Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-327/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia təmin edilib, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı onun adına 25.07.2012-ci il tarixdə daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, Cavabdeh ilə 12.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikaha daxil olduqdan sonra cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə gəlin köçərək orada birgə yaşamağa başlamışlar. Birgə nikahlarından 28.07.2014-cü il tarixdə Fəxrinur adlı bir nəfər uşaqları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və ailə münasibətlərinin bərpa olunması mümkünsüz vəziyyətə gəlmişdir. Bu səbəbdən İddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(006)-740/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilib, Cavabdeh ilə aralarında 12.09.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 28.07.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılmış, habelə azyaşlı uşağın saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Nikahlarının məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxmamış, həmin mənzildə yaşamaqda davam etmişdir. Halbuki mübahisəli mənzili o, Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl yəni, 25.07.2012-ci il tarixdə almışdır və həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Hazırda cavabdeh mənzildən çıxmaqdan imtina edir. Beləliklə, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində onun özünə məxsus olan əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 32.2, 32.2.2,32.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisəli mənzil 25 iyul 2012-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış əsasında idiaçının mülkiyyətinə verilsə də, həmin mənzil ipoteka yoli ilə əldə dilmiş və ipoteka krediti birgə nikah dövründə ödənilmişdir, yəni ipoteka krediti 2019-cu ildə tam şəkildə ödənilərək bağlanmışdır. İddiaçı ilə rəsmi nikah qeydi 12 sentyabr 2013-cü il tarixdə bağlanmış və birlikdə mübahisəli mənzilə köçüb yaşamışlar, krediti də birgə nikah dövründə ödəyib qurtarmışlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh 12.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından 28.07.2014-cü il tarixdə Fəxrinur adlı bir nəfər uşaqları doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına 25 iyul 2012-ci ildə daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Cavabdeh ailə həyatı quran zaman İddiaçı məxsus mübahisəli mənzilə gəlin köçmüş, əmlakını həmin mənzilə aparmış və ailə olaraq birlikdə orada yaşamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(006)-740/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 12.09.2013-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş 28.07.2014-cü il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 21 iyun 2012-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı DƏDRX HDQHDƏDR-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2012-ci il tarixli 3651 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 51.7 kv.metr, o cümlədən yaşayış sahəsi 30.7 kv.metr olan, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində 49 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 35000 (otuz beş min) manatdır, mənzilin dəyərinin 15000 (on beş min) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 20.000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 21 iyun 2012-ci il tarixli, 53 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.5-ci bəndinə əsasən Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 21 iyun 2012-ci il tarixli, 53 saylı Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kreditin qaytarılma tarixi – Kredit müqaviləsinə uyğun olaraq vəsaitləri Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixdən 300 ay müddətinə “01” iyun 2037-ci il tarixinədək müəyyən edilmişdir. "xxxx" ASC-nin Xətai filialının 30 noyabr 2021-ci il tarixli, 720 saylı arayışına əsasən 30 noyabr 2021-ci il tarixinə İddiaçıj ipoteka kredit müqaviləsi üzrə aktiv borcu 13059.18 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Tərəflər arasındakı hüquq münasibətləri 2013-cü ildə yaranmışdır. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil hazırda tam mülkiyyət hüququ ilə 2012-ci ilin iyul ayından iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh 2013-cü ilin sentyabr ayında iddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən gəlin kimi iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. Ailə münasibətləri pozulsa da, cavabdeh mənzildən çıxmaqdan imtina etdiyindən iddiaçı onun mübahisəli mənzildən məhkəmə qaydasında çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq cavabdeh onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşin müəyyən edilən faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Cavabdehlə mübahisəli mənzilin sahibi olan iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-327/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-327/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver