Məhkəmə qərarları › İş №2(105)-334/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-334/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-334/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona hesablanmış 3670 manat aliment borcunun ödənilməsindən azad edilməyi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 görə Cavabdeh aliment ödəməkdən azad edilməyi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

3. İddiaçı və Cavabdeh Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişlər.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

4. İddiaçı nümayəndəsi və vəkili X6 öz apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin edilməsi barəqə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi, cavabdehin apellyasiya şikayətinə münasibətdə mümkünlük məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı.

5. Cavabdeh apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin edilməsi barəqə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi, iddiaçının apellyasiya şikayətinə münasibətdə mümkünlük məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1.4. Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməmiş, 18,45 (on səkkiz manat, qırx beş qəpik) manat rüsum kəsiri vardır.

9. Cavabdeh isə məhkəmənin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətində prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, bundan başqa apellyasiya şikayətinin mətnində uyğunsuzluqlar, apellyasiya şikayəti verən şəxsin tələbinin nədən ibarət olması göstərilməmişdir.

10. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hallara əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda bunu etməmiş, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

12. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şabran Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(031)-1057/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyrimümkün hesab edilsin. Apellyasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar