Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3273/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4293/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4293/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh "xxxx" Mənzil Tikint Kooperativnə qarşı pul tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4293/2021 saylı saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payçı müqaviləsi əsasında Cavabdeh2 Sumqayıt filialı tərəfindən tikintinin gec başa çatdırılmasına görə 1200 manat kirayə pulunun və müqavilə öhdəliklərinin vaxtında həyata keçirilməməsinə görə 5000 manat pulun, ümumilikdə 6200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə Cavabdeh2 Sumqayıt Bulvar 2 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 07.05.2020-ci il tarixdə onunla cavabdeh MTK-nın Sumqayıt filialının direktoru X1 arasında №0000299 saylı “payçı” müqaviləsi bağlanmışdır. Müqavilə predmetinin 1.1-ci maddəsinə əsasən cavabdeh Sumqayıt şəhəri, Bulvar 2 ərazisində inşa edilmiş 1-ci bina, 6-cı blok, 5-ci mərtəbə, 30№li 2 otaqlı mənzili tikib, onun mülkiyyətinə vermə öhdəliyi daşıyır. Müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdeh binanın təməli qoyulduğu andan 12 ay müddətinə mənzili təmir edib təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə bağlanan zaman filialın direktoru binanın təməlinin 2019-cu ilin dekabr ayı ərzində qoyulduğunu və 2020-ci ilin dekabr ayında təhvil veriləcəyini bildirmişdir. Lakin hazırda sözügedən binada təmir işləri yekunlaşmamış və payçılar, həmçinin o, binaya köçürülməmişdir. Hazırda ailə üzvləri ilə birlikdə kirayə ev tutub qalır və hər ay 300 manat kirayə haqqı ödəyir. Qeyd edilən mənzilə köçürülmə vaxtı 4 ay ləngimiş, bu isə onun əlavə 1200 manat kirayə pulu ödəməsinə səbəb olmuşdur. Bu isə maddi vəziyyətinin pisləşməsinə əsasdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 10 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh "xxxx" Mənzil Tikint Kooperativnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayədəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh2 Mənzil Tikint Kooperativi arasında 07 may 2020-ci il tarixdə bağlanmış payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən Sumqayıt şəhəri bulvar 2 ərazisində inşa edilmiş 1-ci bina, 6-cı blok, 5-ci mərtəbə, 30 nömrəli, 2 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. MTK müqavilədə göstərilən bütün şərtləri icra edib, binanın bünövrəsi qoyulduqdan sonra 12 ay müddətində payçıya mənzili təmir edib təvil verməyi öz öhdəsinə götürür. 25.05.2021-ci il tarixli mənzilin təhvil aktı ilə müəyyən olunur ki, Cavabdeh2 Mənzil Tikint Kooperativi Sumqayıt şəhəri bulvar 2 ərazisində inşa edilmiş 1-ci bina, 6-cı blok, 5-ci mərtəbə, 30 nömrəli, 2 otaqlı mənzili İddiaçı təhvil vermiş və sonuncu isə həmin mənzilin təhvil alınmasını öz imzası ilə təsdiq etmişdir. Cavabdehin nümayəndəsi Salman Əliyev birinci instansiyası məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, hər kəsə məlum olan bir haldır ki, ölkədə baş verən pandemiya ilə əlaqədar olaraq iş yerləri AR Nazirlər Kabinetinin qərarı əsasında müəyyən dövrlər üzrə dayandırılmış, həmçinin işçilərin sayı məhdudlaşdırılmışdır. Bundan başqa MTKnın anbarında yanğın hadisəsi baş vermiş və MTK-nın xaricdən idxal etdiyi çox sayda tikinti materialları yanmışdır. Bütün bu fors major hallarının baş verməsinə baxmayaraq MTK həmin binanı inşa edib və 2021-ci ilin mart ayının əvvəlindən etibarən sakinlərin istifadəsinə vermişdir. Həmçinin iddiaçının mənzili də 2021-ci ilin mart ayının əvvəlindən etibarən istifadəyə hazır vəziyyətə gətirilərək ona təhvil verilib. Lakin o, müxtəlif bəhanələr gətirərək mənzilə köçmür və qərəzli olaraq MTK-ya qarşı məhkəmədə əsassız iddialar irəli sürür. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və X2 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddianın əsası olaraq cavabdeh təşkilatın məsuliyyətsizliyi və süründürməçiliyinə görə payçı müqaviləsi üzrə öhdəliyin gecikdirilərək müqavilədə göstərilən müddətdən xeyli vaxt sonra qeyd edilən mənzilin təhvil verildiyi, tikintinin gec başa çatdırılmasına görə 1200 manat kirayə haqqı və müqavilənin vaxtında yerinə yetirlmədiyinə görə 5000 manat pulun ona ödənilməsini iddia edir. Birinci instansiya məhkəməsi maddi ziyan hissədində iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. İddiaçı tərəfindən həmin binanın 2020-ci ilin dekabr ayında təhvil verilməli olduğu göstərilsə də, həmin halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı cavabdehin təqsiri nəticəsində 1200 manat kirayə haqqı ödəməklə maddi zərərə məruz qaldığını iddia etsə də, iddianın əsası olaraq sübutlar – kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi təsdiq edən ödəniş qəbzləri və s. məhkəməyə təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Göründüyü kimi mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin təmin edilməsi üçün zərərçəkənin, yəni hazırki iş üzrə iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması, bu pozuntu nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi tələb olunur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Plenum eləcə də izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması...., anlaşılır. Qeyd edilən Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə araşdırması zamanı cavabdehin təqsiri, iddiaçıya qarşı qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi öz təsdiqini tapmadı. Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il, 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-4293/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3273/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3273/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver