Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-332/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: mənzil ölçüsü ilə bağlı mübahisə, çatışmayan sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(060)-5126/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 7380 manatın və vurulmuş ziyana görə 1476 manatın və dövlət rüsumu kimi ödənilmiş 101 manatın əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 10, mənzil 59-un tikintisi haqqında 21 iyul 2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 115 kv.m göstərilsə də, ona faktiki 96.3 kv.m mənzil verilmişdir (18.7 kv.m az) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1603/2022 saylı iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunmuş, ona 7405 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizası bu nəticəyə gəlmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş - Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230 saylı binanın 1 A girişinin, 10-cu mərtəbəsində yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi 96.3 kv.metr, ümumi sahəsi (müqavilədə qeyd edildiyi kimi) 115 kv.metr, fərq isə 18.7 kv.metr təşkil edir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnamədən verilən apellyasiya şikayətlərini qismən təmin edərək, qətnaməni ləğv etmişdir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş və belə olan halda iddiaçının şərtləşdirilmiş malı əldə etmədiyi üçün daha az ödəniş etmək və artıq etdiyi ödənişi geri almaq hüququ yaranmışdır. Müqavilədə mənzilin sahəsinin 115 kv.m olması qeyd edilsə də, təhvil verilən mənzilin faktiki sahəsi 96.3 kv.m təşkil edir. İddiaçı 45261 manat ödəməli olduğu halda (96.3*470 manat), 52640 manat, yəni 7380 manat artıq ödəmişdir. Bu vəsaiti isə əsassız olaraq qəbul edib özündə saxlamaqla, cavabdeh həmin vəsait hesabına əsasssız varlanmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı ödənişlərini 2019-cu ildə tam bitirmişdir. Həmin ildən başlayaraq, 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 7380 manat * 5% * 4 il = 1476 manat.
3. Cavabdeh "xxxx" MTK tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, işdə olan xx.xx.2013-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında payçının vəsaiti hesabına inşa ediləcək 59 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 112 m2-dir. Mənzilin dəyəri 52640 manatdır. Alıcı hər ay 527 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762.3, 763.1, 765, 766 və 773-cü maddələri nəzərdən keçirilə bilər. Podrat Müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal- cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçılara miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi iddiaçı Qərənfil Sülemanovaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, onla müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Əvvəlki məhkəmə işində birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikintitexniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, Qərənfil Süleymanovaya məxsus mənzilin faktiki sahəsi 104,8 kv. metr, ümumi sahəsi isə 118 kv. metr (müqavilədə göstərilən sahə ilə eyni); İddiaçı məxsus mənzilin faktiki sahəsi 96,3 kv metr, ümumi sahəsi 115 kv. metr (müqavilədə göstərilən sahədən də 3 kv. metr artıq) və Mahir Əsgərova məxsus mənzilin faktiki sahəsi 69,4 metr, ümumi sahəsi 92 kv. metr (müqavilədə göstərilən sahədən də 10 kv. metr artıq) təşkil edir. Rəyin təsviri hissəsinə görə ekspert, mənzillərin faktiki sahələrinin hesablamasını Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Ekspertiza rəyində mənzillərin ümumi sahələrinin müqavilələrə uyğun və hətta artıq olduğu göstərilmişdir. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Ekspert rəyindən də göründüyü kimi, cavabdeh müqavilələrdə göstərilən ümumi sahələri real olaraq iddiaçılara təhvil vermişdir. Digər tərəfdən, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə iddia müddətinin əvvəlini iddiaçı Qərənfil Süleymanovanın mənzilinə dair çıxarış aldığı 2021-ci ili yanvar ayından hesablasa da, mənzilin onun və digər çıxarış almamış iddiaçılar tərəfindən nə vaxt təhvil alındıqlarına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadıqlarına, əgər olmamışlarsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçıların istinad etdiyi qüsurla bağlı öz hüquqlarınun pozulduğunu bilməli olub-olmamalarına dair hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçıların məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçıların hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Yuxarıda şərh edilən hüquqi mövqe məhkəməyə elektron sistem vasitəsi ilə təqdim edilmiş ali məhkəmənin 3 ədəd qərarinda ifadə olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarlardan da aşkar şəkildə görünür ki, Ali Məhkəmə tərəfindən bu növ işlər üzrə formalaşdırılmış təcrübəyə əsasən bu növ münasibətlərə podrat münasibətləri kimi qiymət verilir və iddia müddətinin aximi müqavilənin bağlandiği və əmlakin təhvil verildiyi vaxtdan hesablanir. İddiaçı 2015-ci ildə mənzilinin təmirə başlayıb, həmin il də mənzilə köçmüşdür. Əvvəlki məhkəmə işi üzrə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2013-cü ildə iddiaçı ilə müqavilə bağlamışdır. Mənzil üçün 52000 manat pul ödəmişdir. 2015-ci ildə həmin mənzilə köçmüşdür. Əvvəlki məhkəmə işi üzrə keçirilən məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Əsgərov Mahir mənzilinin 2013-cü ildə təmirə başlayıb, 2014cü ilin avqust ayından etibarən orada yaşayır. Süleymanova Qərənfil 2015-ci ilin mart ayında mənzilinin təmirə başlayıb, iyun ayında həmin mənzilə köçmüşdür. İddiaçıların özlərinin də etiraf etdikləri kimi onlar 9-10 il öncə cavabdeh ilə müvafiq müqavilələr bağlamış və 2013, 2014 və 2015-ci illərdən mənzilləri təmir edərək, orada yaşamışlar. Bu isə 7-9 il bundan öncə baş vermişdir. 7-9 il ərzində iddiaçıların istifadə və sahibliyində olan mənzillərdə onlar tərəfindən ölçmə işləri aparıla bilərdi. Hətta təmir zamanı kv. metrə uyğun olaraq vəsait sərf edilən vaxt mənzillərin ölçüləri müəyyən edilməli idi. İşdən də göründüyü kimi Qərənfil Sülemanovadan başqa digər 2 iddiaçı dövlət reystrindən çıxarış almamış, yalnız qonşuları çıxarış alarkən və onun mənzili reyestr xidmətinin əməkdaşları tərəfindən ölçülərkən, guya onlar da həmin mütəxəssisləri dəvət edərək, mənzillərini ölçdürmüşlər. Halbuki, iddiaçılar mənzilləri təhvil alarkən və təmirə başlayarkən mənzillərini ölçməli və müqavilə predmeti olan mənzilin ölçülərində qüsur olduğu halda bunu podratçı olan iddiaçıya bildirməli idilər. Bunun əvəzində isə iddiaçılar mənzilləri qəbul etmiş, onları təmir etdirmiş və uzun illər ərzində bu mənzillərdə yaşayaraq, mənzilləri real ölçülərini bilə-bilə iddiaçıya ödənişlər də etmişlər. Mülki Məcəllənin 373.2 və 377.1-ci maddələrinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçıların özlərinin və nümayəndlərinin bildirdiklərinə görə 7-9 il bundan öncə mənzilləri təhvil almışlar. Bu müddət ərzində iddiaçılar mənzilləri ölçmək və ya ölçdürmək iqtidarında olmuşlar və əldə etdikləri mənzilin dəqiq sahəsi ilə maraqlanmalı idilər. Mənzillərin hamısı təmir edilmişdir. Təmir zamanı isə aydın məsələdir ki, ödənişlər hər kv. metrə uyğun aparılır. Belə olan halda iddiaçılar podrat müqavilələri üzrə qəbul etdikləri əmlakın ölçülərini aydınlaşdırmalı və bu zaman da hüquqlarının pozulub-pozulmadığını bilməli idilər.
5. xx.xx.2013-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 59 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 112 m2 -dir. Mənzilin dəyəri 52640 manatdır. Alıcı hər ay 527 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsinin 84,7 kv.metr, X5 məxsus 45 nömrəli mənzilin faktiki sahəsinin 101,5 kv.metr, X9 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.metr, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin 96,3 kv.metr və X1 məxsus 70 nömrəli mənzilin faktiki sahəsinin 83,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) “Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin ümumi sahəsi 118.0 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və X5 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119;0; kv.metr, 10-cu mərtəbəsində yerləşən və X9 məxsus 57 nömrəli mənzilin ümumi sahəsi 92,0 kv.metr, 10-cu mərtəbədə yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin ümumi sahəsi 115,0 kv.metr, 11 -ci mərtəbəsində yerləşən və X2 məxsus 70 nömrəli mənzilin ümumi sahəsi 107,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və X4 məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104,8 m2 ) ilə ümumi sahəsi (118,0 m2 ) arasında 13,2 m2 , X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84,7 m2 ) ilə ümumi sahəsi (107,0 m2 ) arasında 22,3 m2 , X5 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 m2 ) ilə ümumi sahəsi (119,0 m2 ) arasında 17,5 m2 , X9 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 m2 ) ilə ümumi sahəsi (92,0 m2 ) arasında 22,6 m2 , İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 m2 ) ilə ümumi sahəsi (115,0 m2 ) arasında 18,7 m2 , X1 məxsus 70 nömrəli mənzilin faktiki sahəsi (84.7 m2 ) ilə ümumi sahəsi (107.0 m2 ) arasında 22.3 m2 fərq olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(060)- 5126/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 7380 manatın və vurulmuş ziyana görə 1476 manatın və dövlət rüsumu kimi ödənilmiş 101 manatın əvəzinin alınıb iddiaçıya verilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 377.1, 377.2, 441.1, 441.4, 752.1, 752.2, 759.1, 762.2, 762.3, 763.1, 770, 772.1, 773, 776.1 və 776.2-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1, 9.3, 77.1, 78.1, 217.2, 217.4, 217.5, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(060)-5126/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və buna görə də ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Mübahisə kooperativ mənzil tikintisi haqqında müqavilə üzrə kooperativin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi ilə bağlıdır. İlkin görünüşdə podrat sifarişinin elementləri olsa da, hesab edir ki, bu mübahisəyə podrat münasibətlərini tənzimləyən normalar deyil, kooperativə üzvlük, ona əmlak payı qoyulması və onun ümumi mülkiyyətdəki payı ilə bağlı normalar tədbiq edilməli idi. Mülki Məcəllənin 110.1-ci maddəsinə əsasən, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 110-1.1-ci maddəsinə əsasən, kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Mübahisəli mənzilə dair bağlanmış müqavilədən də göründüyü kimi, o, podrat müqaviləsi deyil, kooperativə üzv olma və mənzil payı almaqla bağlı müqavilədir. Hesab edir ki, məhkəmə iddia müddəti ilə bağlı normaları yalnış tətbiq edib. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı müqavilə podrat müqaviləsi olmadığı üçün, burada 1 illik deyil, 6 illik iddia müddəti əsas götürülməli idi. Məhkəmədə iddia müddətinin tətbiqi ilə bağlı araşdırma zamanı bildirmişdir ki, mübahisəli mənzili 2013-cü ildə qəbul etsə də, onun yerləşdiyi bina yalnız 2019-cu ildə istismara qəbul edilmiş və yalnız bundan sonra həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatına başlanılmışdır. Qeydiyyat idarəsinin mütəxəsisslərinin ölçmə işlərindən sonra bəlli olmuşdur ki, mənzillərin sahələrində əksiklik var. 2021-ci ildə 6 mənzil sahibinin birgə sifarişi əsasında mütəxəssis dəvət olunmuş, ölçmə işlərindən sonra 6 mənzilin hər birində sahə əksikliyi aşkar olunmuşdur. Əslində, binanın 2019-cu ildə istismara verilməsi faktı işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi anı 2013-cü illə əlaqələndirsə də, bununla bağlı konkret sübuta istinad etməyib.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, mənzil ona 2013-cü ildə təhvil verilmiş və o, həmin mənzildə təmirə başlamışdır.
13. İş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
16. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
19. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 10, mənzil 59-un tikintisi haqqında 21 iyul 2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən icra edilərək mənzil 2013-cü il tarixdə iddiaçıya təhvil verilmiş və sonuncu tərəfindən təmir işləri görülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verilmədiyini iddia edir və araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. İddiaçı mənzilin (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2013-cü il olmuşdur. Belə ki, məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı mənzilin 2013-cü ildə onun sahibliyinə verildiyini və elə 2013-cü ildən həmin mənzildə yaşadığını bildirmişdir. Məhkəməyə isə iddianı ilk dəfə 2022-cü ildə verməklə qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərini ötürmüşdür.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(060)-5126/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.