Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3367/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda 0,05225 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 94,3 kv.metr olan fərdi yaşayış evinin ona düşən ½ hissəsinin X2 bağışlamağı barədə müqavilənin X1 razılığı olmadan təsdiq edilməsinə yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi barədədir. Quba Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuş, iddiaçıya vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilməsi izah edilmişdir. (hakim R.Həsənov) Qərardaddan iddiaçı şikayət verərək, Quba Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, X6 Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 2080 nömrəli məktub inzibati qərar deyildir. Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanununa əsasən qərarlardan inzibati məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Hazırki Notariat Ofisinin məktubu qərar olmadığına görə o, inzibati məhkəməyə deyil, aidiyyatı üzrə rayon məhkəməsinə şikayət vermişdir. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ona görə də, maneələrin aradan qaldırılması tələbinə dair işlərin məhkəmə aidiyyatı mülki məhkəmədir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Quba Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadı ilə ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsində tələb kimi qoyulmuş bağışlama müqaviləsinin X1 razılığı olmadan təsdiq edilməsi barədə yaradılmış maneələrin aradan qaldırılması məsələsi Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin səlahiyyətinə aiddir və iddiaçı əslində Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin hərəkətini mübahisələndirmişdir. Buna görə İddiaçı inzibati orqanın hərəkətindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); - inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara; - bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrinə qarşı iddialarına. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən notariat orqanları inzibati orqan hesab olunur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir və bu barədə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. Eyni zamanda, MPM-nin 153.3-cü maddəsinə əsasən məhkəmə iddiaçıya eyni tələblə müvafiq məhkəməyə müraciət etmək hüququnu izah etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mahiyyətcə düzgün qərardadın ləğvi üçün əsas hesab edilmir. İddiaçı pozulmuş hüquqları ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəmədə iddia qaldırmaq hüququnu saxlayır. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə İddiaçı hazırkı iddia ərizəsinin qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(027)-1817/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3367/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3367/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver