Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-336/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 yanvar 2008-ci il tarixli, 2(027)- 236/2008-002 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Pənahov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması tələbinə dair iddiası təmin olunub, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X14 və X11 JN 113 KOD 30304038 saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı 24 yanvar 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqd etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Maraqlarına toxunulan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1168/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev - sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) qətnamə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X8 və X11 JN 113 KOD 30304038 saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı 24 yanvar 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsi verilməsi üçün ödənilmiş 19,80 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1168/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin 24 yanvar 2005-ci il tarixdə ona satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınaraq adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ilin yanvar ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dövlət aktı əsasında onlara ayrılmış 0,90 ha torpaq sahəsinin 7199,86 kv.metr bağ sahəsi hissəsinin pulunu ödəməklə ona satmışlar və aktın əslini də ona vermişlər. Alqı-satqı barədə aralarında həmin tarixdə müqavilə bağlanmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bağ sahəsinə qulluq edir və becərmə işləri aparır. Cavabdehlər bağ sahəsini ona satarkən bildirmişlər ki, aralarında olan alqı-satqını bu yaxınlarda notariat kontorunda rəsmiləşdirəcəklər. O, da cavabdehlərin sözünə inanmış, bir müddətdən sonra o, cavabdehlərə notariat kontoruna getməyi təklif etdikdə onlar hər dəfə onun təklifindən yayınmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 01 aprel 2008-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsini 139.1, 144.1, 329.1, 337.1, 394, 406.1, 407.2-ci maddələrinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9, 66.1-ci madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehə və maraqlarına toxunulan şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə aldığı vaxtdan qulluq göstərərək istifadə etməsi, aldığı torpağın dəyərini cavabdehlərə tam ödəməklə aralarında bağlanmış əqdi icra etməsi, cavabdehlərin isə alqı-satqı müqaviləsini notariat orqanında təsdiq etdirməkdən yayınması ilə əsaslandırmışdır. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin belə bir məzmunda apellyasiya şikayəti verməyə subyektiv hüququnun olub-olmamasını yoxlamaması, 2005ci il noyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərinə hüquqi qiymət verilməməsi, mübahisəli torpaq sahəsinin Dövlət aktlarının qeydiyyat kitabında və kadastr məlumat bazasında torpaq sahəsi almış subyektlərin siyahısında JN 113, kod 30304038 saylı Dövlət aktında X6, X18, X4 və X2 qeyd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasına münasibətdə həmin şəxslər hazırkı iş üzrə qəbul edilmiş qətnamə nəticəsində pozulmuş hüquqları ilə bağlı apellyasiya şikayəti verməmələri ilə əsaslandırmışdır. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan kassasiya instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməməsini, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə şikayət verən DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs hesab edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası təkrar olaraq həmin şəxsin qətnamədən şikayət vermək üçün subyektiv hüquqa malik olmasına qiymət verilməsini zəruri hesab etmir. Hazırkı iş üzrə 0,90 ha torpaq sahəsinin cavabdehlərə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını 24 iyun 2005-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 335.1-ci maddəsi təşkil edir. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 24 iyun 2005-ci il tarixli, 949-İİQD saylı qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşən Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının 22 mart 2006-cı il tarixli qərarına görə göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 14.3. maddəsi əmlak hüquqlarının yaranmasının xüsusi qaydasını müəyyən edir. Qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 146-cı maddəsi bu qaydanı daha da dəqiqləşdirir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (Mülki Məcəllənin 139.1. maddəsi). Qeyd olunmalıdır ki, qeydiyyat tələbinə əməl edilməməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və daşınmaz əmlakla bağlı digər hüquqların mövcudluğunu istisna edir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətə əlavə etdiyi JN 113 kod 30304038 saylı dövlət aktına əsasən Məmmədi, Qönçə, Zülfüqar və X10 rayon İqrir kənd sakini kimi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,90 ha torpaq sahəsi verilmişdir. Dövlət aktlarının qeydiyyat kitabında və kadastr məlumat bazasında torpaq sahəsi almış subyektlərin siyahısında JN 113, kod 30304038 saylı Dövlət aktında X6, X18, X4 və X2 adlarına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli məktubu ilə Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı əsasında Cavabdeh1 və Cavabdeh2 qzının adına verilmiş 0.45 ha torpaq sahəsinə dair JN-110 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı Quba rayon notariat kontorunun xx.xx.2002ci il tarixli, 4-ə-15 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli. 02 saylı qərarı əsasında X5 və ailə üzvlərinin adlarına verilmiş 0.90 ha torpaq sahəsinə dair JN-113 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın 113Z (0.1837 ha) hissəsi Quba rayon notariat kontorunun xx.xx.2000-ci il tarixli, 4-ə-51 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. JN-110 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın və JN-113 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Dövlət Notariat Arxivinin 09 may 2022-ci il tarixli məktubuna əsasən Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri ilə X9 arasında bağlanmış Quba rayon dövlət notariat ofisində Q9.02.2QQ2-Cİ il tarixli 4Ə-15, xx.xx.2000-ci il tarixli 4Ə-51 reyestr nömrəli müqavilələrə dair notariat işinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2000-ci və 2002-ci illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər barəsində notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Dövlət notariat arxivinə təhvil verilmiş 3M-51 reyestr nömrəli müqavilələrin Quba rayonu 2 saylı dövlət notariat ofisində 12 iyul 2000-ci, 29 avqust 2000-ci, 4Ə-15 reyestr nömrəli müqavilələrin Quba rayonu 2 saylı dövlət notariat ofisində 22 yanvar 2002-ci, Quba rayonu 1 saylı dövlət notariat ofisində 07 iyun 2002-ci il tarixlərdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 aprel 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, X12 və Cavabdeh2 Tofiq qızının adına JN- 113 KOD 30304038 nömrəli dövlət aktı deyil, JN 110 KOD 30304038 nömrəli dövlət aktı işlənmişdir. Quba rayon AİKnın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı əsasında Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 0.45 ha torpaq sahəsinə dair JN-110 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Quba rayon notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4-Ə-15 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Quba rayon AlK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı əsasında X5 və ailə üzvlərinin adlarına verilmiş 0.90 ha torpaq sahəsinə dair JN-113 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş, lakin, sonradan vətəndaşın adına verilmiş JN- 113 nömrəli aktı ləğv edilərək , AİK-nın xx.xx.2000-ci il tarixli 02 saylı qərarına əsasən 0.91 ha torpaq sahəsinə verilmiş JN-391 KOD 30304038 nömrəli yeni “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir. Lakin, həmin dövlət aktı, Quba rayon notariat kontorunun xx.xx.2000-ci il tarixli, 4-Ə-51 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. JN-110 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın JN-113 KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nın və JN-391 KOD 30304038 nömrəli” Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göründüyü kimi iddiaçının əqdin bağlanmış hesab etdiyi torpaq sahəsinə müxtəlif şəxslərin adına iki eyni dövlət aktı mövcuddur. Belə olan halda həmin torpaq sahəsinə dair tərəflər arasında əqdin bağlanmış hesab edilməsi mümkünsüzdür. Lakin iddiaçının həmin şəhadətnamənin inzibati qaydada mübahisələndirdikdən sonra onun nəticəsinə uyğun olaraq yeni əsas, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna deyil. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Maraqlarına toxunulan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-336/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-336/2022
13.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver