Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3318/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(012)-126/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(012)-126/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X5, ailə üzvlərinin və digər şəxslərin ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən sahəsi 0,0693 ha torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi, cavabdehin və ailə üzvlərinin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 27.10.2017-ci il tarixli, **********52 reyestr nömrəsi ilə onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə etmişdir. 10 il öncə bu torpaq sahəsində tikinti aparılan zaman, həmin tikintidə cavabdeh X5 mərhum atası Sakit Xanhüseynov usta kimi çalışmışdır. Evin tikintisi ilə məşğul olan mərhum Sakit Xanhüseynova həmin evin onun tərəfindən satışa çıxarılmasına qədər orada müvəqqəti olaraq yaşaya biləcəyini bildirmişdi. Sakit Xanhüseynov vəfat etdikdən sonra həmin torpaq sahəsi oğlu cavabdeh Cavid Xanhüseynov və ailə üzvləri tərəfindən zəbt edilmişdir. Cavabdeh Cavid Xanhüseynov ailə üzvləri ilə yanaşı, orada başqa şəxslərin də yaşaması üçün şərait yaratmışdır. Hazırda həmin əmlakı satmaq istəsə də, cavabdehin bu cür təqsirli hərəkətləri nəticəsində torpaq sahəsindən istifadə etmək və sərəncam vermək hüququndan məhrum edilmişdir. Torpaq sahəsi hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi, cavabdehin və ailə üzvlərinin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə mərhum atası X4 arasında Abşeron rayonu, Masazır kəndi 0,0693 ha torpaq sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin 13 iyul 2001-ci ildə bağlanmış hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq Abşeron rayonu, Masazır kəndi 0,0693 ha torpaq sahəsinə dair atası X2 adına çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, mübahisəli Abşeron rayonu, Masazır kəndi 0,0693 ha torpaq sahəsi 19 il əvvəl, yəni 2001-ci ildə mərhum atası X4 tərəfindən İddiaçı ilə aralarında bağlanılan şifahi razılaşmaya əsasən alınmışdır. Elə həmin vaxtda şahidlərin iştirakı ilə tərəflər arasındakı razılaşdırılmış pul məbləği cavabdeh İddiaçı ödənilmişdir. Həmin vaxtdan torpaq sahəsi məhz atasının və ailə üzvlərinin sahibliyi və istifadəsindədir. Ötən 19 il müddətində bu torpaq sahəsində tərəfindən öz vəsaiti hesabına 2 fərdi yaşayış evi tikilmiş, həmin evlərdən birinə dair müvafiq eskiz layihə də atası X2 adına 2011-ci ildə tərtib edilmişdir. Lakin torpaq sahəsinin atasının adına keçməsinə dair hər hansı bir müqavilə İddiaçı təqsiri ucbatından bağlanmamışdır. Belə ki, İddiaçı torpaq sahəsini 2001ci ildə atasına satarkən mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Eyni zamanda İddiaçı bununla bağlı ilkin alqı-satqını müvafiq qaydada rəsmiləşdirmək adı altında o dövrdə atasına 13.07.2001-ci ildə ümumi etibarnamə verməklə atasını inandırmış, torpaq sahəsinə onun adına çıxarış alındıqdan sonra atasının adına rəsmiləşdirilməsi məqsədi ilə də yenə atasını inandıraraq 01.08.2004-cü ildə növbəti ümumi etibarnamə vermiş, daha sonra 3-cü dəfə 11.10.2008-ci ildə atasının adına növbəti 10 illik müddətə daha bir etibarnamə vermişdir. İddiaçı atasını inandırmışdır ki, torpağın rəsmi sənədləri (çıxarış) alındıqdan sonra dərhal torpaq sahəsi adına rəsmiləşdiriləcəkdir, məhz elə bu məqsədlə də ona ümumi etibarnamə verdiyini bildirmiş, gələcəkdə də bununla bağlı hər hansı bir narazılığının olmayacağına inandırmışdır. Beləliklə, İddiaçı hər vəchlə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən boyun qaçırmış, 19 il müddətində satdığı torpaq sahəsinə dair atasına yalnız ümumi etibarnamələr verməklə aldatmış, müvafiq qaydada notarial müqavilənin bağlanmasından yayınmışdır. Mübahisəli torpaq sahəsinə dair sənədləşmə, nəhayət 27.10.2017-ci ildə atası tərəfindən həyata keçirilmiş, lakin qanunvericiliyə uyğun olaraq, eyni zamanda atası ilə İddiaçı arasında bağlanmış şifahi müqavilənin şərtlərinə əsasən RX seriyalı ******* nömrəli çıxarış İddiaçı adına alınmışdır. O dövrə qədər İddiaçı adına rəsmi çıxarış olmamışdır. Həmin vaxt isə İddiaçı atasına verdiyi ümumi etibarnamənin müddəti hələ bitmədiyindən atası bir müddət sonra torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirilməsini planlaşdırmışdı. Lakin atası 20.02.2018-ci ildə qəflətən vəfat etmiş, bunu etmək artıq mümkün olmamışdır. İddiaçı isə bu xəbəri eşitmiş, eyni zamanda bu və ya digər yollarla da artıq torpaq sahəsinə dair çıxarışın məhz onun adında olmasını öyrənmiş, bundan məharətlə istifadə edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin sadə yolla sübutu və danılmaz, mübahisəsiz halı odur ki, torpaq sahəsinə alınmış çıxarış mərhum atası tərəfindən qeyd etdiyi kimi müvafiq etibarnamə ilə səlahiyyətli nümayəndə kimi əldə edilmiş və çıxarışın əsli məhz bu günədək də onlardadır. Bundan başqa, keçən 19 il ərzində torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərində məhz onların ailəsi yaşamış, evlərin onun tərəfindən inşa edilməsi ətrafda yaşayan bütün qonşuların gözləri qarşısında baş vermişdir. Belə ki, fərdi yaşayış evlərinin tikintisini həyata keçirmiş, orada təmir işləri aparmış ustalar, fəhlələr, digər şəxslər buna şahiddirlər, həmin fərdi yaşayış evlərinin məhz onların vəsaiti, eyni zamanda şəxsi yaşayış məqsədi ilə inşa edilməsini təsdiq edə bilərlər. Eləcə də bütün kommunal ödənişlər bu günədək məhz onlar tərəfindən ödənilmiş və ödənilməkdədir. Həmçinin fərdi yaşayış evlərinə qaz, su, elektrik enerjisinin çəkilməsi ilə bağlı müqavilələr onlar tərəfindən rəsmi qurumlarla imzalanmış, müvafiq layihə-smeta sənədləri tərtib edilmiş, nəticədə adlarına uyğun sayğaclar quraşdırılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi 20 il bundan əvvəl, yəni 2001-ci ildə atası X4 tərəfindən İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən 1200 ABŞ dollarına alınmış və şahidlərin iştirakı ilə həmin məbləğ İddiaçı ödənilmişdir. Lakin mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də İddiaçı 13.07.2001-ci il tarixdə atasına ümumi etibarnamə vermiş və atasını inandırmışdır ki, adına çıxarış alındıqdan sonra alqı-satqı rəsmiləşdiriləcəkdir. Həmin vaxtdan başlayaraq atası, o və ailə üzvləri həmin tarpaq sahəsində iki fərdi yaşayış evi tikib, orada yaşamağa başlamışlar. Bu müddət ərzində İddiaçı atasına yenidən 01.08.2004-cü ildə 3 il müddətinə, 11.10.2008-ci ildə isə 10 il müddətinə ümumi etibarnamə vermişdir. 2001-ci ildən başlayaraq həmin torpaq sahəsində inşa etdiyi yaşayış evlərinə su, işıq, qaz çəkilişi ilə bağlı müvafiq qurumlar atası ilə müqavilə bağlamış, atası layihə-smeta sənədlərini hazırlatdıraraq rüsum ödəmiş, istifadə olunan su, qaz və elektrik enerjisinin dəyərini, həmçinin bələdiyyə vergilərini bütün bu müddət ərzində öz adından ödəmişdir. Bu barədə olan sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçı atasını inandırmişdir ki, həmin torpaq sahəsinin sənədləşməsi başa çatdırıldıqdan sonra, yəni adına çıxarış alındıqdan sonra aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanacaqdır. Bu minvala İddiaçı 3 dəfə atasının adına etibarnamə verərək alqı-satqının notarial qaydada rəsmiləşdirilməsindən qəsdən yayınmış, atası Sakit Haqverdiyev həmin torpaq sahəsinə dair DƏDRX-dən İddiaçı adına 27.10.2017-ci ildə çıxarış aldıqdan sonra alqı-satqı müqaviləsini bağlamağa imkan tapmamış, 20.02.2018-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində anası ilə birlikdə həlak olmuşlar. İddiaçı bundan, həmçinin torpağın çıxarışının öz adına alınmasından istifadə edərək onun həmin torpaq sahəsini zəbt etməyinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılmağı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı özünə məxsus torpaqda ev tikirdisə, bunların hamisini özü etməli, pul, material verməli, ustalara özü rəhbərlik etməli idi. Faktiki olaraq İddiaçı 2001-ci ildə torpaq sahəsini onlara satıb, birinci dəfə etibarnamə verəndən sonra bir dəfə də olsun ora gəlməmiş, nə mərhum atasına, nə də ona torpaq sahəsində aparılan tikinti işləri ilə bağlı müraciət etməmiş, onlardan pul ödəməyi, yaxud oranı tərk etməyi tələb etməmiş, məhkəməyə, yaxud başqa inzibati orqanlara torpaq sahəsini zəbt etməyi və oradan çıxarılmağı ilə bağlı şikayət etməmişdi. Ötən 20 il müddətində torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evlərində yalnız onun ailə üzvləri yaşamışdır. Məhkəmədə işə baxılarkən bütün şahidlər, qonşular, qohumlar həmin torpaq sahəsinin İddiaçı tərəfindən 2001-ci ildə etibarnamə ilə atasına satıldığını, həmin vaxtdan sonra İddiaçı bu torpaq sahəsinə gəlmədiyini, orada öz vəsaiti ilə dəvət etdiyi digər ustaların köməkliyi ilə tikinti-təmir və abadlıq işləri apardığını bir daha təsdiq etmişdilər. Məhkəmədə mübahisə olunan torpaq sahəsində gördüyü işlər üçün hansı mağazalardan, haradan və kimlərdən hansı inşaat materialları aldığı, hansı nəqliyyat vasitələri ilə daşıdığı, hansı ustaların köməkliyi ilə inşaat işləri apardığı göstərdiyi halda, İddiaçı dəfələrlə məhkəməyə çağırılması barədə vəsatət qaldırılsa da, məhkəməyə gəlməkdən, bu və ya digər suallara aydınlıq gətirməkdən boyun qaçırmışdı. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 16.08.1996-cı il tarixli, 28 saylı sərəncamının surətindən görünür ki, Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli, 84 saylı məktubuna əsaslanaraq vətəndaşlara, o cümlədən İddiaçı fərdi ev tikintisi üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 13 iyul 2001-ci il tarixdə Abşeron rayon 2 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və sair işləri aparmağı 3 il müddətinə X3 etibar etmişdir. İş materiallarında olan 01 avqust 2004-cü il tarixdə Abşeron rayon 2 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və sair işləri aparmağı 3 il müddətinə X3 etibar etmişdir. İş materiallarında olan 11 oktyabr 2008-ci il tarixdə Abşeron rayon 2-ci Dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Əsgərov X1 sovxoz ərazisində yerləşən 06.08.1996-cı il tarixli, 28 saylı sərəncama əsasən ona məxsus olan 0,10 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər hərəkətləri etməyi 10 il müddətinə X3 etibar etmişdir. İş üzrə keçirilmiş ekspertizanın 30.12.2020-ci il tarixli, 10/3918 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-in mütəxəssis rəyinə əsasən X8 tərəfindən aparılan tikililərin (iki yaşayış evi və bir köməkçi tikili) İddiaçı adına 27.10.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0693 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 30.12.2020-ci il tarixli, 10/3918 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh X8 tərəfindən aparılan tikililər İddiaçı adına 27.10.2017-cii il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0693 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşir. X8 qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsi ilə əsaslandırmışdır. Hazırki mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu etibarlı hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin alqı-satqı müqavilələrinin etibarlı sayılması üçün qanunvericilik zəruri şərtlər kimi onların yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulan həmin şərtlər mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(012)-126/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3318/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3318/2021
14.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver