Məhkəmə qərarları › İş №2(105)-3356/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3356/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3356/2021 03.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı evdə istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə tələbinə dair iddia qismən təmin edilib, İddiaçı uşaqları 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və rüsumun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsinin qismən-iddanın təmin edilmiş hissəsində ləğv edilərək iddianın tam həcmdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı evindən onun və himayəsində olan bir azyaşlı uşağının istifadə hüquqlarının müəyyən edilməsi və onu azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Cavabdehin oğlu Ramin Cavadovla 19.09.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və cavabdehin razılığı ilə sonuncuya məxsus ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. Onun bütün cehiz əmlakları həmin evdədir. Rəsmi nikahlarından 25 fevral 2017-ci il təvəllüdlü X6 adlı bir nəfər uşaqları doğulmuşdur. Uzun müddət uşağı ilə birlikdə həmin evdə yaşamış, lakin sonradan cavabdehin oğlu ilə ər-arvad münasibətləri pozulduğundan onlar ayrılmışlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 148/2021 saylı, 26.01.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları ləğv edilmiş və yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində saxlanılmaqla 175 manat alimentin cavabdehin oğlundan alınaraq ona verilməsi qət edilmişdir. Ayrıldıqdan sonra cavabdehin ona qarşı etdikləri hərəkətlər nəticəsində o, azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışdır. Digər yerdə yaşayış yeri olmadığna görə müvəqqəti olaraq valideynlərinə məxsus evdə uşağı ilə birlikdə yaşayır. Onların ailəsi böyük olduğu üçün onun və uşağının orada yaşaması mümkün deyildir və bundan sonra isə onun ev almağa və yaxud kirayə ev tutub yaşamağa maddi imkanı yoxdur. O, himayəsində olan azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə qeydiyyatdadır və onların bu evdə yaşayış hüquqları qaçılmazdır. Onun və azyaşlı uşağının mübahisəli evdə qeydiyyatda olmaqlarına dair Xaçmaz RPŞ və ŞV Bölməsi tərəfindən 06.11.2016-ci il tarixli, AZE № ******** və 19.03.2018-ci il tarixli, AZE №18267708 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. O və uşağı mübahisəli evdə rəsmi qeydiyyatda olmaqla cavabdehin ailə üzvləridirlər. Uşağı azyaşlı olduğundan onun qanuni nümayəndəsi olaraq məhkəmədə hüquq və mənafeylərini o özü müdafiə etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 27 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MMnin 180-cı maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2,14.1,30.4-cü maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9,14,88,217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddanın təmin edilmiş hissəsində ləğv edilərək iddianın tam həcmdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini – İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisə doğuran hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- iddanın təmin edilmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 26 may 1986-cı il tarixli Qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 27 kv. metr, yaşayış sahəsi 15.2 kv. metr olan 2 otaqlı ev Cavabdeh xüsusi mülkiyyətindədir. Xaçmaz Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(067)148/2021 saylı qətnaməsi ilə İddiaçı və X4 arasındakı 19.09.2015-ci il tarixli nikah pozulmuş və 25 fevral 2017-ci il təvəllüdlü X1 üçün X3 hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırki vəziyyətdə işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və X7 19.09.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. İddiaçı ailə quran zaman Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 4 otaqlı evə gəlin köçmüş və həmin ünvanda onların birgə nikahından 25 fevral 2017-ci il tarixdə İlqar adlı bir nəfər uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah münasibətləri pozulmuş və onlar başqa-başqa ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2015-ci ilin iyun ayında yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri 2015-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. İşin faktiki halları ilə müəyyən olur ki, ünvan 1 ünvanda mövcud olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xaçmaz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin 09 avqust 1984-cü il tarixli qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin torpaq sahəsinin ölçüsü 375 kv.metr olmaqla, cavabdeh tərəfindən orada 1986-cı ildə sahəsi 27 kv. metr, yaşayış sahəsi 15.2 kv. metr olan 2 otaqlı ev tikilərək qeydiyyata alınmış, sonradan isə mənzilə olan ehtiyacını daha da yaxşılaşdırmaq üçün cavabdeh tərəfindən qeyd olunan ünvanda hazırda mübahisə predmeti olan ikinci yaşayış evi tikilib istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Yeni tikilən yaşayış evi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamasına baxmayaraq Cavabdeh həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi cavabdehin mülkiyyət hüququnun pozulması deməkdir. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülsün» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan 23.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddia ərizəsi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsi qismən – «İddiaçı uşağı 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülsün» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. İddia rədd edilsin. Qətnamə - «İddiaçı uşaqları 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar