Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-334/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh "xxxx" X2 Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4364/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilmə məsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 11-1/3-1-37/2023/30 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqımın verilməsi və işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" İnstitutu MMC-də mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşə qəbul zamanı kadrlar şöbəsinin rəisi Nailə xanım ona işdən azad olunması barədə çapdan çıxarılmış sənədə imza atmağı tələb etmişdir. İddiaçı belə bir tələbin qanunsuz olduğunu izah etdiyi zaman kadrlar şöbəsinin rəisi Nailə xanım burada belə bir qaydanın hamı üçün tətbiq olunduğunu bildirmişdir. İzah etmişdir ki bu qayda İnstitutun direktoru Azər Nemətlinin göstərişinə əsasən icra olunur. İddiaçı yeni kollektivə daxil olarkən bu məsələləri rəhbərliklə müzakirə etmək istəməmiş, çünki onu işə qəbul etməmələrindən ehtiyatlanmış, lakin kadrlar şöbəsinin rəisi Nailə xanıma bu işin qanunsuz olduğunu bildirmişdir. 31 mart 2023-cü il tarixdə səhər kadrlar şöbəsinin rəisi Nailə xanım iddiaçını öz iş otağına dəvət edərək əmək kitabçasını iddiaçıya təqdim etmiş və onun öz ərizəsi ilə işdən azad olunmağı barədə elan etmişdir. İddiaçı ona işdən azad olunması barədə ərizə yazmadığını bildirmişdir. O isə cavabında istənilən vaxtı istənilən işçini işdən azad edə biləcəklərini bildirmişdir. Dəfələrlə bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə məlumat vermiş, lakin heç bir müsbət cavab ala bilməmişdir. "xxxx" İnstitutu MMC-nin qanunsuz əməlləri barədə 02 may 2023-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat vermişdir. Azərbaycan Baş Prokurorluğunun göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi "xxxx" İnstitutu MMC-də yoxlamalar keçirmiş və iddiaçı haqqında verilən əmrin qanunsuz olduğunu aşkarlamışdır. X5 Xidməti Abşeron Xızı regional şöbəsinin 26 iyul 2023-cü il tarixli 3-17- 5/2-B-27907/2023 nömrəli məktubu ilə "xxxx" İnstitutu MMC-nin direktoru X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən xx.xx.2023 il tarixli İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 17-5/-27583/2023 nömrəli göstəriş məktubu ilə "xxxx" İnstitutu MMC-nin rəhbərliyinə 20 gün müddətində onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 11-1/3-1-37/2023/30/k nömrəli xitam əmrinin ləğv edilməsi və nəticəsi barədə X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Lakin adı çəkilən qurum qərarı icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bədəlov X4 Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsində səhv nəticəyə gəlinmiş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Bundan əlavə müddətli əmək müqaviləsinin işçi tərəfindən xitam verilməsi ilə bağlı ərizədə əmək müqaviləsinə hansı tarixdən xitam verilməsi belə göstərilməmişdir. Müddətli əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" İnstitutu MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 11-1/3-1/37/2023/30/k nömrəli əmri poçt vasitəsilə rəsmi qaydada əldə etdiyini, sonradan xx.xx.2023-cü il tarixdə prokurorluq orqanına müraciətdən sonra ərizəsinə aidiyyatı üzrə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən "xxxx" İnstitutu MMC-nin direktoru X7 əməlində əmək qanunvericiliyini tələblərinin pozması əsası ilə barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra və bu barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən 3-17-5/2-B-27907/2023 nömrəli məktubla hüququnun pozulduğunu aşkar etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə “mediasiya prosesinin tətbiqi barədə” təkliflə "xxxx" İnstitutu MMC müraciət etmişdir. Yəni, xx.xx.2023-cü il tarixdən etibarən işçi İddiaçı işçi olaraq hüququnun pozulduğunu aşkar etdiyi gün olaraq müəyyən edilməli idi ki, həmin tarixdən də etibarən özünün qanunla müəyyən edilmiş pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmə müdafiəsini təşkil etmişdir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə istinad etməklə iddia ərizəsinə mahiyyəti üzrə baxmadan sözügedən qətnamənin qəbul etməsində səhv nəticə gəlinmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" İnstitutu MMC-də mütəxəssis vəzifəsinə təyin olunması və işəgötürənin xx.xx.2023cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdən işdən azad olunmuş, lakin xx.xx.2023-cü il tarixdə hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-334/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-334/2024
14.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver