Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-327/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaka dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020ci il tarixli 2(067)-1927/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 16, mənzil 4-dən məcburi qaydada çıxarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddianın təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6642/2021 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsindən cavabdeh İddiaçı prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1950/2021 saylı xx.xx.2021-ci tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilərək işə əlavə edilmiş Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilinin Cavabdeh1 adına qeydə alınması üçün əsas olan sənədlərdən görünür ki, Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005-ci ildə təsdiq edilərək 4Ə/5-847 sayla reyestrdə qeydə alınmış müqavilə əsasında X1 şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili 12 500 000 manata Cavabdeh1 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Xudat şəhəri, Konserv zavod qəsəbəsi 16 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1350/2022 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1950/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********56-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,0 kv.metr olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 Şamur oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, AN-İ № seriyalı ******* nömrəli 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Samur oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,0 kv.metr olan mənzili 5400 manata Cavabdeh2 satmışdır.
7. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 24 nömrəli məktubunda göstərilmişdir ki, Xaçmaz rayonu Aşağı-Oba kəndində qeydiyyatda olan Cavabdeh1 və Xudat şəhəri K.Zavod qəsəbəsi bina 16 mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 hal-hazırda Xudat şəhəri 28 May küçəsi ev 20 ünvanında birlikdə yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 3-ə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır, belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1564/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə qazanılmış əmlak bölgüsünə dair Cavabdeh1 ona qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldıraraq Xaçmaz rayonu, Aşağı-oba kəndi ərazisində yerləşən 0,18 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 49,10 kv.metr yaşayış və 42,60 kv.metr köməkçi sahədən ibarət yaşayış evindən və Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzildən payların müəyyən edilməsi və naturada bölünməsini tələb etmişdir. Məhkəmənin gedişində cavabdeh iddia tələbinin həcmini azaldaraq, Xaçmaz rayonu, Aşağı-oba kəndi ərazisində yerləşən 0,18 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, üç otaqlı, 49,10 kv.metr yaşayış və 42,60 kv.metr köməkçi sahədən ibarət yaşayış evindən paylarının müəyyən edilməsi və naturada bölünməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-76/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin vaxt o cavabdehin digər mənzili böldürməməsini övladları Zaurun ailəsi ilə birlikdə həmin mənzildə yaşaması ilə əlaqədar atdığı addım kimi qəbul etmişdir. Lakin boşanmadan dərhal sonra cavabdeh hazırda mübahisə predmeti olan evə - Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzilə dair çıxarış almış və həmin mənzili 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında faktiki nikahda yaşadığı arvadı Cavabdeh2 güya satmışdır. Bu fakt barədə məlumatı o polisə müraciət etdikdən sonra bilmiş və məhkəmədə «alqı-satqı müqaviləsinin ləğvi» barədə iddia qaldırmışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tələb edilmiş sənədlərə görə Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilinin cavabdehin adına qeydə alınması üçün əsas olan sənəd Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005-ci ildə təsdiq edilərək 4Ə/5- 847 sayla reyestrdə qeydə alınmış müqavilə olmuşdur ki, bu müqavilədən də Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzilin 12.500.000 manata cavabdeh tərəfindən alındığı qeyd olunur, həmin vaxt isə onlar rəsmi nikahda olmuşlar. Həmin alqı-satqı müqaviləsi əsasında Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Artıq bu hal ona dəlalət edir ki, bu mənzilə dair alqı-satqı müqaviləsi tərəfi kimi yalnız Cavabdeh1 deyil, o da tərəf kimi çıxış etməli idi, yalnız onun razılığı əsasında bu mənzilə dair alqı-satqı müqaviləsi bağlanılmalı idi. Bu əsaslar baxımından o iddia tələbində yanlışlığa yol vermiş və alqı-satqı müqaviləsinin ləğvi barədə iddia irəli sürmüşdür və məhkəmə instansiyaları da iddia tələblərini təmin etməmişlər. Onun kassasiya şikayəti əsasında işə baxan AR Ali Məhkəməsi MK-sı xx.xx.202022-ci il tarixli 2(102)-1350/2022 saylı Qərarında vurğulamışdır ki, onun «alqısatqı müqaviləsinin ləğv olunması» barədə iddiasının təmin edilməməsi ona eyni əsaslarla “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” barədə iddia qaldırmasına mane olmur və belə bir iddia qaldırmaq onun hüququdur.
10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisində 23 iyul 2020-ci ildə Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16 ünvanında yerləşən 4 nömrəli mənzilə dair bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 50 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 Cavabdeh2 satdığı mənzilin birgə nikah dövründə əldə olunmasını və həmin daşınmaz əmlakda keçmiş arvadı İddiaçı da payının olmasını şüurlu surətdə dərk etmiş və keçmiş arvadı İddiaçı sözügedən mənzildə olan payından məhrum etmək üçün mənzili dəyərindən çox aşağı qiymətə digər cavabdehə satmışdır. Məhkəmə xüsusilə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1lə İddiaçı arasında olan nikahın pozulmasından sonra Cavabdeh2 satılsa da, Cavabdeh1 həmin mənzil birgə nikah dövründə əldə olunmasını və həmin mənzildə keçmiş arvadı İddiaçı payının olmasını şüurlu surətdə dərk etmişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən əlavə, Cavabdeh2 adına verilmiş çıxarışın da ləğv edilməsini xahiş etmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlansa da, Cavabdeh2 öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1, 33.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.8, 157.8, 225.1, 225.6, 337.1, 337.2, 337.3, 337.4, 340, 425.1, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 apellyasiya şikayəti verib Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın “çıxarışın ləğv edilməsi” hissəsində icraata xitam verilməsinə dair qərardad, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın qismən edilməsinə dair qətnamə qəbul edərək kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə göstərilən halları düzgün qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə cavabdehlər arasında ünvan 3-ə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmısını xahiş etmişdir. Qeyd edilməlidir ki, eyni iddiaçı eyni cavabdehlərə qarşı eyni dəlillər və əsaslarla eyni müqavilənin və çıxarışın ləğv edilməsi tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etmiş və həmin iş üzrə iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 165/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) təmin edilməmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri isə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın xx.xx.2021-ci iltarixli, 2(105)-1950/2021 saylı qətnaməsi ilə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1350/2022 saylı qərarı ilə təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1950/2021 saylı qətnaməsini əsaslandırarkən öz hüquqi mövqeyini bu şəkildə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin 4 saylı mənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda 11 may 2005-ci ildə təsdiq edilərək 4Ə/5- 847 sayla reyestrdə qeydə alınmış müqavilə əsasında qeydə alınmışdır. Göründüyü kimi, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylıevin 4 saylı mənzili qanuni əsasla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onu da qeyd etmək lazımdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən iddiaçı tərəfindən irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara uyğun əsaslandırılmadığını və məhkəməyə, Mülki Məcəllənin “əqdin etibarsızlığı” ilə bağlı tələblərinə uyğun şəkildə, əqdin etibarsız hesab edilməsi üçün hər hansı sübut təqdim edilmədiyini nəzərə almamış, nəticədə yanlış qərar qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1927/2020 saylı qətnaməsi ilə İddiaçı, həmin məhkəmənin 2(067)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə X4, X3 (2 azyaşlı övladı X9 və X10 ilə birlikdə) mübahisəli Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16, mənzil 4 ünvanından məcburi qaydada çıxarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan müqavilə və çıxarışın aid olduğu ünvan 3 ünvanı üzrə hər hansı mülkiyyət və ya digər hüququ mövcud deyildir. Odur ki, alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlandığından onun etibarsız hesab edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1413/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilməlidir.
15. İddiaçı məhkəməyə təkrarən, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddiası ilə irəli sürdüyü tələbi və onu əsaslandırdığı halları eyni iddiaçının eyni cavabdehlərə qarşı eyni mübahisə predmeti üzrə əvvəl irəli sürdüyü iddia tələbi və onu əsaslandırdığı hallarla müqayisə etsək açıq şəkildə görərik ki, hər iki iddianın tələbi və onun əsaslandırıldığı hallar eyniyyət təşkil edir. Sadəcə olaraq, iddiaçı, əvvəlki müraciətindən fərqli olaraq, ikinci müraciətində “alqı-satqı müqaviləsinin ləğvi”sözlərini “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” sözləri ilə dəyişdirmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi ilə müraciət etmiş olsa da, həmin müraciəti əsaslandırdığı hallar mahiyyət etibarilə barəsində yekun məhkəmə qərarının qüvvəyə mindiyi əvvəlki iddia tələbinin (alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə dair) əsaslandırıldığı hallarla eynidir. Eyni zamanda, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin “çıxarışın ləğv edilməsi” ilə bağlı hissəsi onun tərəfindən verilmiş əvvəlki iddia ilə birə-bir eynidir. Odur ki, məhkəmə iş üzrə icraata həmin hissədə xitam verilməsinə dair qərardad qəbul etməli olduğu halda (AR MPM-nin 152.2.2-ci və 261cimaddələrinin tələblərinə uyğun olaraq) işi icraata almış və mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, hakim İddiaçı iddia ərizəsini icraata qəbul edərkən onun tərəfindən eyni cavabdehlərə qarşı, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (qərarı) olmasını nəzərə almamış, bununla da AR MPM-nin 153.2.2-ci maddəsinin kobud pozuntusunu həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə öz qətnaməsini qəbul edərkən iddiaçının irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi” tələbini qanunvericilikdə təsbit edilmiş hallara müvafiq əsaslandırmadığını və buna uyğun hər hansı sübut irəli sürmədiyini nəzərə almamış, sadəcə məhkəmə iclasında iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında faktiki nikah münasibətlərinin mövcud olmasına və alqı-satqı müqaviləsinin onlar arasında formal əsaslarla bağlanmasına dair şifahi mülahizələrinə mötəbər sübut kimi qiymət verərək qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
24. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
25. Maddə 33.1. Ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
35. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin hallarından görünür ki, İddiaçı apellyantın keçmiş arvadı olaraq birgə nikah dövründə əldə edilmiş Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavodu qəsəbəsi, ev 16 ünvanında yerləşən 4 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı hazırkı iddiadan əvvəl qeyd olunan müqavilənin ləğvi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş qətnamə ilə İddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından iddiası təmin edilməmişdir.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin aşağıda göstərilən dəlillərə münasibət bildirilməsini zəruri hesab edir.
39. Əvvəla kollegiya qeyd edir ki, İddiaçı əvvəllər müqavilənin ləğvi ilə bağlı iddia qaldırması onun həmin müqavilənin etibarsızlığına dair iddianın qaldırmaq imkanını istisna etmir. Belə ki, iş materiallarında olan qətnamələrdən görünür ki, İddiaçı müqavilənin ləğvi ilə bağlı iddiası iddiaçının subyektiv hüququ olmadığından rədd edilmiş, müqavilənin etibarlılığına hüquqi qiymət verilməmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair qanuni qüvvəyə minmiş qətnamələrin mövcudluğu hazırkı mübahisələndirilən müqavilənin etibarsızlığına dair iddiasına baxılmasına mane ola bilməz.
41. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 54-56-cı bəndlərində qeyd olunmuşdur ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
42. Yuxarıda qeyd olunanlara əsaslanaraq, kollegiya hesab edir ki, nə qədər ki tərəflər arasında olan əvvəlki məhkəmə çəkişmələri zamanı əqdin etibarsız sayılması barədə tələb irəli sürülməmişdir və 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmamışdır, iddiaçı hazırkı iddianı qaldıra bilər.
43. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.1980-ci il tarixində Cavabdeh1 ilə İddiaçı arasında rəsmi nikahları qeydə alınmışdır. Onların nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılaraq Xudat şəhəri, Konserv zavod qəsəbəsi, 16 saylı evin ümumi sahəsi 28,0 kv.metr olan 4 saylı mənzil birgə nikah dövründə əldə edilmişdir. Sonradan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı razılığı olmadan birlikdə yaşadığı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq, mübahisəli mənzili özgəninkiləşdirmişdir.
44. Belə ki, yuxarıda göstərilən normaların dispozisiyanın şərtlərindən də göründüyü kimi, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
46. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
47. Göründüyü kimi qanunverici birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka dair əqdin bağlanmasını həmin daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı ilə şərtləndirmişdir. Həmin şərtə əməl edilməməsi əqdin etibarsız hesab edilməsinə gətirib çıxarır.
48. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1413/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.