Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3355/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(059)-345/2021-008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın, o cümlədən əldən çıxmış fayda və vurulan maddi zərərin 11000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında Cavabdeh məxsus Siyəzən şəhəri, B.Səfəroğlu küçəsindəki təxminən 60 kv.m-lik ticarət obyektini sonuncudan icarəyə götürməyə dair aralarında şifahi razılaşma olmuş, razılaşmaya əsasən o, hər ay 170 manat icarə haqını ödəməyi, obyekt sahibi cavabdeh isə vergi və sosial sığorta haqlarını özü ödəyəcəyinə vəd vermişdir. 23 yanvar 2020-ci il tarixdə mağazanın açarlarını qardaşı Elman cavabdehdən alıb ona vermiş və növbəti aydan, yəni fevral ayının sonlarından başlayaraq, icarə haqqını cavabdehə ödəməyə bsaşlamışdır. Dəfələrlə cavabdehə icarə müqaviləsi bağlamaq istədiyini bildirsə də, sonuncu sənədləşmə işlərinin qəliz olduğunu əsas gətirərək bundan yayınmışdır. Cavabdehlə aralarındakı razılaşmaya əsasən, sonuncunun bu obyekti satmaq, başqasına kirayə vermək fikri olduqda, 6 ay əvvəlcədən ona xəbərdarlıq etməli idi. Lakin, 03 may 2021-ci il tarixdə cavabdeh icarəyə götürdüyü obyektə gələrək həmin obyekti 40000 manata satdığını bildirmiş, o, isə bu məbləğdə pulu olmadığını deyərək, ilkin qiymət kimi 25000 manat təklif etsə də, Cavabdeh ticarət obyektini 40000 manatdan aşağı qiymətə satmayacağını bildirmişdir. Lakin, təxminən may ayının ortalarında (15-20 may tarixlərində) cavabdehin mağazanı Ülvi adlı şəxsə 30000 manata satdığını qonşulardan eşitmişdir. Bundan sonra, kiçik qardaşı Elman Əliyevlə xəbər göndərərək, cavabdehin mağazanı ona 31000 manata satmasını təklif etsə də, sonuncu bununla razılaşmamışdır. Beləliklə, iyun ayının əvvəllər Ülvi adlı şəxs obyektə gələrək, oranı aldığını və əşyalarını çıxartmasını tələb etmişdir. Cavabdeh isə iyul ayınadək mağazanın yeni sahibindən onun üçün vaxt ala biləcəyini vəd etmişdir. Sentyabr ayınadək ona vaxt verilsə idi, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Cavabdehin aralarında olan şifahi razılaşmanın tələblərini pozması səbəbindən ona xeyli miqdarda maddi zərər vurulmuşdur. Belə ki, bankdan götürdüyü 30000 manat kredit hesabına alqısatqı məqsədilə geyim və ev əşyaları alıb mağazadakı vitrinləri doldurmuşdur. Ticarət obyektini icarəyə götürərkən ora təmirsiz olmuş və o, oranı təmir işləri aparmaqla normal vəziyyətə gətirmiş, bu işlərdən ötrü 1000 manata qədər xərc çəkmişdir. Hazırda bu obyektdə 25000 manatadək nisyə malı vardır. Mağazanı boşaltmaq məcburiyyətində qaldığı üçün hazırda obyektdə satış dayanmışdır. Bundan əlavə, hər ayın ticarət dövriyyəsindən qazandığı təxminən 1000 manat gəlirdən də 01 iyun 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək məhrum olmaqla, 6000 manat ziyana düşür. Həmçinin, rayon əhalisinin gəlirləri əmək haqqından asılı olduğu üçün obyektdə ticarət dövriyyəsi nisyə həyata keçirildiyi üçün 4000 manatadək nisyə ödəmələri qalmışdır. Eyni zamanda, mağazanın təmirinə görə 1000 manat xərc çəkmişdir.. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əliyev X1 Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının cavabdehdən onun xeyrinə müəyyən məbləğdə vəsaitin tutulması barədə məhkəmədə iddia qaldırılması barədə hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmaması, mağazanın dövrü ticarət dövriyyəsi, o cümlədən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir və qazanc ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim edə bilməməsi, iddiaçının cavabdehə hər hansı bir məbləğdə pulu borc verməsinin iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi barədədir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3355/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3355/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver