Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3295/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh qızının iştirakı ilə,İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən artıq ödənilmiş 4216,18 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilməsi səbəbindən ərizənin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı narazı qalaraq şikayət vermiş və məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadının ləğv edilməsi, artıq ödənilmiş 4216,18 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının şikayəti onunla əsaslandıılrmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 326B ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16.10.2020-ci il tarixdə ərizə ilə müraciət edərək qaynanası X1 24.03.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh qaynanasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən onun müvafiq kart hesabına 310.10.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 4816,18 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Onun müraciəti ilə bağlı Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) 3 misli miqdarında (600) manat dəfn müavinə hesablanaraq artıq ödənilmiş 4816,8 manatdan çıxılmış və qalan 4216,18 manat pul vəsaiti bu günədək geri qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasl Qanununun 38ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyasınıntəyi edən orqana məlumat verilməlidir. Cavabdeh yaranmış 4216,18 manatın ödənilməsi barədə şifahi formada müraciət edilmiş, daha sonra cavabdehə 08.05.2021-ci il tarixdə məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə qərardadı qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»nın 4 N-li qərarına istinad etmişdir ki, bu da qanunvericiliyin pozulmasıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadının ləğv edilməsi, artıq ödənilmiş 4216,18 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında işə məhkəmədə baxılmasını xhaiş edərək şikayətin təmin edilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia tələbinin pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olduğunu, qanunvericiliyin tələbinə görə verilmiş tələbə baxılıb, yekun qərarın çıxarılması (öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi) ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyəti xaricində olmasını müəyyən edərək iddia ərizəsiniu icraata qəbul etməkdən imtina etmiş və gəldiyi nəticəni də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»nın 4 N-li qərarına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»nın 4 N-li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdən görünür ki, iddiaçı orqan cavabdeh tərəfindən əsasız olaraq alınmış əmək pensiyası üzrə artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir ki, bu mübahisə cavabdehdən ümumi qaydada pul tələb edilməsidir. Həmçinin qeyd edilən iddia tələbi şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) aid deyildir. Bu səbəbindən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-6429/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3295/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3295/2021
04.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver