Məhkəmə qərarları › İş №2(105)-337/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-337/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-337/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Sumqayıt Tibb Mərkəzi" X1rşı işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6786/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh1 və "Sumqayıt Tibb Mərkəzi" X1rşı xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd olunması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 18-1- 66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsinə mühafizəçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi ilə əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-66/3-1-5651/2024 saylı işdən azad olunma barədə əmrlə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı bildirir ki, işlədiyi yerdə xəstələrlə görüş saatı hər gün saat 18:00-dan 20:00-a kimidir. Hadisə baş verən günü cinayət hadisəsini törədən həmin şəxs iddiaçıya yaxınlaşıb ondan təkidlə xahiş etmişdir ki, qardaşının yoldaşı xəstəxanada yatır və onu təcili şəkildə görməlidir. İddiaçı ona bildirmişdir ki, görüş vaxtı deyil. Lakin o, təkidlə iddiaçıdan xahiş etmişdir. İddiaçı onda narahatçılıq hiss etmiş və bir insan kimi humanist davranaraq ona icazə vermiş və sakit şəkildə 5 dəqiqə ərzində görüşüb qayıtmasını bildirmişdir. Bir neçə dəqiqə sonra yuxarıdan səs-küy, qışqırıq səsi gəldiyi üçün iddiaçı yuxarı çıxmış və həmin şəxsin xəstənin başını kəsdiyini görmüşdür. İddiaçı, onun iş yoldaşı Rahib Hüseynov və şöbə müdiri Aqil həkimlə birlikdə müdaxilə etmiş və xəstəni onun əlindən almağa çalışmışdırlar. Lakin həmin şəxs xəstənin başını kəsmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, xəstə intihara cəhd edib və xəstəxanaya bu səbəblə yerləşdirilmişdir. Lakin mühafizə xidməti olaraq iddiaçıya bu barədə hər hansı məlumat verilməmişdir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə təlimatlandırılmamışdır. Həmin şəxsin üzərində hər hansı bir kəsici alətin olmasını müəyyən etmək üçün iddiaçıya hər hansı bir aparat verilməmişdir. İddiaçı bildirir ki, onun üzərində bıçaq olduğunu müəyyən edə bilməzdi. Əgər müəyyən etmək mümkün olsaydı, o, birmənalı şəkildə bu halın qarşısını ala bilərdi. Məhkəmənin nəzərinə çatıdırır ki, xəstəni öldürən şəxsin niyyəti onu öldürmək olub və o, bunu görüş saatında da edə bilərdi. Yəni o humanistlik edərək, həmin şəxsə xəstəsini görmək üçün şərait yaratmışdır. O, isə bundan sui-istifadə edərək, cinayət əməlini törədib. İddiaçı hesab edir ki, bu kobud pozuntu hesab oluna bilməz. Ona görə də iddiaçının işdən çıxarılması əsassız və qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh qərəzli olaraq onu işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 18-1-66/xx-xx/2024 nömrəli “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarından görünür ki, Tibb xidmətinin təşkili hissəsində 15.3-cü bəndə əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək müəyyən edilmişdir. Lakin onu həmin qaydalarla rəsmi qaydada tanış etməyiblər, yalnız şifahi şəkildə bildiriblər. Bundan əlavə bildirir ki, günün istənilən saatında istənilən şəxs bir zənglə xəstə yanına çıxa bilir. Buna etiraz etdikdə isə bir zənglə bu öz həllini tapırdı. Hazırkı vəziyyətdə bu reallığa münasibət bildirən yoxdur. Bundan əlavə növbəni təhvil aldığı vaxt ona xəstəxanada belə bir xəstənin olması barədə məlumat da verilməmişdir. Halbuki bu barədə də ona məlumat verilməli idi. Çünki ondan öncə növbədə olan şəxs hadisə barədə məlumatlı olub. O isə məlumatsız şəkildə növbəni təhvil almışdır. Bu hadisənin baş verməsinə qəsdən səbəb olmamışdır. Sadəcə insanlıq etmişdir. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh "Sumqayıt Tibb Mərkəzi" X4 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçı tərəfindən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını kobud surətdə pozması və əmrin ləğv olunması üçün əsasın olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı 2023-cü il tarixindən 12 avqust 2024-cü il tarixə kimi Sumqayıt Şəhər Tibb Mərkəzi Dəstək Xidmətləri Şöbəsinin Təhlükəsizlik bölməsində mühafizəçi işləməsi işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisədaxili İntizam Qaydalarını əsasən stasionar müalicə alan xəstələrlə görüş vaxtı İ-Vİ günlər saat 18:00-dan 20:00-dək, bayram və bazar günü saat 15:00-dan 18:00-dək olması barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı bu qaydanı kobud surətdə pozmuş, nəticədə İsrail Rəsulov xəstə Cəmilə Rəsulovanın (Mizəcanovanın) olduğu palataya daxil olaraq onu qətlə yetirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar