Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3344/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, maraqlı şəxs ARƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı “hüquqi faktın müəyyə edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsindən maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi Cahanhgir qızının Mənzil Təmir Tikinti İdarəsində 12.01.1996-cı il tarixdən 01.11.2005-ci il tarixinədək iş üzrə müvəkkil işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Mənzil Təmir Tikinti İdarəsində 12.01.1996-cı il tarixdən 01.11.2005-ci il tarixinədək iş üzrə müvəkkil işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əlilliyə görə pensiya alan bir sıra vətəndaşların onlara əlillik təyin edilməsi zamanı əsas götürülmüş sənədlər nəzərdən keçirilərkən 2020ci ilin iyununda Sumqayıt şəhəri üzrə bir sıra vətəndaşların sosial ödənişlərin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciəti zamanı iş stajının təsdiq edilməsi qismində təqdim etdikləri məhkəmə qətnamələrində işin faktiki hallarına əsaslı şübhələr yaranmışdır. Belə ki, müvafiq qətnamələr üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, 30-a yaxın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair eyni region, eyni kateqoriya şəxslər barəsində eyni hakim tərəfindən eyni şahidlərdən istifadə olunmaqla 2016-2017-ci illər ərzində qəbul edilmiş qətnamələrdə ciddi pozuntulara yol verilmişdir. Araşdırma zamanı ortaya çıxmış şübhəli məqamlar Sumqayıt Şəhər Məhkəməsinə müraciət zamanı bu məhkəmənin 04 avqust 2021-ci il tarixli cavab məktubu ilə öz təsdiqini tapmışdır. Həmin mülki işlərdən biri olan Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 05.01.1995-ci il tarixdən 30.12.2005-ci il tarixədək Sumqayıt şəhər X1 idarəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ərizəçinin ərizəsi təmin edilərək, 12.01.1996-cı il tarixdən 01.11.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində iş üzrə müvəkkil işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ərizəçi əmək kitabçası və əmək fəaliyyətinə dair digər sənədlərin olmadığını bildirmişdir. Bu səbəbə görə qeyd olunan sənədlərini Fondun Sumqayıt şəhər şöbəsinə (indiki 1 saylı regional ərazi filialı) təqdim edə bilməmiş, şöbə tərəfindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2016-cı il tarixli, 2(060)- 17845/2016 saylı qətnaməsinə əsasən şahid qismində dindirilmiş X2 və X4 ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişlər. Belə ki, AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22.11.2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, nümayəndəni dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şahid qismində dindirilmiş Yusifova Gülnarə Mübarək qızı bildirmişdir ki, o, Mənzil Təmir Tikinti İdarəsində işləmiş, Ərizəçi da onunla birgə Mənzil Təmir Tikinti İdarəsində 12.01.1996-cı ildən 01.11.2005-ci il tarixədək iş üzrə müvəkkil işləmişdir. Şahid qismində dindirilən X4 bildirmişdir ki, o, Mənzil Təmir Tikinti İdarəsində işləmiş, Ərizəçi da onunla birgə Mənzil Təmir Tikinti İdarəsində 12.01.1996-cı ildən 01.11.2005-ci il tarixədək iş üzrə müvəkkil işləmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsasən Ərizəçi Mənzil Təmir Tikinti İdarəsində 12.01.1996-cı ildən 01.11.2005-ci il tarixədək iş üzrə müvəkkil işləməsi faktını müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin edərkən işin hallarına uyğun düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən yalnız ərizəçinin təqdim etdiyi şahid ifadlərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamışdır. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Belə ki, Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Belə ki, ərizəçi 12.01.1996-cı ildən 01.11.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində iş üzrə müvəkkil işləməsini bildirsə də, bu faktı təsdiq edən əmək kitabçası mövcud deyil, həmçinin əmək kitabçasının mövcud olmaması əmək kitabçasının itməsi, yanması faktı qeydə alınmamış, arxivin məhv olmasına səbəb olan hər hansı təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçi qaçqın və ya məcburi koçkün olmadığı halda qeyd edilən Qaydaların 2.5-ci bəndinə istinad edərək ərizəni təmin etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin iş materiallarında şahid qismində dindirilmiş Yusifova Gülnarə Mübarək qızı və X3 qeyd eidlən müddətlər ərzində qeyd edilən idarədə işləməsini təsdiq edən hər hansı sübutlar (arayış, əmək kitabçası) iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız şahidlərin ifadələrinə istinadən ərizəçinin də onlarla birlikdə qeyd ediləni darədə işləməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetrlmədiyi halda ərizəçinin 12.01.1996-cı ildən 01.11.2005-ci ilədək Mənzil Təmir Tikinti İdarəsində işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(060)-17845/2016 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3344/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3344/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver