Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-327/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı sərəncamın və əqdin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-5165/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim M.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı İddiaçı Başçısının 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamının etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 5165/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı sərəncamın və əqdin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Başçısının 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamının etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və planölçünün ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017- ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(012)-5165//202419 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan ölçünün verilməsinə əsas olmuş İddiaçı sərəncamı saxtalaşdırılmışdır. Həmin saxtalaşdırılmış sənəd İddiaçı adından olan 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamdır. İddiaçı başçısı Qubad Qubadov tərəfindən Cavabdeh2 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncam olmamışdır. X1 Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 11 avqust 1993–cü il tarixli, 710 saylı Fərmanı ilə İddiaçı başçısı təyin edilmişdir. 11 avqust 1993-cü il tarixədək İddiaçı başçısı vəzifəsində Vahid Orucov adlı şəxs çalışmışdır. İşə baxılan zaman prosessual hüquq norması pozulmuşdur. Belə ki, məhkəmə MPM-nin 261-ci maddəsini düzgün tətbiq etməmişdir. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də şikayətin dəlilləri məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas hesab edilməlidir. İddiaçı başçısı tərəfindən Cavabdeh2 adına Abşeron rayonu, Masazır kəndi ərazisində torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncam verilmədiyinə görə həmin sərəncam inzibati akt kimi qəbul edilə bilməz. Həmin sərəncamın etibarsızlığının mübahisələndirilməsi inzibati məhkəmə icraatında yox, mülki məhkəmə icraatında baxılmalıdır. Məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Abşeron Rayon Məhkəməsinin qərardadının nə dərəcədə qanuna uyğun olub-olmaması barədə münasibətini bildirməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olunan halların sübut edilməməsi, məhkəmənin qərardadda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə qərardadı qəbul edərkən onu əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının hüquqularını pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadı “Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verilməsini mübahisəyə mülki deyil, inzibati icraat qaydasında baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara qanuni və əsaslı hesab etmir. Belə ki, mövcud tələbin bir hissəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədədir. Göründüyü kimi iddiaçının mövcud tələbi inzibati akta deyil, mülki hüquqi əqdə əsaslanır. Belə olan halda bu tələbə inzibati qaydada deyil, mülki mühakimə icraat qaydasında baxılmalı olduğundan, həmin hissədə iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin sərəncamın etibarsızlığı və əsasında verilmiş çıxarış və plan-ölçünün ləğvi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin umumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, “hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.” “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Bu baxımdan məhkəmə kollegiyası iddianın sərəncamın etibarsızlığı və onun əsasında verilmiş çıxarışın və plan-ölçünün ləğvinə dair hissədə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.3. maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunun mənasından da göründüyü kimi mübahisələndirilən inzibati akt qəbul etmiş orqan inzibati icraat qaydasında həmin aktın etibarsız hesab edilməsi barədə istər özünün, istərsə də maraqlarına toxunan şəxsin müraciəti əsasında həmin məsələyə baxmaqda səlahiyyətlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad “Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğv edilməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməli və həmin işə mahiyyəti üzrə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərardadı “Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 1 saylı Notariat Ofisində bağlanmış ANİ ******* nömrəli, 06 iyun 2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, **********09 dövlət reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçünün ləğvi ilə bağlı iş üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-327/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-327/2025
31.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver