Məhkəmə qərarları › İş №2(105)-328/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-328/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-328/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Natiq İsmayılov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakmiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqlarının Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36 cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildən etibarən Şamaxı rayon X1 müdiri vəzifəsində işləyir. Həmin Liseyin əvvəlki direktorunun razılığı və orada Həmkarlar Təşkilatının qərarı ilə liseyin yataqxanasında özü, arvadı və 3 övladına yaşamaq üçün yataqxanada ev verilmişdir. Sözügedən evdə kommunal xidmət haqlarını özü ödəmişdir. Əvvəlki arvadı uzun sürən xəstəlikdən vəfat etmiş və ikinci dəfə 2008-ci ildə Cavabdeh2 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Cavabdeh yaşadığı yataqxanaya gəlin köçdüyündən 10 nömrəli məktəbin direktorundan xahiş etmişdir ki, ikinci arvadı Cavabdeh2 orada işlə təmin olunsun. Lakin Cavabdeh2 övladları ilə yola getmədiyinə görə və aldığı əməkhaqqının çox olduğunu görüb ondan birgə yaşayış dövründə gəlirlərinin özünə alınması tələbi ilə birgə nikah dövründə Şamaxı Rayon Məhkəməsinə şikayət etmiş və yekun nəticədə apellyasiya şikayəti verdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cavabdehin iddia tələbi təmin olunmamışdır. Yəni Şamaxı Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Yaşadığı yataqxanadakı evin qapısının qıfılı onun qardaşı tərəfindən dəyişdirildiyinə görə evə gedə bilməmişdir, soruşduqda isə liseydə gəlib onu təhqir edirdi. Şamaxı Rayon İcra Hakimiyyətinin Ş-03-2327 saylı, 04.08.2020-ci il tarixli məktubundan görünür ki, 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində X2 yataqxanaları qəzalı vəziyyətə düşdüyündən orada məskunlaşdığı mənzilin əvəzinə onlara Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma ilə verilmişdir. Qeyd edir ki, Cavabdeh2 onun xəbəri olmadan Şamaxı Rayon İcra Hakimiyyətinə verilən məktuba yalnız öz adını yazdırmışdır. Bundan xəbər tutanda Şamaxı Rayon İcra Hakimiyyətinə o siyahıya ümumilikdə hamının adının yazılmasını tələb etsə də, gec olduğunu bildirərək məhkləməyə müraciət etməsini bildirmişlər. Odur ki, Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36-cı mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirir ki, Cavabdeh2 ilə birgə nikahdan övladı yoxdur. Digər tərəfdən Cavabdeh2 Bakı şəhərində qeydiyyatdadır. Düşünürdü ki, Cavabdeh2 bu evdə tək uzun müddət yaşamaz və onu ailəsi gəlib öz evlərinə apararlar, lakin belə olmadı. Onun həmin evdən çıxarılması barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Hal-hazırda mübahisəli mənzildə keçmiş arvadı tək yaşayır, onu evinə buraxmır, polislə hədələyir. Məhkəməyə məlumat verir ki, 255 (iki yüz əlli beş) manat əmək-haqqı alır, aldığı maaş övladlarının tələbatını ödəmir. Bir övladı hərbi xidmətdədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş m/605 saylı, 15.09.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasında adına ev yoxdur. Övladları ilə birgə kirayədə yaşayır, bu baxımdan cavabdehin Şamaxı rayonunun Mirikənd kəndində guya onun şəxsi evinin olması barədə məhkəmədə söylədikləri həqiqətə uyğun deyildir. Hər ay kirayə pulunu ödəməyə çox çətinlik çəkir. Qeyd edir ki, əvvəllər uşaqlar kiçik olduqlarından analarının pensiyası hesabına ev kirayəsini ödəyə bilirdi, lakin hazırki dövrdə əmək haqqı az olduğundan bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Daha sonra qeyd etdi ki, oğlu Şəmsi 2000-ci il, Şəhriyar isə 2002-ci il təvəllüdlüdür. Övladları ona nümayəndə kimi etibarnamə verməyiblər, ancaq onların da köçürülməsini istəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, İddiaçı ilə aralarındakı nikaha 12.02.2015-ci ildə xitam verilmişdir. Sözügedən mənzil, yəni Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110-cu binanın 36-cı mənzili halhazırda onun adınadır. İddiaçı 2014-cü ildə onu atıb getmiş, 2015-ci ildə rəsmi olaraq boşanıb və başqa qadınla rəsmi ailə həyatı qurmuşdur. Zəlzələ zamanı iddiaçı yataqxanda yaşamırdı. Cavabdehin Şamaxı rayonu, Mirikənd kəndində şəxsi evi var. Hal-hazırda ailə və uşaqları ilə birlikdə yaşayırlar, iddia tamamilə əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, müvəkkilinə mənzilin ayrılması barədə Şamaxı rayon İcra Hakimiyyətinin möhürlü, imzalı rəsmi məktubu var. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə İddiaçı ilk məhkəmə iclasında iştirak etsə də, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin Cavabdeh2 ünvanlanmış 04 avqust 2020-ci il tarixli, Ş-03-2327 saylı məktubundan görünür ki, püşkatma nəticəsində ona 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X2 yataqxanasında məskunlaşdığı mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 36 saylı mənzili verilmişdir. İş materiallarında olan X2 11 sentyabr 2020-ci il tarixli, 44 saylı arayışından görünür ki, Şamaxı X1 müdiri işləyən İddiaçı Yəhyazadə oğluna 09.09.2020-ci il tarixdə tərtib olunmuş akta əsasən 1999-cu il tarixdə liseyin sabiq direktoru liseyin yataqxanasından ailə və uşaqları ilə birlikdə yaşamağa ev vermişdir. Yaşayandan bir neçə il sonra arvadı vəfat etmiş, İddiaçı 2-ci dəfə 2008-ci ildə Cavabdeh2 ilə ailə qurmuşdur. 2015-ci ildə ailə münaqişəsi yarandığına görə Cavabdeh2 ilə ailə nikahları pozulmuşdur. Cavabdeh2 05.02.2019-cu il tarixdə zəlzələ olana qədər həmin evdə tək yaşamışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının aparatının 02 avqust 2021-ci il tarixli, Ş-03-1435 saylı məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qəzalı hesab edilən evlər siyahiya alınmışdır. X2 yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər X3 tərəfindən təqdim olunmuş siyahıya əsasən qeydə alınmışdır. Təqdim olunmuş siyahıda Cavabdeh2 adı olduğu üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində inşa olunmuş 110 mənzilli binanın 36-cı mənzili ona verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh2 arasında olan nikaha 12.02.2015-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20.07.2017-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulduğuna görə, iddiaçı qanunvericiliyin tələbləri baxımından Cavabdeh2 ailə üzvü hesab olunmur və işin bu halında onun cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bundan başqa, işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma da olmamış, iddiaçının yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə yaşamamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi barədə verilmiş iddia tələbi də təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməməkdə duzgun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı rayon İcra Hakmiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşaqlarının Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36 cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının uşaqları Şəmsi 2000-ci il, Şəhriyar isə 2002-ci il təvəllüdlüdür. Yəni onlar yetkinlik yaşına çatdıqlarından iddiaçının onların adından məhkəmədə iddia qaldırmaq və ya onların barəsində hər hansı bir xahtiş etmək hüququ yoxdur. O, yalnız övladları ona etibarnamə verdikəri təqdirdə onların barəsində hər hansı bir hərəkət edə bilər. Hazırda isə iş materiallarında belə bir etibarnamə mövcud deyildir. Bundan başqa iddiaçı apellyasiya şikayətində kirayədə yaşadığını, evi olmadığını bildirmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Mirikənd İnzibati Ərazi Dairəsinin 15.12.2021-ci il tarixli, 39 saylı məktubundan görünür ki, Mirikənd İƏD üzrə nümayəndəliyin 02 saylı təsərrüfatbaşına kitabında İddiaçı məxsus olan 60 saylı şəxsi hesabında 0,10 ha həyətyanı torpaq sahəsi və 2011-ci ildə tikilmiş ümumi sahəsi 180 kv.m olan fərdi yaşayış evi vardır. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzil cavabdehə 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş, qəzalı hesab edilən evlərə dair siyahı əsasında verilmişdir ki, həmin vaxt iddiaçı ilə cavabdeh artıq ailə üzvü sayılmırdılar, yəni onların nikahı 2017-ci ildə pozulmuşdu. İş materiallarında olan vətəndaşın müddətli həqiqi hərbi xtdmətə göndərilməsinə dair 11.10.2021-ci il tarixli elektron arayışdan görünür ki, iddiaçının oğlu Dadaşov Şəmsinin ünvanı ünvan 2ayətinin məzmunundan eləcə də məlum olur ki, iddiaçı mübahisəli mənzilin cavabdehə verilməsindən narazıdır. Lakin o, həmin mənzilin verilməsinə dair sənədləri mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar