Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3349/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2016 saylı, 02 may 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2016 saylı, 02 may 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. (hakim İ.Mahmudov) Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il tarixdə Laçın rayonu, Alpovut kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən yaşlarından başlamışdır. O, 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləmişdir. Bu faktı həmin müəssissədə işləmiş şahidlər də təsdiq edə bilərlər. Buna görə də ərizə təmin edilməli, onun 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təstiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisəsinin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təstiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri təqdim etməlidirlər. Məhkəmə iclasında dindirilmiş X3 və X4 Ərizəçi ilə eyni müəssisədə birlikdə işləməsini təsdiq edən hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr isin hallarına uyğun gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağla) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Laçın rayonu 18.05.1992-ci il tarixdə işğal olunmuş və ərizəçi 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində işlədiyini bildirmişdir. Bununla belə, ərizəçinin işlədiyi iddia etdiyi dövrlər üzrə (1985-2000) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilən qanunvericilik normalarının tələblərinə və işin faktiki hallarına uyğun gəlməyən qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir. Apelyasiya baxışı zamanı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahatında bildirdi ki, Ərizəçi fəhlə və xadimə işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi qanuni və əsaslı deyildir. Çünki bu faktın təsdiq edilməsi barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim edilməmişdir. Buna görə də, qətnamə ləğv edilməli ərizə rədd edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Laçın rayonu, Alpovut kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 ərizəçinin göstərilən dövr ərzində onunla birlikdə qeyd olunan kolxozda fəhlə işləməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 ərizəçinin göstərilən dövr ərzində onunla birlikdə qeyd olunan müəssisədə xadimə işləməsini təsdiq etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən nümayəndənin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini, işdə olan və əlavə təqdim edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüuqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2016 saylı, 02 may 2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək Laçın rayonu M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə işləmişdir. Ərizəçinin işləməsi şahid ifadələri və işdə olan sənədlərlə təstiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsinin tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərin qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında mövcud deyildir. Bundan başqa, şahidlərdən N.İbrahimova ərizəçinin kolxozda fəhlə, Ə.Alıyeva isə tresstə xadimə i.ləməsini təsdiq etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təstiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisəsinin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təstiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlıgını və ya yoxlugunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təjrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stacı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ərizəçi tərəfindən dəlillərinin təsdiqi üçün tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş matreilları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6385/2016 saylı, 02 may 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi 20.01.1985-ci ildən 17.05.1992-ci ilədək M.F.Axundov adına kolxozda fəhlə, 15.01.1994-cü ildən 22.09.2000-ci ilədək 27 saylı Təsərrüfatlararası İstehsalat Təmir Tikinti Trestində xadimə kimi işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3349/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3349/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver