Məhkəmə qərarları › İş №2(105)-3321/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3321/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3321/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-4702/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-4702/2021 saylı qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh2 ünvan 1 ünvanındakı mənzildən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-4702/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin may ayında ailə qurduqları zaman yaşamağa yerləri olmadığından müvəqqəti olaraq ona məxsus ünvan 1 ünvandakı mənzilində yerləşmələrinə şərait yaratmışdır. Bir neçə müddətdir ki, onların aralarında ər-arvad kimi mübahisə olduğundan yola getmirlər. Bu səbəbdən onun əmlakı risk altında qalmaqdadır və cavabdehlər mənzildən çıxmaq istəmirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 nümayəndəsi və vəkili E.N.İsayev verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 01 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı cavabdeh qismində öz oğlu Cavabdeh1 da göstərməsi sonuncu ilə razılaşdırılmış, guya onu da mənzildən çıxarılmaq niyyətinin olması görünüşü yaratmağa hesablanmışdır. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də ev iddiaçıya məxsusdur, cavabdeh həmin evə onun razılığı ilə köçmüşdür. Cavadehin mübahisəli evə köçməsi və orada yaşaması ilə bağlı iddiaçı ilə onun arasında hər hansı qeyd-şərt olmamışdır. Cavabdeh özünə məxsus olan cehiz əşyalarını həmin evdə yerləşdirib və bu onun həmin evə müvlqqəti deyil, daimi yaşamaq üçün gəldiyini təsdiq edir. Bundan başqa mənzil iddiaçının mülkiyyətində olsa da heç vaxt istifadəsində olmayıb, o, iddiaçının oğlu ilə ailə qurarkən iddiaçı həmin mənzili yaşamaq üçün oğlunun və onun arvadı olaraq daimi istifadəsinə vermişdir. Bundan əlavə birinci instansiyada hazırki işə baxılarkən iddiaçının oğlu ilə onun arasında ailə münasibətlərinə xitam verilməmişdir. İddiaçı daimi olaraq özünə məxsus başqa mənzində yaşayır. Cavabdehin mübahisəli mənzildə yaşaması iddiaçının heç bir hüququnu məhdudlaşdırmır və pozmur. İddiaçının mübahisəli mənzilə ehtiyacı yoxdur, mənzil ərinə və ona daimi yaşamaq üçün iddiaçı tərəfindən verilmişdir. Tərəflərin birgə nikahdan bir azyaşlı uşaqları var. Hazırda daimi yaşadıqları mənzildən çıxarılsalar faktiki olaraq onların yaşamağa yerləri yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin, 31 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 10.05.2018-ci ildə qeydiyyata alınmışdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 42 ünvanda yerləşən 31 nömrəli mənzil Sumqayıt şəhər X6 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 30.01.1992-ci il tarixli, 10/941 nömrəli order, 16 saylı MİS tərəfindən verilmişdir. 17.12.2012-ci il tarixli, 5037 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 No-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınmış və 22.12.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrinden çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun təsdiq etdiyi 22.01.2014-cü il tarixli, 4Ə-01/161 reyestr nömrəli alqı satqı müqaviləsi əsasında mənzil Cavabdeh1 adına qeydiyyata alınmış və 24.04.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.05.2018-ci il tarixli, 4Ə-1576 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınmış və 10.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-2903/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt “ASAN-Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 07 aprel 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 803 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 04 fevral 2019-cu il təvəllüdlü X5 anası Cavabdeh2 himayəsində saxlanması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşən 42 saylı evin, 31 saylı mənzili İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdehlər 2018-ci ilin aprel ayında nikahlarını rəsmiləşdirmişlər və 12 may 2018-ci ildə mübahisəli mənzilə yaşamağa köçmüşdürlər. Cavabdeh1 mübahisəli mənzili tərk etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-2903/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt “ASAN-Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 07 aprel 2018-ci il tarixdə bağlanmış nikah qeydi ləğv edilmişdir. Mülkiyyətçi ilə cavabdehlərin arasında mübahisəli mənzildən istifadə ilə bağlı notariat qaydada təsdiqlənən yazılı razılaşma olmamış, sonuncuların belə bir hüququ reyestrdə qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 ünvan 1 ünvanındakı mənzildən çıxarılması nəticəsinə gələrkən düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili E.N.İsayevin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-4702/2021 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar