Məhkəmə qərarları › İş №2(105)-3278/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3278/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3278/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs X5 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia təmin edilib, İddiaçı yetkinlik yaşına çatmayan uşağı 03.09.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs X5 birgə qaydada apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.09.2013-cü il təvəllüdlü oğlu X8 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05 yanvar 2005-ci ildə faktiki, 05 sentyabr 2005-ci ildə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və birgə nikahdan 03.09.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə ailə qurub əvvəllər mehriban yaşasalar da, ailə münasibətləri sonradan pisləşmişdir. Bundan sonra cavabdeh 2017-ci ilin aprel ayında yaşadıqları evi tərk etmiş, ər-arvad münasibətlərini kəsərək ona məlum olmayan ünvanda yaşamışdır. ünvan 2i mülkiyyət hüquq üzrə cavabdehə məxsusdur. Bundan sonra cavabdeh uşağı görmək adı ilə gəlsə də, uşağın və ailənin ehtiyacları ilə maraqlanmamış, ər və atalıq borcunu yerinə yetirməmişdir. Ona görə də nikahın pozulması barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(060)-14264/2017 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Cavabdeh onun yaşadığı bağ evinin işığını, suyunu, qazını tez-tez kəsdiyindən, azyaşlı uşağının soyuqlamaması üçün dekabr ayında müvəqqəti olaraq həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. O, azyaşlı uşağı ilə birlikdə həmin fərdi yaşayış evinə qayıdıb orada yaşamaq istəsə də, cavabdeh nikahları ləğv olunduğundan onun həmin ünvanda yaşamasına razı olmamış və fərdi yaşayış evinə buraxmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs X5 birgə qaydada verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 04 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosesual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə hər hansı bir aidiyyatı yoxdur. Bu torpaq sahəsi və onun üzərində inşa edilmiş ev X2 məxsus olmaqla ona vərəsəlik qaydasında keçmişdir. Tərəflər birgə yaşadıqları vaxt iddiaçı gizlin olaraq başqa bir şəxslə əlaqə yaratmış və bir gün evə gələrkən evdə olan bütün əmlakların, hətta həmin evə M.M.Əliyeva tərəfindən alınmış əmlakların da iddiaçı tərəfindən aparıldığının şahidi olmuşlar. İddiaçı 2017-ci ildə yaşayış evini məhz bu şəraitdə tərk etmiş və evdən çıxan kimi məhkəmədə boşanma barədə iddia qaldırmışdır. Bir müddət sonra isə onlara məlum olmuşdur ki, o, Naxçıvan MR-nın Şərur rayonunun Dügəndi kəndində yaşayan Vüsal adlı şəxsə ərə getmiş və getdiyi şəxsdən iki nəfər uşaqları doğulmuşdur. Hazırda cavabdeh başqa şəxslə ailə həyatı qurmuş və birlikdə mübahisəli evdə yaşayırlar. İkinci dəfə başqa şəxsə ərə gedib ailə həyatı qurmuş və həmin şəxsdən iki uşaq dünyaya gətirmiş iddiaçının yenidən gəlib qeyd olunan ünvanda yaşaya bilməsi mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada qətnamə ilə maraqlarına toxunan şəxs X2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qətnamə ilə maraqlarına toxunan şəxs X1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh nikahlarını 05.09.2005-ci ildə Sumqayıt şəhər Nikah evində qeyd etdirməklə evlənmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.09.2013-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X3r. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikahın pozulması 01.09.2018-ci il tarixli, 335 saylı akt ilə qeydə alınmışdır. ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsinin 29 mart 2013-cü il tarixli, ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış; ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsi, 29 mart 2013-cü il tarixli, **********83 nəmrəli Torpaq sahəsinin planı və ölçüsü; Azərbaycan Respublikası ƏN, Sumqayıt “ASAN” xidmət mərkəzi mərkəzi, notarius Əhmədli B.M. (şəhadətnamə №100), 12 iyun 2015-ci il tarixli, 4Ə-1965 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında hüquq sahibi X1 adına 22.09.2015-ci il tarixdə mülkiyyət hüququ üzrə ünvan 2inin “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 8 nömrəli bağ sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2005-ci ilin iyun ayında yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri 2005-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin araşdırılan halları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh 05 yanvar 2005-ci il traixdə faktiki surətdə ailə həyatı qurmuş, nikahlarını 05 sentyabr 2005-ci il tarixdə rəsmiləşdirmişlər və birgə nikahdan 03.09.2013-cü il tarixdə Ümid adlı bir nəfər uşaqları doğulmuşdur. ünvan 2i mülkiyyət hüquq üzrə X2 məxsusdur. İddiaçı cavabdehlə ər-arvad münasibətləri pozulduğuna görə 2017-ci ildə yaşadığı evi tərk etmiş və hazırda tərəflər ayrıayrı ünvanlarda yaşayırlar. Tərəflər arasındakı nikah pozulmuş və bu barədə 01.09.2018-ci il tarixdə 335 saylı akt ilə qeydə alınmışdır. Sonradan İddiaçı Naxçıvan MR-nın Şərur rayonunun Dügəndi kəndində yaşayan Vüsal adlı şəxsə ərə getmiş və getdiyi şəxsdən iki nəfər uşaqları doğulmuşdur. Hazırda cavabdeh də başqa şəxslə ailə həyatı qurmuş və birlikdə mübahisəli evdə yaşayırlar. 12 iyun 2015-ci il tarixli, 4Ə-1965 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında hüquq sahibi X1 adına 22.09.2015-ci il tarixdə mülkiyyət hüququ üzrə ünvan 2i qeydə alınmışdır. Yeni tikilən yaşayış evi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasa da X2 həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, ikinci dəfə başqa şəxsə ərə gedib ailə həyatı qurmuş və həmin şəxsdən iki uşaq dünyaya gətirmiş iddiaçının yenidən gəlib qeyd olunan ünvanda onlarla birlikdə yaşaya bilməsinin heç bir qanuni əsası yoxdur və mümkün deyildir. İddiaçı həmin faktı etiraf edərək mübahisəli yaşayış evində Cavabdeh və onun ailə üzvləri ilə bilrikdə yaşamaqlarının mümkün olmadığını göstərmiş və iddia qaldırmaqda əsas məqsədi cavabdeh tərəfdən müəyyən məbləğdə kompensasiya şəklində pul vəsaiti almaqdır. Bundan əlavə birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə hesab etmişdir ki, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli ev onların nikahda olduqları dövrdə inşa edilmişdir. İddiaçı cavabdehlə nikahları pozulana qədər həmin evdə yaşamışdır. Bu səbəbdən həmin fərdi yaşayış evinə onun yaşayış yeri kimi qiymət verilməlidir. Lakin İddiaçı mübahisəli yaşayış evinin tərəflərin birgə nikah dövründə tikilməsi və onun həmin evin tikintisində iştirakının olması faktını təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halı sübuta yetirə bilməmişdir. İddiaçı yetkinlik yaşına çatmayan uşağı 03.09.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi cavabdehin mülkiyyət hüququnun pozulması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı yetkinlik yaşına çatmayan uşağı 03.09.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülmələri barədə iddianı təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmalı, İddiaçı Cavabdeh qarşı 03.09.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddia ərizəsi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs X5 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 03.09.2013-cü il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar