Məhkəmə qərarları › İş №2(105)-3339/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3339/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3339/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçının hüquqi varisi X6 nümayəndə və vəkili X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsindən iddiaçının hüquqi varisləri X10, X11, X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin iddiaçının prosessual hüquq varisi X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, mütəxəsiss rəyinin alınması üçün 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçının prosessual hüquq varisi X4 tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən iddiaçının iddiaçının hüquqi varisləri X10, X11, X7 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin daxilində olan ümumi sahəsi 66 kv.m təşkil edən özbaşına tikilidən cavabdehlərin çıxarılaraq mübahisəli tikilinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi X6 nümayəndə və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 76 ünvanında yerləşən yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarış və evin Texniki Pasportuna əsasən müvəkkilinin mərhum anası X2 mülkiyyət hüququ ilə məxsusdur. İddiaçının övladları hal-hazırda onun qanuni vərəsələridirlər və bu hüquqdan istifadə edib evin bölgüsünü yaxınlarda təşkil edəcəklər. Qeyd edilən Çıxarış və texniki pasport 0,0155 ha torpaq sahəsinə aid edilib. Bu əsasla qeyd edilən torpaq sahəsi hüquqi varislərin istifadə və sahibliyində hesab olunur. Cavabdehlərin qanunsuz olaraq zəbt edib yaşadıqları özbaşına tikili iddiaçıya məxsus olmuş torpaq sahəsinin üzərində yerləşir. Cavabdehlər həmin tikilidən çıxmayaraq hüquqi varislərin hüquqlarını pozmaqdadırlar. Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.03.2021-ci il tarixli mütəxəssis rəyi və həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.09.2021-ci il tarixli rəyi ilə təsdiqlənir ki, mübahisəli özbaşına tikili X3 mülkiyyət hüququ ilə məxsus yaşayış evinin 0.0155 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Məhkəmə qətnaməsində bu fakta istinad olunur və vurğulanır. Məhkəmə qətnaməsində onlara məlum olmayan 25.02.2020-ci il tarixli hansısa qətnaməyə istinad olunaraq bildirilir ki, varislərə məxsus torpaq üzərində yerləşən mübahisəli özbaşına tikili güya Cavabdeh1 tərəfindən alınıb. Qeyd edir ki, 25.02.2020-ci il tarixli qətnamə hazırkı qətnaməni qəbul edən hakim tərəfindən çıxarılıb. Həmin qətnaməni 26.07.2021-ci ildə əldə etmişlər. Düzdür, bundan öncə mərhum iddiaçı məhkəməyə müracət edib özünə məxsus torpağın üzərində yerləşən mübahisəli özbaşına tikiliyə köçürülməsini tələb etmişdir. Lakin bundan sonra düzgün hesab etdiyi, hazırki iddianı qaldırmaq məqsədi ilə məhkəməyə rəsmi müracət ünvanlayıb iddia tələbinin baxılmamış saxlamasını xahiş etmişdir. Görünür ki, məhkəmə 25.02.2020-ci il tarixli qətnaməsini iddiaçı olmadan qəbul edib və bu gün həmin qətnaməyə istinad edərək qanunla qorunan hüquqları təmin etməyib. Ən absurd tərəf odur ki, məhkəmənin hazırki qətnaməsində hakim mübahisəli özbaşına tikilinin güya Cavabdeh1 tərəfindən alğı-satqı yolu ilə alınmasına istinad etmişdir. Hazırki qətnamənin bir səhifəsində demək olar ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, 111-ci, Mülki Məcəllənin 180-ci maddələrinə istinad olunaraq bildirilir ki, torpağın özbaşına tutulması qanunla qadağan olunur və bu torpaq sahələrində inşa edilmiş tikililər özbaşına hesab olunduğundan Mülki Məcəllənin 180.2-ci maddəsinə görə hər hansı bir əqdin, müqavilənin predmeti ola bilməz. Qanun özbaşına tikiliyə dair bağlanan əqd üzrə tərəfləri səlahiyyətsiz hesab edir. Yəni nə satıcının, nə də alıcının belə bir əqd bağlamağ hüququ yoxdur. Qanun belə əqdi əhəmiyyətsiz hesab edib ona təminat vermir. Amma məhkəmə qanunazidd, əhəmiyyətsiz əqdi qanundan üstün tutaraq əsaslı iddia tələbini rədd etmişdir. Qeyd edir ki, bu özbaşına tikilinin valideynləri tərəfindən satılmasını təsdiq edən hər hansı bir subut yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi kağız parçasında alıcı və satıcı kimi kənar şəxslərin adları çəkilir və bu səbəbdən qeyd olunanlarla əlaqədar evin mülkiyyətçisinin üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Bundan başqa bu özbaşına tikilinin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd yoxdur. Belə ki, o ev torpaq sahəsi üzərində faktiki olaraq yerləşir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, apelyantlar bacısının övladlarıdır. Onların nə istədikləri ona aydın deyil. Anası Müşfiq qəsəbəsində olan evini ona bağışlamışdı. O evi satmış, 21.000 manata bu evi almışdır. Həmin evdə oğlu ilə yaşayır. Torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Torpaq sahəsi birinci Şirxan adlı şəxsə, sonra başqa bir qadına satılıb, o da torpaq sahəsinin Baba Ratman adlı şəxsə satıb. O, torpağı Babadan almışdır, əvvəl çıxarışın kimin adına olması barədə məlumatı yoxdur. Evi Muzayya və Rəhimdən almamışdır. Alğı-satqı ilə bağlı notariusa getməmişdir, Namiq özü də onun evi almağına və pul ödəməyinə şahiddir. O, evi alanda sənəd olaraq ona eskiz layihə verildi. İşıq, su və qaz sayğacları Babanın adınadır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçının hüquqi varisləri X12, X7, Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 9, 75 saylı yaşayış sahəsi 33,9 kv.m, köməkçi sahəsi 6 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 19 oktyabr 2001-ci il tarixli, 4Ə-5-707 saylı reyestr alğı-satqı müqaviləsi əsasında qeydə alınmışdır və bu barədə 22689 №-li reyestr kitabında 1262 №-li inventar işi aparılmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X9 məxsus olan qeydiyyat nömrəsi 22689, inventar nömrəsi 1262 olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 9-cu küçə, 75 saylı evin texniki pasportu tərtib edilmişdir. Yaşayış sahəsi 39,9 kv.m, torpaq sahəsi 155,3 kv.m. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39.9 kv.m olan fərdi yaşayış evi 10.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 225 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə mülkiyyətidir. İş materiallarında olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, 02 mart 2020-ci il tarixdə İddiaçı məxsus olan reyestr nömrəsi **********89-10301, inventar nömrəsi 1262 olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 9-cu küçə, 75 saylı evin (Yeni qaydalarla: ünvan 2 texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/1233 saylı ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan 56 kv.metr torpaq sahəsində yerləşən tikilinin (yaşayış evinin) 31 kv.metr hissəsi DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya əsasən təqdim olunmuş ünvan 3 ünvanında yerləşən İddiaçı istifadəsində olan 10.03.2020-ci tarixli, **********89-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi 0,0155 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-565/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının anasının evinin pulu ilə aldığı iddia edilən mübahisəli özbaşına tikili 2017-ci ilin sentyab-roktyabr aylarında alınmışdır. Cavabdehin təqdim etdiyi sübutlardan göründüyü kimi mübahisəli tikili cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin satılmasından əldə edilən pulla alınmış, həmin evdə tərəflərin anaları cəmi 7 ay yaşamış və ölmüşdür. İddiaçı iddia ərizəsindən fərqli olaraq məhkəmədə verdiyi izahatında mübahisəli tikilidə yaşamadığını və anasına baxmadığını, əksinə anasının daha çox onlarla yaşadığını və özü gözdən əlil olduğundan anasına iddiaçının gəlininin baxdığını bildirmişdir. Həmçinin cavabdehin izahatından da göründüyü kimi iddiaçı heç vaxt mübahisəli tikilidə yaşamamışdır və buna ehtiyac da olmamışdır. Hazırda analarının ölümündən sonra iddiaçı bunu “miras əmlak”kimi mübahisələndirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Müəyyən edilmişdir ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan özbaşına tikilinin ona məxsus olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia etsə də, iş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi 9, 75 saylı yaşayış sahəsi 33,9 kv.m, köməkçi sahəsi 6 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır və həmin evin texniki pasportunda yaşayış sahəsi 39,9 kv.m, torpaq sahəsi 155,3 kv.m.qeyd edilmişdir. Sonradan 10.03.2020-ci tarixli, **********89- 10301 reyestr nömrəsi ilə İddiaçı mülkiyyəti kimi həmin ev və evin yerləşdiyi 0,0155 ha torpaq sahəsi onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, hansı ki, cavabdehlərin yaşadıqları mübahisəli tikili də qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-565/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının anasının evinin pulu ilə aldığı iddia edilən mübahisəli özbaşına tikili 2017-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh1 tərəfindən alınmışdır. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Apelyant apellyasiya şikayətində cavabdehlərin mərhum iddiaçı Müzayya Hüseynovanın mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, onların həmin evdən çıxmamasının isə onun hüquqi varislərinin hüquqların pozduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlərə qarşı həmin evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə də hazırda qüvvədədir. Bundan başqa iddiaçı və hüquqi varisləri mübahisəli evin mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyini iddia etsələr də, bu iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız oluğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-250/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın İddiaçının hüquqi varisləri X10, X11, X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar