Məhkəmə qərarları › İş №2(105)-3342/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3342/2021

07.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3342/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-138/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-138/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-138/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh X2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ailə üzvləri ilə birlikdə ona icarəyə verilmiş Abşeron rayonu, Ramana qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində - **********0 reyestr nömrəsi ilə qeydə alınmış torpaq sahəsinin plan və ölçüsündə göstərilən kordinatlar daxilində olan torpaq sahəsində tikdiyi özbaşına tikilindən çıxarılması və həmin özbaşına tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : İddiaçı Yaradanqulu qızı apellyasiya şkayətini onunla əsaslanırmışdır ki, məhkəmənin qətnaməsini qanunsuz, əsassız və sifarişli hesab edir. Məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, o, məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, Abşeron rayonu, Ramana Siidçülük savxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsini 09 yanvar 2009-cu il tarixli, 015 saylı və 19 dekabr 2009-cu il tarixli icarə müqaviləsi üzrə 99 (doxsan doqquz) illik icarəyə götürmüş, həmin torpaq sahəsi üzərində hüquqları 23 oktyabr 2013-cü il tarixdə **********70 reyestr nömrəsində ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq verilmişdir. Cavabdeh onun icazə və razılığı olmadan sahibkarlıq məqsədi ilə 99 ilik icarəyə verilmiş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına ev tikərək ailəsi ilə birlikdə orada yaşayır. Bununla bağlı Sabunçu rayon prokurorluğuna, Sabunçu rayon Polis İdarəsinə rəsmi müraciət edərək onun icazə və razılığı olmadan sahibkarlıq məqsədi ilə 99 ilik icarəsinə verilmiş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına ev tikən şəxs haqqında cinayət işinin başlanılmasını xahiş etmiş, Bakı şəhəri, Sabunçu rayon Pİ-nin 12-ci PŞ-də təhqiqat aparılmış, lakin əsassız olaraq 19.4.2019-cu il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, bundan sonra məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə uzun müddət baxılmamış, süründürməçiliyə yol verilmiş, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin olunduğu elan olunmasına baxmayaraq qətnamə elan olunan zaman qanunsuz və sifarişli şəkildə reyestr sertfikatı olamayan MMC-dən “mütəxxəsis rəyi” əldə etmiş, bundan sonra həmin “mütəxxəsis” rəyi ekspertə təqdim edilərək əsassız bir rəy alınmışdır, bu yolverilməzdir, kobud pozuntudur. Həmin rəyin qanunsuz hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsnin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən mütəxxəsis rəyi alınmaqla təkrar məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin 21.06.2021ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasının, qanunvericilyin tələblərinin pozulmasına yol vermiş vəzifəli şəxslər haqqında xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasını iclasında cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsində işin halları obyektiv olaraq araşdırılmış, iş üzrə ekspertiza təyin olunmuş, qanunauyğun tərtib olunmuş ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-138/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi icarə hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 470 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 23.10.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixdə tərtib edilmiş AA 004248 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 19.12.2009-cu il tarixli, 3m/508 nömrəli torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılmasına dair alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən **********70 reyestr nömrəli 0.03 ha torpaq sahəsinə dair İddiaçı Yarandanqulu qızının adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı adına 23.10.2013-cü il tarixli, **********70 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada iddia etdiyi torpaq sahəsi üst-üstə düşmür və cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evi) iddiaçının icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində inşa edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli, 10/1544 saylı rəyindən müəyyən edilir ki, İddiaçı adına 23.10.2013-cü il tarixli, **********70 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada iddia etdiyi torpaq sahəsi üst-üstə düşmür və cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evi) iddiaçının icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində inşa edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəlləni 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən icarə hüququ üzrə ona verilmiş 0,03 ha torpaq sahəsində cavabdeh X3 tərəfindən özbaşına ev tikildiyini iddia etsə də məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbinin bu hissəsi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Əksinə mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə İddiaçı adına 23.10.2013-cü il tarixdə **********70 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi və cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evi) iddiaçının icarəsinə verilmiş 0,03 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyinə görə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarlən mübahisənin araşdırılması üçün iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilməmişdir. Bununla da iddiaçı tələbini, cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək orada ev tikməsini bildirsə də iddianın əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. X5 Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation“ (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də iddia rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər iddiaçıdan tutulmalıdır. İddiaçı apellyasiya şikayətində ekspertiza rəyinin əsassız oldğunu bildirsə də bunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-138/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar