Məhkəmə qərarları › İş №2(105)-3274/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3274/2021

06.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3274/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 2(060)-19095/2016 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Təranə Mahmudova) iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 113 saylı həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(105)-368/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 2(060)-19095/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(102)-3233/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-368/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 113 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, şəhid ailəsi İsgəndərova Aytəkin Qənimət qızı Sumqayıt Bələdiyyəsinə müraciət edərək bələdiyyənin onun adına sənədləşdirilməsini nəzərdə tutduğu və bunun üçün müvafiq rəyin alınması ilə əladədar Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə məktubla müraciət etdiyi Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsinin sahəsi 600 kv.m olan 113 saylı həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş Cavabdeh1 çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi həqiqətən də cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər olmadan zəbt edilmiş və orada özbaşına olaraq fərdi yaşayış evi inşa edilmişdir. Bu hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunların tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26.06.2001-ci il tarixli protokol, akt və digər torpaqayırma sənədlərinə əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh1 sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını açıq şəkildə pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli 996 saylı bağ sahəsi Sumqayıt şəhər XDS 22 iyun 1988ci ildə BTZ zavodu ilə bağladığı müqavilə əsasında zavodda yaradılan “Metallurq” bağçılıq cəmiyyəti üzvləri üçün ayrılmışdır. “Metallurq” bagçılıq cəmiyyətinin 05 oktyabr 2000-ci il tarixli, 07 saylı protokoluna əsasən həmin bağ sahəsi cəmiyyətə üzv qəbul edilmiş X3 verilmişdir. Sonradan mübahisəli torpaq sahəsi Nübar Bağırova tərəfindən X5 satılmış, atası Əlimusa Rustəmov sahənin 0,03 hektarını 2000-ci ildə Samiq Əhədovdan satın almış, alqı-satqını 13 oktyabr 2017-ci il tarixli etibarnamə ilə rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinə deyil, “Metallurq” Bagçılıq cəmiyyətinə məxsus olmuşdur. Atası aldığı torpaq sahəsində ev tikərək ona vermiş, o isə körpə uşaqları ilə həmin evdə yaşayır. Məhkəmədə iştirak etmədiyi üçün bütün bunları bildirməmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş təqdimatın surətindən görünür ki, “Samur-Abşeron” kanalının şimalında, Bakı-Rostov dəmir yolunun cənubunda yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsində, 113 saylı torpaq sahəsinə bələdiyyənin memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən 113 saylı torpaq sahəsinin 300 kv.metrinin zəbt olunduğu və qanunsuz olaraq orada tikinti işlərinin aparıldığı məlum olmuş, şöbə əməkdaşları tərəfindən həmin sahəni zəbt edən Cavabdeh1 torpaq sahəsinin boşaldılması barədə xəbərdarlıq edilərək yerində akt tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokolun surətindən görünür ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq 4589,0 ha torpaq sahəsi Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2001-ci il tarixli aktın surətindən görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma aparılarkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi sahəsi 7829,80 hektar olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli Sumqayıt şəhər ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyasından görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə 7829,80 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bağçının üzvlük kitabçasının surətindən görünür ki, “Metallurq” bagçılıq cəmiyyətinin 5 may 1994-cü il tarixli, 7 nömrəli protokoluna əsasən X6 bagçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona bagçılıq cəmiyyətinin bağ sahəsindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 13 oktyabr 2017-ci il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X6 “Metallurq” bagçılıq cəmiyyəti tərəfindən verilmiş 996 saylı bağçının üzvlük kitabçasına əsasən ona məxsus olan Sumqayıt şəhəri “Metallurq” kollektiv bagçılıq cəmiyyəti ərazisində yerləşən, ümumi sahəsi 6 sot olan 996 saylı torpaq sahəsindən 3 sot torpaq sahəsinə sərəncam verməyə, sənədləri rəsmiləşdirməyə, özəlləşdirməyə və sairə dair 20 il müddətinə Rustəmov Əlimusa Əliheydər oğluna səlahiyyət vermişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi iddia tələbini mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əsaslandırmış və bu zaman Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokola və 22.09.2016-cı il tarixli akta istinad etmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən apellyasiya məhkəməsinin gəldiyi nəticələrin maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi “Azərboru” səhmdar cəmiyyətinin kollektiv kooperativ bağçılıq cəmiyyəti “Metallurq” bagçılıq cəmiyyətinin istifadəsinə ayrılmış, həmin ərazi cəmiyyət tərəfindən X4 istifadəsinə verilmişdir. İş materiallarında mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamalarını məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir və Sumqayıt Bələdiyyəsinin hazırki iddianı irəli sürmək hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir və işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 2(060)-19095/2016 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar