Məhkəmə qərarları › İş №2(105)-3308/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3308/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3308/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)-13347/2015 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)-13347/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Ərizəçi 10.01.2000-ci ildən 28.12.2005-ci ilədək Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində fəhlə işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 10.01.2000-ci ildən 28.12.2005-ci ilədək Sumqayıt şəhərində Səfərli-1 müəssisəsində fəhlə işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə Qubadlı rayonunun Tinli kəndində anadan olmuşdur. 10.01.2000-ci ildən 28.12.2005-ci ilə kimi Sumqayıt şəhərində Səfərli-1 müəssisəsində fəhlə kimi fəaliyyət göstərmişdir. Səfərli-1 müəssisəsində fəhlə kimi işləməsini şahidlər X7 və X1 təsdiq edə bilər. Həmin faktın təsdiqi yalnız məhkəmə qətnaməsi ilə ola bilər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan, qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün iazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Məhkəməyə maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilir. Məhkəmə qətnaməni qəbul edərkən ərizəçinin 10.01.2000-ci il tarixdən 28.12.2005-ci il tarixədək Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində fəhlə kimi işlədiyi illəri müvafiq olaraq şahidlər X6 və X8 tərəfindən verilmiş ifadələrə əsaslanmışdır. Halbuki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İşdə şahid qismində dindirilən X6 və X8 tərəfindən ərizəçinin qeyd etdiyi təşkilatda onlarla birgə işlədiyini təsdiq edən zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci bəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Lakin ərizəçi tərəfindən işlədiyi iddia etdiyi dövrlər üzrə (2000-2005) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini aşkar şəkildə kobudcasına pozmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində işləmiş, Ərizəçi da onunla birgə 10.01.2000-ci ildən 28.12.2005-ci ilədək Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində fəhlə işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində işləmiş, Ərizəçi da onunla birgə 10.01.2000-ci ildən 28.12.2005-ci ilədək Sumqayıt şəhəri Səfərli-1 müəssisəsində fəhlə işləmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən həqiqətən Ərizəçi 10.01.2000-ci ildən 28.12.2005-ci ilədək olan dövr üçün əmək stajının olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. İşdən görünür ki, Ərizəçi 10.01.2000-ci ildən 28.12.2005-ci ilə kimi Sumqayıt şəhərində Səfərli-1 müəssisəsində fəhlə işləməsinə dair sənədlərin əldə olunması üçün həmin idarəyə müraciət etməmiş, eləcə də həmin dövr də daxil edilməklə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməsinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” qanunun 21.1.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə görə sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Sosial sığorta haqqında” qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, iş stajı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Birinci instansiya məhkəməsi Ərizəçi ərizəsində qeyd etdiyi yerdə işləməsi faktını müəyyən edərkən şahid ifadələrinə istinad etsə də, şahidlərin özlərinin bu məlumatların birbaşa daşıyıcıları olub-olmamasına, yəni həmin şəxslərin Ərizəçi işlədiyi ehtimal olunan yerdə çalışmalarının onlara məxsus əmək kitabçalarında qeydlərlə təsdiq edilməməsinə qiymət vermədiyindən, bu ifadələrdə əks olunmuş məlumatların işin müəyyən edilmiş halı kimi qiymətləndirilməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi 10.01.2000-ci ildən 28.12.2005-ci ilə kimi Sumqayıt şəhərində Səfərli-1 müəssisəsində fəhlə işləməsi faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunmadığından ərizənin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)-13347/2015 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar