Məhkəmə qərarları › İş №2(105)-336/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-336/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-336/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər:, mənzilə köçürülmə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil3 Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, X11 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahlarından iki övladları - xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onlar bir müddət normal ər arvad münasibətlərində yaşasalar da sonradan münasibətləri pisləşmişdir. Buna görə də aralarında olan nikah Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, ondan hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. O, cavabdehlə aralarında olan söz-söhbət səbəbindən mübahisəli evdə yaşamır. Cavabdeh onu evdən qovmuş və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmır. Dəfələrlə cavabdehə onu evə buraxmasını bildirsə də cavabdeh onu evə buraxmamışdır. O da məcburiyyət qarşısında qalaraq mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilən evdə onun da haqqı vardır. Çünki o, həmin evin inşası üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmaması qanunsuzdur. Cavabdeh onun da əziyyəti olan evdən onu uzaqlaşdırmaq və özü tək başına evə yiyələnmək istəyir. Onun iddia ərizəsində qeyd etdiklərinə cavabdeh özü də şahiddir. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün o, həmin evi paylara bölüşdürə bilməmiş və bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edlmişdir (hakim Vladimir Ruvinov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəməyə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması barədə hər hansi razılaşma təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 27.1 180, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aralarında olan rəsmi nikah Qubadlı Rayon Məhkəməsinin 2-(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə aralarında olan söz-söhbət səbəbindən həmin evdə yaşamır. Cavabdeh onu evdən qovmuşdur və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmır. Bunun üçün məcbur olub Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyim barədə qətnamə qəbul edilməsini xahiş edir. Düşünür ki, qeyd edilən evdə onun da haqqı vardır. Çünki həmin evin inşası üçün böyük əziyyət çəkib. Cavabdeh tərəfindən həmin evə buraxılmamağı qanunsuzdur. Sənədsiz olduğu üçün həmin evi yarıyarı böldürə bilmir. Ona görə də köçürülmə hüququnun təmin edilməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədə xahiş edir. Çünki cavabdeh bildirir ki, ev yalnız onundur və o, yaşaya bilər. Cavabdeh onun da əziyyəti olan evdən onu uzalaşdırmaq və özü tək başına yiyələnmək istəyir. Onun bütün bu ərizədə qeyd etdiklərinə cavabdeh özü də şahiddir. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün 1/2 payını məhkəmə ilə müəyyən edə bilmir. Məcburdur ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət edərək, övladları ilə birlikdə həmin evə köçürülərək, istifadə qaydaları müəyyən edilməlidir. Ona görə ki, Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evi inşa edilən torpaq sahəsini onun qaynatası Sahibə pul müqabilində vermişdir. Belə ki, onların arasında şifahi razılaşmaya görə həmin torpaq sahəsini Sahibə verən zaman qaynatası və qaynı toydan sonra yığılan 6 000 manat pula və qaynının evini tikmək üçün aralarında razılıq əldə olunmuşdur. Fotoşəkillərdə göstərilən 3 ev, birincisi qaynatasının, sonrakı ev qaynının və sonuncu ev isə ona məxsusdur. Belə ki, həmin evi 2012-2013-cü illərdə özü tikmiş və həmin ildən də ailəsi ilə evdə yaşamağa başlamışdır. Evin işıq, su və qaz xəttləri keçmiş həyat yoldaşı X3, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adınadır. Vəsatətə əlavə etdiyi arayışdan görünür ki, telefon xətti və internet xx.xx.2020-ci il tarixdən onun adına çəkilmişdir. Qaz xətti ilə əlaqədar onu qeyd edir ki, Abonentin saldosundan görünür ki, həmin evə qaz xətti 2013-cü ilin avqust ayından ailə tərkibi 3 və qaçqın sayı 1 nəfərdən ibarət olan qaz xətti çəkilmişdir. Abonentin saldosundan görünür ki, qaz Abonentin saldosu X8 adınadır. Həmin Abonentin saldosunda ailə tərkibinin 7, qaçqın sayının isə 9 olduğu göstərilmişdir. Abonentin saldosu onun evindən əvvəl 2011-ci ildə qaynatasının tikdiyi evə aiddir. Yəni onu demək istəyir ki, qaynatasının evi onun evindən əvvəl tikilmişdir. Öz əziyyəti ilə tikdiyi mübahisəli evə dair sərf olunan materialların və digər avadanlıqların bəzilərinin qaimə fakturalarını məhkəməyə əlavə etmişdir. Cavabdeh və onun ailəsinin dedikləri həqiqət əks etdirmir. Onlar əziyyəti olan evə tək başına yiyələnmək istəyirlər. Evi tikmək üçün anasının və yaxın qohumlarının adına banklardan kredit götürmüşdür. Ona görə də mübahisəli evə o, köçürülməli və istifadə qaydalarım müəyyən olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2009-cu ildə cavabdehlə ailə qurmuş, 2010-cu ildə mübahisəli evi tikmişdir. Hazırda sahə müvəkkili tərəfindən evindən uzaqlaşdırılıb və orada yaşaya bilmir. Evi 4-5 il müddətinə tikib, əvvəl bir otaqlı idi , yavaş-yavaş təmir edib. Axırıncı dəfə iki il bundan əvvəl evə kombi sistemi quraşdırıb. Tam təmirli evdir. Bu səbəbdən orada yaşamaq onun haqqıdır. Üç ev ümumilikdə 20-30 sot torpaq sahəsinin içindədir. Həmin torpaq sahəsini qaynatası ona verdi və dedi ki, evi özü tikməlidir. Torpağın əvəzində bir qaynının evini, yəni ata evini təmir edib, o biri qaynına da ev tikib. 3 evin yolu və qapısı birdir. Bir qaynı ilə ona hövuz söküldükdən sonra yol veriləcəkdi. Evin yerləşdiyi torpaq sahəsinə dair sənəd yoxdur. Evi özü tikib, torpaq sahəsinə cavabdehin atası hasar çəkmişdi. Ev tikəndə orada yaşayış var idi. Qaynatasının evi mövcud idi. İndi mövcud olan onun və kiçik qaynının evi mövcud deyildi. Telefon və internet xətti onunm adına, digər sayğaclar cavabdehin adınadır. Evi tikməyinə dair ancaq şahidləri var. Hər hansı smeta, yaxud podrat müqaviləsi mövcud deyil. Evi xalasının övladları ilə tikib. Sadəcə evin damını birlikdə hərbi xidmətdə olduğu və bir kənddən olduğu şəxs vurub. 2009-cu ildən 2021-ci ilə qədər müxtəlif məbləğlərdə bankdan kredit götürüb, həmin məbləğləri, anasının, arvadının, bacısının, öz adına götürməklə tikintini davam etdirib. 2009-cu ildə nikaha daxil olduqdan sonra 1 ay İsmayıllı rayonunda atasıgildə qalıb. Bir aydan sonra cavabdehin atasının evinə gəlib. 3-4 ay qaynatasının evində qalıb. Evi 2009-cu ilin axırıncı aylarından 2021-ci ilə qədər tikib. Nikah pozulduqdan sonra anasının ayağı sındığından rayona gedib. Anasının yanına gedəndə əşyalarını götürüb. Onu evdən qovmayıblar. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər nikaha daxil olduqdan sonra qısa bir müddət İsmayıllı rayonunda yaşayıblar. Sonra bir müddət cavabdehin ailəsinin evində yaşayıblar. Qaynatası cavabdehə sənədsiz torpaq verib. Həmin torpaqların heç bir sənədi yoxdur. Hamısı zəbt torpaqlardır. Cavabdeh xərc çəkib, ev tikib. Sonra qayınları ilə söz-söhbəti olub. İddiaçının arvadı onkoloji xəstədir. O, ailəsinin uşaqlarının yanında olmaq istəyir. Hazırda işi yoxdur, amma bacardığı qədər ailəsinə maddi yardım edir. İnkar etmir ki, onun cari günə aliment borcu var. Ailəyə kənardan müdaxilə var. Cavabdehin qardaşları düşünür ki, cavabdeh onkoloji xəstədir, o ölsə, iddiaçı evə girib yaşayacaq. Bu səbəbdən imkan vermirlər ki, ailə bərpa olunsun. İddiaçının xərcə ehtiyacı yoxdur. Sadəcə olaraq ailəsini bərpa eləmək istəyir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bütün məhkəmə mübahisəsinin başlıca məqsədi aliment borcundan yayınmaqdır. İddiaçı ilə bir evdə yaşaya bilməz. Bu onun ölümünə səbəb olar. Yaşadığı evi atası o, nikaha daxil olmazdan əvvəl tikib. Amma yarımtikili idi və soyuq idi. Bu səbəbdən ilk vaxtlar atası ilə qalıblar. Yaşadığı evin neçənci ildə tikildiyini dəqiq bilmir. Yaşadığı evin təməli toydan qabaq atası tərəfindən qoyulub. Ev atası tərəfindən tam şəkildə tikilmişdi. Bir otağın üstü örtülmüşdü. Uşaqlar atasının evində doğuldu. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli həyətdə cavabdeh və qardaşlarının ayrı-ayrı evləri var. İddiaçıya qaynatası tərəfindən torpaq verilən vaxt həmin ərazidə torpaq sahəsinin 1 sotu 5000-6000 manata olub. İddiaçının həmin səviyyədə maddi imkanı olmayıb ki, torpaq alsın və ev tiksin. İddiaçının köçmək istədiyi evdə artıq onun keçmiş arvadı yaşayır. Bu mənəvi dəyərlərə də ziddir. Həyətə bir giriş var. Cavabdehin qardaşları, anası o həyətdə yaşayır. İddiaçının həmin həyətə köçərək orada yaşaması faktiki mümkün deyil və cavabdeh kimi təkcə müvəkkili qoyula bilməz, çünki evlərin sənədləri yoxdur və həyətdə 3 ailə yaşayır. Məhkəmədənkənar danışıqlarda da iddiaçı bildirir ki, aliment istəmədiyi təqdirdə, iddianı geri götürəcəkdir. Amma alimenti cavabdeh özü üçün istəmir, o uşaqların haqqıdır. Hesab edir ki, mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. İş materiallarında notariat orqanının və qonşuların iştiraki ilə, habelə icra nümayəndəliyi tərəfindən tərtib olunmuş aktlar var. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas göstərməklə tənzimlənir (hüququn analogiyası). Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arrvadını, ərini), uşaqların və valideynlərin) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3558/2021 N-li iş üzrə Qərarının 57-ci bəndində göstərilir ki, "Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanda bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa, həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil müəyyən müddətə köçürülməlidir. İddiaçının payının olmasını iddia etdiyi yaşayış sahəsi cavabdehin valideyinlerinə məxsusdur və 2000-ci ildə əldə olunmuşdur. Yaşayış sahəsində cavabdehdən başqa iki qardaşının da (Samir və Anur) evlərinin mövcud olması və həmin yaşayış sahəsinə cəmi bir giriş qapsının olması onu göstərir ki, bu yaşayış sahəsi və ev cavabdehin ailəsinə məxsusdur və nikahdan əvvəlki dövrə təsadüf edir. Obyektiv reallıq onu göstərir ki, iddiaçının tələbi absurddur və hüquqdan sui-istifadədən başqa bir şey deyildir. Azərbaycan Resoublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin iddia olunan yaşayış sahəsinə bir girişin olması, cavabdehin özündən başqa iki qardaşı (Samir və Anur hər iksi ailəli və az yaşlı uşağları vardır) və anasının da orda yaşaması faktı İddiaçı orda yaşamağını mümkünsüz edir. Belə ki, iddiaçının orda yaşamağı söz-söhbətə və digər arzuolunmaz hallara gətirib çıxara bilər. Bu da hüququn əsas funksiyalarından olan tənzimetmə və mühafizə funksiyalarına və hüququn başlanğıc prinsipi olan ədalət prinsipinə ziddir. Həmçinin Cavabdeh onkoloji xəstədir və Milli Onkologiya xəstəxanasında qeydiyyatdadır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikahın pozulması, uşaqların Cavabdeh yanında qalması, İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentn hər bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)5978/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdehapellyasiya şikayəti vermiş, Sumqyaıt Apellyasiya Məhkəməsini xx.xx.2022-ci il tarixli, 2(105)-1034/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)5978/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan çoxsaylı müqavilələrin və abonentin saldosunun kserosurətlərindən görünür ki, mübahisəli evdə qaz, su, elektrik enerjisindən istifadəyə görə istehlakçı kimi Cavabdeh göstərilmişdir.Belə olan halda mübahisəli ev Cavabdeh sahibliyindədir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Kəngərli və Partnyorlar” vəkil bürosuna ünvanlanmış 22 noyabr 2021-ci il tarixli məlumatdan görünür ki, ünvan 2 ofisinin xüsusi notariusun **********298 nömrəli ərizəsinə əsasən Cavabdeh valideynləri ilə birgə yaşadığı fərdi yaşayış evi mərhum atası X18 tərəfindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində tikilmişdir. İş materiallarında olan və X2, X1 və X9 tərəfindən tərtib edilmiş və notarial qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi həqiqətəndə 1952-ci il tarixdə anadan olmuş və 2013-cü il tarixdə vəfat etmiş X18 tərədindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində inşa edilmişdir. Həmin fərdi yaşayış evində adları qeyd olunan X14, X17, X15 və X12 hal-hazırda yaşamağa davam edirlər. İş materiallarında olan Abşeron RİHB-nin Masazır kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş 01 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Abşeron rayon Masazır kəndində yaşayır. İş materiallarında olan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Masazır qəsəbə sakini İddiaçı xx.xx.2020-ci il tarixindən etibarən "xxxx" MMC-nin Abşeron filialına məxsus ******* saylı nömrə üzərindən telefon və internet xidməti göstərilir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının payının olmasını iddia etdiyi yaşayış sahəsi cavabdehin valideyinlerinə məxsusdur və 2000-ci ildə əldə olunmuşdur. Yaşayış sahəsində cavabdehdən başqa iki qardaşının da (Samir və Anur) evlərinin mövcud olması və həmin yaşayış sahəsinə cəmi bir giriş qapısının olması onu göstərir ki, bu yaşayış sahəsi və ev cavabdehin ailəsinə məxsusdur və nikahdan əvvəlki dövrə təsadüf edir. Həmin iddia olunan yaşayış sahəsinə bir girişin olması, cavabdehin özündən başqa iki qardaşı (Samir və Anur hər iksi ailəli və az yaşlı uşağları vardır) və anasının da orda yaşaması faktı İddiaçı orda yaşamağını mümkünsüz edir. Belə ki, iddiaçının orda yaşamağı söz-söhbətə və digər arzuolunmaz hallara gətirib çıxara bilər. Mübahisəli evi yerləşdiyi torpaq sahəsinin cavabdehin atasına məxsus olmasını iddiaçı öz izahatında təsdiq etmişdir. Lakin həmijn torpaq sahəsinin qarşılığında cavabdehin atasına pul verməsini bildirsə də, buna dair sübutu təqdim etməmişdir. Həmçinin həmin torpaq sahəsində tikdiyi bildirdiyi və mübahisələndirdiyi fərdi yaşayış evinin onun tərəfindən tikilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırki işdə də iddiaçı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini cavabdehin atasından almasını, eləcə də həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evini tikməsini bildirsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində həmin evlə yanaşı 2 başqa evin yerləşməsi və torpaq sahəsinə bir giriş qapısının olması da həmin torpaq sahəsinin cavabdehin atasına aid olmaqla həmin evin də ona məxsus olmasını təsdiq edir. Bununla da müəyyən edilir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən öz vəsaiti hesabına tikilməsi sübut edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh onkoloji xəstədir, eyni zamanda həmin evin yerləşdiyi torpaq sahəsində cavabdehin qardaşlarına məxsus 2 yaşayış evi də yerləşir, belə olan halda iddiaçının keçmiş arvadı və arvadının qardaşları ilə bir həyətdə yaşaması müəyyən probləmlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, daimi yaşamaları üçün tam yararlıdır, müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verir, ayrıca yaşayış sahəsidir. Həmin evin cavabdehə məxsus olması müəyyən edilərsə belə iddiaçının həmin evə köçməsi əsaslı ola bilməz. Tərəflər arasında hazırki mülki münasibətləri 01 oktyabr 2009cu ildən sonra əmələ gəldiyindən, hazırki mənzil hüquq münasibətlərinə həmin dövrdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri pozulduğundan iddiaçı cavabdehin istifadəsində məxsus evə köçürülə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qubadlı Rayon Məhkəməsinin 2(028)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar