Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-332/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1136/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs Umayev Tehran Bayram oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir.
2. Şabran rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2019-cu il tarixli, 131 nömrəli sərəncamından görünür ki, Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü Umayev Muhəmməd Tehran oğlunun üzərində qəyyum təyin edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan 22 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Umayev Tehran Bayram oğlunun ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir.
4. AZ-İ seriyalı 596107 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Umayev Tehran Bayram oğlu ilə X11 19 iyul 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər.
5. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Umayev Tehran Bayram oğlu ilə X3 birgə nikahlarından xx.xx.2010-cu ildə Ayşə və xx.xx.2013-cü ildə Muhəmməd adlı uşaqları olmuşdur.
6. Xİİİ-JQ seriyalı 358109 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Umayev Tehran Bayram oğlu xx.xx.1988-ci il tarixində Dəvəçi şəhərində anadan olmuşdur.
7. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, o, ərizəçinin gəlininin bacısıdır. Ərizəçinin oğlu onun yeznəsi olub, bacısının yoldaşı idi. Bacısı, əri və uşaqlar 2014-cü ildə Suriyaya getmişdirlər. 2015-ci ildə maşına bomba düşmüş və bacısının əri ölmüşdür. Suriyadan sonra İraqa getmişdilər. Bacısı ilə əlaqə saxlayır. Bacısı İraqda həbsxanadadır. Uşaqlar nənədədirlər, onlara nənə baxır.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X12 bildirmişdir ki, ərizəçi onun bacısıdır. Yaxşı, mehriban ailə idilər. 2010-cu ildə evləndilər. 2014-cü ildə getdilər. 2 uşaq idilər. Atası, qardaşı, özü və ailəsi getdilər. Sonra məlum oldu ki, maşına bomba düşüb və Tehran Umayev ölmüşdür. Bacısına bu barədə gəlini deyib. Bacısı da ona demişdir. Tehran xx.xx.2015-ci ildə İraqda ölüb. 2014-də Suriyaya gedib. Daha sonra İraqa gediblər. Arvadı İraqda əsir götürülüb. Əlaqə saxlayırlar, uşaqları görürlər. Özü Şabranda yaşayır, aralarında bir qədər məsafə var.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirmişdir ki, ərizəçi Zahirənin bacısı oğludur. Xalası oğlu ilə çox görüşə bilmirdi, lakin telefonla danışırdılar. 2010-da evləndilər. 2014-də Suriyaya getdilər. 2015-də ölüm xəbərini aldılar. Yoldaşı İraqda əsirlikdədir.
Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş Umayev Tehran Bayram oğlunun 12 dekabr 2015-ci il tarixində İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, övladı Umayev Tehran Bayram oğlu xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuşdur. Umayev Tehran Bayram oğlu 2014-cü ildə ailəsi ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş, eyni ildə Suriyadan İraq Respublikasına keçmişdir. Ondan sonra Tehran Umayev Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Umayev Tehran Bayram oğlunun 2015-ci ilin dekabr ayının 12-si öldürüldüyü bildirilir. Belə ki, sübut kimi məhkəməyə təqdim etdiyi, Umayev Tehran Bayram oğlunun həyat yoldaşı X4 ərizəsində qeyd edilir ki, Umayev Tehran Bayram oğlu 2015-ci ilin dekabrın on ikisində axşam radələrində bazardan evə öz maşını ilə qayıdarkən təyyarə bombası ilə öldürülmüş, onun cəsədini o və uşaqları görmüş, Tehran Umayev İraqın Təlafər qəbiristanlığında dəfn edilmişdir. Həmçinin Umayev Tehran Bayram oğlunun cəsədinin fotoşəklini də sübut kimi iddia ərizəsinə əlavə edir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsinə əsasən Umayev Tehran Bayram oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsində də qeyd olunur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, Umayev Tehran Bayram oğlu xx.xx.2014- cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Umayev Tehran Bayram oğlunun həyat yoldaşı X11 ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixində övladları X14 və xx.xx.2013-cü il tarixində övladları Umayev Muhəmməd Tehran oğlu anadan olmuşlar. Umayev Tehran Bayram oğlunun öldüyünü güman edən kifayət qədər əsaslar olduğundan və onun həyat yoldaşı X11 həbs olunduğundan müraciəti əsasında Şabran rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2019-cu il tarixli, 131 nömrəli sərəncamına əsasən o, nəvələri X14 və Umayev Muhəmməd Tehran oğlunun üzərində qəyyum təyin edilmişdir. Həmin sərəncamda qeyd olunur ki, Tehran Umayev İraq Respublikasının Təlafər şəhərində həlak olduğundan, Elmira Umayeva həbs olunduğuna görə onların azyaşlı övladları faktiki olaraq valideyn himayəsindən məhrum olmuşlar. Göründüyü kimi Umayev Tehran Bayram oğlunun öldüyünü güman etməyə kifayət qədər əsaslar vardır.
12. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1136/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir (hakim Könül Mirzəfərova).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azarbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 445.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 2(031)-1136/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-1136/2024 saylı qətnaməsi qanunsuz və əsasız olmuşdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq eməmişdir və yanlış nəticəyə gəlmişdir. Belə ki, mülki işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsinə əsasən Umayev Tehran Bayram oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamədə də qeyd olunur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, Umayev Tehran Bayram oğlu xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Həmçinin onun Suriya Ərəb Respublikasında və İraq Respublikasında fəaliyyət göstərən silahlı terror təşkilatına qoşulması da qətnamədə qeyd olunmuşdur. Göründüyü kimi, Umayev Tehran Bayram oğlunun əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olması və onun xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etməsi və qayıtmaması, həmçinin ölkə ərzisindən kənarda silahlı qruplara qoşulması da işin mübahisəsiz halıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0.1-ci maddəsində deyilir ki, barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxa bilər. Göründüyü kimi Umayev Tehran əvvəllər yəni 2018-ci ilə kimi Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Lakin Məhkəmənin qətnaməsinə əsasən vətəndaşlığı itirilmiş hesab edilmişdir. Şabran Rayon Məhkəməsi MPM-nin 445.0.1-ci maddəsini səhv təfsir edərək, ölmüş elan edilməsi üçün, müvafiq şəxsin Azərbaycan Respublikası vətəndaşlığına malik olması vacibliyini qeyd etmişdir. Bu da işə baxan hakim tərəfindən maddi hüquq normasının yanlış anlaşılması deməkdir. İşin digər halı isə Umayev Tehran Bayram oğlunun öldüyü günün müəyyən edilməsi ilə bağlıdır.
17. Mülki Məcəllənin 41.4-cimaddəsində vurğulanır ki, Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Hal-hazırda İraqın Bağdad həbsxanasında cəzaçəkən gəlinim X11 öz əl yazısı ilə yazdığı ərizəni “Votsapp” proqramı vasitəsilə göndərərək əri Umayev Tehran Bayram oğlunun 2015-ci ilin dekabrın on ikisində axşam radələrində bazardan evə öz maşını ilə qayıdarkən təyyarə bombası ilə öldürüldüyünü bildirmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi fotoşəkildə də oğlu Tehranın öldürülmüş vəziyyətdə olduğu görsənir. Məhkəmədə şifahi vəsatət verərək İraq Respublikası Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bağdad həbsxanasında cəza çəkən gəlini X11 ilə videotelefon əlaqəsi vasitəsilə izahatının alınmasını xahiş etmişdir. Belə ki, Bağdad həbsxanasında cəza çəkən gəlini X17 əri Umayev Tehranın öldüyünü görmüşdür və onun hansı tarixdə ölməsini dəqiq bilir. Lakin Şabran Rayon Məhkəməsi vəsatətini təmin etməmişdir
18. Əgər qəyyumluğu altında olan nəvələri xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Umayev Muhəmməd Tehran oğlunun ataları Umayev Tehranın ölüm günü, onun vəfat etdiyi xx.xx.2015-ci il tarixi məhkəmə qaydasında müəyyən edilərsə, 2 uşağın saxlanması üçün ailə başçısını itirməyə görə müavinəti ən azı üç il əvvəlki tarixdən ala bilər. İraqdan gətirilən nəvələri ona təhvil verilsə də və o onların üzərində qəyyum təyin olunsa da dövlət tərəfindən heç bir yardım və müavinət ala bilməmişdir. Qohumların köməkliyi ilə və borcla, xərclə uşaqları saxlamağa məcbur olmuşdur.
19. Şabran Rayon Məhkəməsi işdə olan sübutları düzgün araşdırmayaraq, əlavə sübutların əldə edilməsinə şərait yaratmayaraq, oğlu Umayev Tehranın ölmüş elan edilıməsi ilə bağlı yanlış qərar qəbul etmişdir. Məhkəmə yekun nəticəyə gələrkən iş üçün əhəmiyyətli sübutlara əsaslanmamış, düzgün hüquqi nəticəyə gəlməmişdır. Umayev Tehran əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olsa da və onun xx.xx.2015-ci ildə İraq Respublikasında vəfat etdiyi sübut olunsa da məhkəmə həmin halı sübut kimi nəzərə almamışdır. Məhkəmə qətnaməsinin nəticə hissəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil edir və məhkəmə qətnaməni düzgün əsalandırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
23. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
24. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
26. Maddə 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
27. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
28. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 305.1.2. Məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır.
38. Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
39. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
40. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
41. Maddə 445.0.1. Barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən xüsusi icraat qaydasında işlərə baxılır.
42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Verilmiş apellyasiya şikayətindən görünür ki, ərizəçi Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1136/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ərizə təmin olunmalıdır.
48. İşin hallarından görünür ki, Umayev Tehran Bayram oğlunun X11 arasında nikah xx.xx.2010-cu ildə bağlanmışdır. Həmin nikahdan onların iki övladı xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü Umayev Muhəmməd Tehran oğlu anadan olmuşdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsindən görünür ki, Umayev Tehran Bayram oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamənin məzmunundan müəyyən olunur ki, Umayev Tehran Bayram oğlu xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş, Suriya Ərəb Respublikasında və İraq Respublikasında fəaliyyət göstərən silahlı terror təşkilatlarının tərkibinə daxil olub həmin ölkələrin əarazisində aparılan silahlı münaqişələrdə iştirak etmişdir. Şabran rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2019-cu il tarixli, 131 nömrəli sərəncamından görünür ki, Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü Umayev Muhəmməd Tehran oğlunun üzərində qəyyumu təyin edilmişdir. Hal-hazırda uşaqların qəyyumu Ərizəçi xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş Umayev Tehran Bayram oğlunun 12 dekabr 2015-ci il tarixində İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Kollegiya əvvəla vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
50. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
51. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
52. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə səhvə yol vermişdir.
53. Əvvəla kollegiya qeyd edir ki, Azarbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 445.0.1-ci maddasinə asasan barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat qaydasında işlərə baxa bilər.
54. Göründüyü kimi, barəsində ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Umayev Tehran Bayram oğlunun sonuncu məlum yaşayış yeri Azərbaycan Respublikası Şabran rayonu olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, həmin ərizəyə hazırkı məhkəmədə baxıla bilər.
55. Belə ki, apellyasiya icraatı zamanı ərizəçi tərəfindən təqdim olunan şahidlər X2, X5, X9 ifadələri ilə xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş Umayev Tehran Bayram oğlunun 12 dekabr 2015-ci il tarixində İraq Respublikasında ölməsi öz təsdiqinin tapmışdır.
56. Kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə əldə olunmuş sübutlar, o cümlədən şahid ifadələri və digər məhkəmə icraatı zamanı səlahiyyətli orqanların məhkəmə sorğularına verilmiş cavablar kifayət qədər inandırıcı, aydındır, bir-birinə uyğun gəlir və tamamlayır. Qeyd olunmalıdır ki, kollegiyanın həmin məlumatlara və şahid ifadələrinə inanmamağa əsaslar mövcud deyil, həmin sübutlar güvənli nəticəyə gəlməkdən kifayət edir.
57. Göründüyü kimi, Ərizəçi ərizəsini nəvələrin sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsinə dair zəruriliyi ilə əsaslandırır.
58. Belə olan halda kollegiya iş üzrə sübutları birlikdə dəyərləndirərək, həmçinin valideynsiz yaşayan, nənəsinin qəyyumluğunda olan azyaşlı uşaqların - xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü Umayev Muhəmməd Tehran oğlunun sosial hüquqlarını da nəzərə alır.
59. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)- 1136/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin edilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1136/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş Umayev Tehran Bayram oğlu 12 dekabr 2015-ci il tarixində İraq Respublikasında ölmüş elan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.