Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-325/2023 09.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilinə Cavabdeh, X4, Vəliyeva Aygün Feyruz qızının və X7 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilinə Cavabdeh, X4 və Vəliyeva Aygün Feyruz qızının istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilini almışdır. Bu barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 əldə olunmuş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh, X8, Vəliyeva Aygün Feyruz qızı və X11 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh və onun ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Qeyd edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh, X4 və Vəliyeva Aygün Feyruz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10 (on) manatın cavabdehlər Cavabdeh, X3 və Vəliyeva Aygün Feyruz qızından alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, mənzilə istifadə hüququna xitam verilməsinin müvəqqəti dayandırılması üçün Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: işin mahiyyəti üzrə iddiaçı (girov götürən) Ələkbərov Roman Qulamrza oğlu mülkiyyətin dəyərinə görə kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib, təkrar işə baxmaq üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi prosessual qaydaları pozaraq işi yerli məhkəməyə qaytarmışdır. Bundan başqa Apellyasiya Məhkəməsi tərəfindən kassasiya şikayətində iddiaçı Ələkbərov Roman 4 mənzilin qiymətini mübahisələndirmişdir. Bu mənzillərdən biri kassasiya şikayəti verilənə qədər X10 tərəfindən banknan razılaşaraq mənzili satmışdır. Ali Məhkəmə tərəfindən göstərilən iradları Sumqayıt Apellyasiya Məhkəməsi araşdırmadı. Apellyasiya Məhkəməsinin hakimi girovda əmlakı olmayan X9 məhkəməyə dəvət edib, onun izahını qəbul etmişdir. İddiaçı Ələkbərov Roman Qulamrza oğlu Ukrayna Respublikasında ürək əməliyyatı keçirib müalicədə olduğu zaman, iddiaçının xəbəri, iştirakı və məlumatı olmadan məhkəmə prosesi bir tərəfli qaydada keçirilmiş, X10 məhkəməyə dəvət edilərək qətnamə ilə maraqlarına toxunan şəxs kimi dəvət edilərək izahatı almışdır. X10 da bankın xeyrinə izahat verməklə Cavabdeh Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Halbuki, Ali Məhkəmə qərar qəbul edilənə kimi X10 üzrə özünə məxsus ünvan 1 ünvanını ipoteka yüklülüyündən çıxartmışdır. Belə olan halda X5 məhkəmə prosesində prosessual tərəf kimi iştirak etməsi qanunsuzdur. Bundan başqa iddiaçının Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılarkən məhkəmədə X10 prosessual tərəf olmamışdır. Baxmayaraq ki,Əhmədov Rəhimdilin əmlakı bankın girovundan çıxdığı nəzərə alınmamışdır. X16 Məhkəmədən qayıdan işin yerli məhkəməyə qayıtmasını hakimdən xahiş etmişdir. Həmin vaxtda Sumqayıt şəhər Məhkəməsində 2 mənzilin istifadə hüququna xitam verilməsi barədə bank tərəfindən müraciət olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin hakimi Almaz Süleymanova iddianı təmin etmişdir. Mahiyyəti üzrə təkrarən Ali Məhkəmə prosesi getdiyi üçün hakim Almaz Süleymanova mənzilin istifadə hüququna xitam verilməsini dayandırmalı idi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: "xxxx" MMC ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 09 avqust 2018-ci il tarixli Y-275 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(060)-5875/2016 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzili hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 207.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" Kommersiya ASC əmlakı 131962,5 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bankı ASCnin adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydə alınmışdır. “Elektron notariat” X1 çıxarışa əsasən X8, Vəliyeva Aygün Feyruz qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzilində qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil ipoteka predmeti olmuş, icra sənədinə əsasən ipoteka predmetinə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə prosesi bir tərəfli qaydada keçirilmiş, X10 məhkəməyə dəvət edilərək qətnamə ilə maraqlarına toxunan şəxs kimi dəvət edilərək izahatı almışdır. X10 da bankın xeyrinə izahat verməklə Cavabdeh Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə Ali Məhkəmədə baxıldığı üçün məhkəmə mənzilin istifadə hüququna xitam verilməsi üzrə işi dayandırmalı idi. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. İş üzrə icraatın dayandırılmalı olması barədə cavabdehin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair hazırki mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5458/2019 saylı, 05 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. 01 sentyabr 2022-ci il tarixdə mülki iş üzrə iddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığı üçün iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki iş üzrə icraatın dayandılmasına əsas olan iddiaçı Ələkbərov Roman Qulamrza oğlunun cavabdehlər Sumqayıt şəhəri üzrə icra İdarəsinə və qeyrisinə qarşı hərrac protokolunun ləğv olunması tələbinə dair mülki iş üzrə 02 mart 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən yekun məhkəmə aktı qəbul edildikdən sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-390/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Ələkbərov Roman Qulamrza oğlu cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı məhkəməyə müraciət edərək, Protokol N-Y-275 saylı, xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və yenidən hərrac keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı Ələkbərov Roman Qulamrza oğlunun cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərac Mərkəzi MMC-yə qarşı hərracın protokolunun ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı Roman Ələkbərov və qətnamə ilə maraqlarına toxunan şəxs Rəhimdil Əhmədov qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Quliyev sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədov) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı R.Ələkbərov və qətnamə ilə maraqlarına toxunan şəxs R.Əhmədovun verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)- 236/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) iddiaçı Ələkbərov Roman Qulamrza oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1468/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), hakimlər Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-390/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının məzmunu ilə müəyyən olunur ki, iddiaçı Ələkbərov Roman Qulamrza oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və iddiaçı Ələkbərov Roman Qulamrza oğlu tərəfindən verilmiş kassasiya şikayəti ona geri qaytarılmışdır. Beləliklə hərracın nəticələrinin ləğv edilməsi və yenidən hərrac keçirilməsi barədə mübahisə üzrə işin digər məhkəmənin icraatında olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" BOKT QSC-nin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(060)-7/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-325/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-325/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver