Məhkəmə qərarları › İş №2(105)-3275/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3275/2021

07.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3275/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına qarşı əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətinin təqdim edilməsi(?) tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(027)-1633/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(027)-1633/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilməsi qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(027)-1633/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(105)-643/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, 18.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi tələbinə dair iddiasının təmin edilməsi, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilməsinə dair 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(102)-4650/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-643/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətini, Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən ona təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir(?). İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialında işə qəbul olunmaq haqqında 24.08.2005-ci il tarixli, 97 nömrəli əmr ilə filialda kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilərək, orada kadrlar şöbəsinə rəhbərlik etmiş, Filialda həmin müqaviləyə əsasən 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi fasiləsiz olaraq mütəxəssis vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Onun atası və nümayəndəsi X3 tərəfindən 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi tərəflər arasında müddətsiz bağlanmış mövcud filial kadrlar üzrə mütəxəssisi vəzifəsində əmək müqaviləsinin təsdiqlənmiş surətinin təqdim edilməsi haqqında 11.05.2020-ci il tarixdə yazılmış və rəsmi poçt xəbərnaməsi ilə ünvanlanmış ərizəsi Filial tərəfindən cavablandırılmamışdır.Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından ləğv olunmalıdır. Belə ki, iddia tələbində göstərilən əmək müqaviləsi Filialda mövcud deyildir. Filialın kadrlar şöbəsinin inspektoru, şöbənin mütəxəssisi və operatoru tərəfindən tərtib edilmiş 05.07.2010-cu il tarixli aktdan görünür ki, Filialın kadrlar şöbəsinin müdiri İddiaçı əmək məzuniyyətinə çıxarkən, öz şəxsi işindən işdən çıxma barədə ərizəni, təhsil haqqında sənədini və əmək kitabçasını gizlicə götürmüşdür. Filialın kadrlar şöbəsinin inspektoru X1 05.07.2010-cu il tarixli izahatında göstərilən xüsusat öz təsdiqini tapmışdır. İddia tələbində göstərilən müqavilə də İddiaçı şəxsi qovluğunda aşkar edilməmiş, həmin müqavilə də digər sənədlərlə birlikdə iddiaçı tərəfindən götürülmüşdür. İddiaçının işdən azad edilməsinə dair 01.10.2010-cu il tarixli, 156 saylı əmrdə həmin hallara istinad olunmuşdur. Lakin həmin akt, əmrin və izahatın təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün prosessual imkan yaradılmamışdır. Hazırlıq iclasının keçirilməsi barədə bildiriş Filiala göndərilmiuş, bundan sonra yuxarda göstərilən aktın surəti məhkəməyə təqdim edilməsi üçün hazırlanmış, lakin məhkəmə baxışının keçiriləcəyi barədə heç bir bildiriş göndərilməmişdir. Göstərilən əmək müqaviləsi mövcud olduğu halda, onun bir nüsxəsi iddiaçıda olmalı idi. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməməklə MPM-nin 9.1, 9.3, 165, 167.1-ci maddələrin tələblərini pozmuşdur. Bundan başqa, müqavilənin surətinin təqdim edilməsi üçün cavabdehə şərait yaradılmamışdır. Buna görə də Quba Rayon Məhkəməsinin 2(027)-1633/2020 saylı, 18.09.2020-ci il tarixli qətnaməsi ləğv edlməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada bildirişlər göndərilmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı isə ona ünvanlanmış bildirişləri götürməkdən imtina etmişdir. Buna baxmayaraq, AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindəki SMS Xidməti vasitəsilə ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan əmrdən görünür ki, İddiaçı 24.08.2005-ci il tarixindən müqavilə əsasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Yenə iş materiallarında olan 28 iyul 2020-ci il tarixli, 92 saylı məktubdan görünür ki, İddiaçı nümayəndəsi X2 müraciətinə əsasən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. İşə əlavə edilmiş 25.08.2008-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı ilə İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən işçi bir il müddətinə, yəni 25.08.2009-cu ilədək kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.08.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialına qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və dərs saatlarının verilməsi öhdəliyinin qoyulması barədə tələbi təmin olunmamışdır. Yenə işdə olan 01.10.2010-cu il tarixli əmrdən görünür ki, 24.08.2005-ci il tarixindən müqavilə əsasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 01.10.2010-cu il tarxidən işdən azad olunması barədə əmr imzalanmışdır. Yenə də işdə olan Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının HİK üzvlərinin 27.09.2010-cu il tarixli qərarından görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunmasına etiraz edilmir. İşə əlavə edilmiş 05.07.2010-cu il tarixli aktdan görünür ki, filialın kadrlar şöbəsinin müdiri İddiaçı əmək məzuniyyətinə çıxarkən, öz şəxsi işindən işdən çıxma barədə ərizəni, təhsil haqqında sənədi və əmək kitabçasını götürmüşdür. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə AR Ali Məhkəməsinin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edlmiş nümunəvi formaya uyğun tərtib edilir. Yenə həmin Məcəllənin 44.3-ci maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının 23 avqust 2005-ci il tarixli, 98 saylı əmri ilə İddiaçı 24.08.2005-ci il tarixdən müqavilə əsasında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, 01.10.2010-cu il tarixli əmrlə onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 01.10.2010-cu il tarxidən işdən azad olunması qərara alınmışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, İddiaçı nümayəndəsi X2 müraciətinə əsasən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətini, Azərbaycan Müəllimlər İnstitutunun Quba filiialı tərəfindən ona təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdeh qurumun dəlillərinə görə iddiaçının istinad etdiyi əmək müqaviləsi cavabdeh təşkilatda mövcud deyildir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində pozulmuş hüquqlarının bərpasına yönələn tələbi mövcud deyil. Birinci instansiya məhkəməsi isə müvafiq olaraq iddia ərizəsində iddiaçının tələbinin olmamasına baxmayaraq aşağıdakı məzmunda iddianın təmin olunması nəticəsinə gəlmişdir: «…işəgötürən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X5 ilə işçi İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surətinin Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialı tərəfindən İddiaçı təqdim edilsin». Digər tərəfdən, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi 2005-2009-cu illərdə mövcud olan müddətsiz əmək müqaviləsinin təsdiq olunmuş surətinin verilməli olması nəticəsinə gələrkən, ümumiyyətlə həmin müddətlərdə iddiaçının həmin müəssisədə işləməsini, məhz hansı vəzifə üzrə funksiyalarını yerinə yetirməsini, ümumiyyətlə tərəflər arasında müddətsiz əmək müqaviləsinin bağlanıb-bağlanmamasını (mövcud olmasını) müəyyən etməmişdir. Məhkəmənin müddətsiz müqavilənin mövcudluğu müəyyən etmədən həmin müqavilənin iddiaçıya təqdim edilməli olmasına dair nəticəyə gələrkən isə hansı sübutlara istinad etməsi qeyri-müəyyəndir. İş materiallarından görünür ki, tərəflər arasında imzalanmış 25.08.2008-ci il tarixli əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. Bundan başqa, iş materiallarında hər hansı əmək müqaviləsi mövcud deyildir. Cavabdeh qurumla İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə dair 24.08.2005ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi əmək müqaviləsinin mövcud olmasını sübut etmək vəzifəsini isə cavabdeh deyil, iddiaçı daşıyır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən xüsusi olaraq o fakti əsas götürür ki, işdən də göründüyü kimi qeyd olunan dövrdə cavabdeh təşkilatda kadrlar üzrə mütəxəssis vəzifəsində iddiaçı özü işləmişdir. Başqa sözlə, əmək müqavilələrinin tərtib edilməsi, bir nüsxəsinin işçiyə verilməsi, qorunub saxlanılması onun vəzifəsi olmuşdur. Daha öncə qeyd olunduğu kimi 05.07.2010-cu il tarixli aktdan görünür ki, filialın kadrlar şöbəsinin müdiri İddiaçı əmək məzuniyyətinə çıxarkən, öz şəxsi işindən işdən çıxma barədə ərizəni, təhsil haqqında sənədi və əmək kitabçasını götürmüşdür. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mübahisəli hüquq münasibətləri zamanı qüvvəd olan AR MPM-nin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, öz tələblərinin əsası kimi istinad etdiyi hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd olunduğu kimi, İddiaçı hazırkı tələbi qeyri-müəyyəndir. Bununla belə, iddianın mahiyyətindən görünür ki, o, kadrlar üzrə mütəxəssis vəzifəsinə 24.08.2005-ci il tarixli müddətsiz bağlanmış, 24.08.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiq edilmiş surətinin təqdim edilməsini tələb etmişdir. Mübahisəyə bu cür yanaşıldığında isə, iş materialları ilə həmin müqavilənin (4 il müddətsiz) mövcud olması barədə hər hansı sübut mövcud deyildir. Bu halı təsdiq edən sübutları isə İddiaçı məhkəməyə təqdim edə bilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qüvvədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, mövcud olmayan əhəmiyyətli sənədin təsdiq edilmiş surətinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə nəticəyə gəlmişdir ki, bu da mülki prosessual qanunvericiliyə birbaşa ziddir. İddianın bu əsasla təmin edilməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yenə həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarında iddiaçı tərəfindən tələb edilən əmək müqaviləsinin mövcud olmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Onun vaxtilə Filialda müddətli əmək müqaviləsinə əsasən müəyyən vaxt ərzində işləməsi isə tərəflər arasında 4 illik müddətsiz əmək müqaviləsinin mövcud olması mənasına gəlmir. Digər tərəfdən isə, bu cür müqavilə olsa belə, artıq o, hüquqi əhəmiyyətini itirmişdir, buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ona qarşı X.Qasımovun qaldırdığı hazırkı iddia təmin oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə əmək münasibətlərindən doğan bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddiaya dair tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(027)- 1633/2020 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdeh Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına qarşı iddiası təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar