsasən cavabdehlər bir qədər sonra kirayə ev tutub köçməli idilər. Qardaşı Cavabdeh1 Aygün Rizvanovadan (Naqornovadan) məhkəmə qaydasında boşanmışdır. Cavabdeh1 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, Aygün Rizvanova (Naqornova) oğlu ilə birlikdə mübahisəli evdə yaşayır. O, cavabdehlərə evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Evdə olan əşyalar da onun pulu ilə alınmışdır və yarısı onundur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 fərdi yaşayış evində qeydiyyatdadır. O, mübahisəli fərdi yaşayış evinin potensial mülkiyyətçisidir, evə dair bütün sənədlər onun adınadır. Cavabdehlərin isə məhkəməyə təqdim edəsi heç bir mötəbər dəlili-sübutu yoxdur. Belə olan halda 2 otaqlı fərdi yaşayış evində nəyə görə cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızı yaşamalı olması aydın deyildir. Bu, onun mülkiyyət hüquqlarının kobud pozuntusudur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 01, 15d ünvanında yerləşən fərdi yaşayış evi onun yeganə qazanc mənbəyidir. Belə ki, cavabdeh Aygün Rizvanova həmin fərdi yaşayış evini zəbt etmədən öncə həmin evi kirayə verərək müəyyən gəlir əldə edirdi. Hazırda bundan da məhrum olmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həqiqətən Cavabdeh1 məxsus fərdi yaşayış evi olmuş, 11.10.2018-ci il tarixdə Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 10.000 manata X1. Hazırki mübahisəli ev isə 2015-ci ildən onun sahiblik və istifadəsindədir. İş materiallarında olan "Azəriqaz Layihə İnşaat” QSC-nin sorğu blankında, 06.08.2019-cu il tarixli, kod-1340 saylı daşınmaz əmlakın ekspert qiymətləndirmə rəyində tikinti sahibi kimi o göstərilmişdir. Həmçinin o, fərdi yaşayış sahəsinə görə vergi ödəyicisi kimi Xırdalan bələdiyyəsində qeydiyyata alınmışdır, onun 31.12.2021-ci il tarixə qədər əmlak və torpaq vergisi borcu yoxdur. Rizvanova (Naqornova) Aygün Aydın qızı onun ailə üzvü deyildir, baldızıdır Xırdalan şəhəri, X15 küçəsi, dalan 01, ev 15d saylı ünvanda ondan başqa qeydiyyatda başqa şəxslər yoxdur. Həmçinin imzaları ünvan 4 notariat ofisində təsdiq olunmuş ərizələrində X12, X9 və X8 onun oğlu X13 ilə birlikdə 2015-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi dalan 01, ev 15d saylı ünvanında yaşadıqlarını göstərmişlər. Mübahisəli evdə təbii qazdan, elektrik enerjisindən və sudan istifadəyə dair sənədlərdə istehlakçı qismində o qeyd edilmiş və bu xidmətlərdən istifadəyə görə pulları o ödəyir. Eləcə də yaşayış yeri üzrə mənzil orqanları tərəfindən verilmiş arayışlara əsasən o, Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi dalan 01, ev 15d saylı ünvanda yaşayır. Qardaşı Cavabdeh1lə cavabdeh X14 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(012)-218/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Qardaşı Cavabdeh1 imzası ünvan 4 notariat ofisində təsdiq olunmuş ərizəsində ona məxsus ünvan 6 ünvanında keçmiş həyat yoldaşı X7 qeydiyyatsız yaşadığını, keçmiş həyat yoldaşı X14 ilə birlikdə həmin ünvanda müvəqqəti yaşadıqlarını, hazırda həmin evi tərk etdiyini, lakin keçmiş həyat yoldaşı X7 evdən çıxmaq istəmədiyini göstərmişdir. Eləcə də Cavabdeh1 iddianın etirafı barədə də ərizə yazmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixdə ünvan 4 notariat ofisində təsdiq edilərək 4Ə-2859 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 2-ci döngə, dalan 1, ev 6A ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m, yaşayış sahəsi 34.8 kv.m, yardımçı sahəsi 16.9 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 10000 manata X2. İş materiallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında 07.09.2020-ci il tarixli, AKX-0240975/09-2020 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 06.08.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, 15d saylı fərdi yaşayış evinin bazar dəyəri 25000 manat təşkil edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-218/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X10 nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə X14 arasında 10.05.2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış 129 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 06.02.2016-cı il təvəllüdlü X11 anası X7 yanında qalması, Cavabdeh1 06.02.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.04.2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin X7 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 09.07.2021-ci il tarixli, ******* saylı arayışının surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi dalan 01, 15d saylı evdə qeydiyyatdadır, qeydiyyatda başqa şəxslər yoxdur. İşin mübahisə edilməyən hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və X14 10.05.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və X14 nikaha daxil olduqdan sonra əri Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi 11 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən satılmış və cavabdehlər 2018-ci ildən birgə nikahdan olan övladları ilə birlikdə mübahisəli ünvan 1 ünvanda yerləşən özbaşına tikilidə yaşamağa başlamışlar. Hazırda isə mübahisəli evdə X14 övladı ilə birlikdə yaşayır. Digər Cavabdeh1 isə mübahisəli evdə 2021-ci ilin fevral ayına kimi yaşamış, bundan sonra həmin evi tərk etmiş və hazırda orada yaşamır. Cavabdeh1 X3 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-218/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin o da mübahisə edilmir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair tərəflərin heç birinin adına hüquqmüəyyənedici sənəd yoxdur. Azərbaycan Respublikası MM-nin 11.1 və 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki münasibətləri tənzimləyən normalar olmadığından mübahisəyə oxşar münasibətləri tənzimləyən normalar, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisəli evə iddiaçının razılığı ilə köçmüşlər və uzun müddət həmin evdə yaşamışlar. Cavabdeh1 X3 arasında olan nikah pozulduqdan sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X14 mübahisəli evə İddiaçı razılığı ilə köçdüyündən onun həmin evdən çıxarılması üçün əsaslar yoxdur. Məhkəmə iclasında araşdırılmış sübutlardan görünür ki, Cavabdeh1 mübahisəli evdə yaşamır. Belə ki, Cavabdeh1 imzası ünvan 4 notariat ofisində təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 6 ünvanını tərk etmiş və həmin evdə yaşamır. Qeyd edilən halı İddiaçı da təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mübahisəli evdən çıxarılmasına da zərurət yoxdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ünvan 6 ünvanı üzrə kommunal xidmətlərə görə abonent kimi qeydə alınmışdır və həmin evdə də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Viktoriya İqoryevnanın hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad etsə də, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3236/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3236/2021
02.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver