Məhkəmə qərarları › İş №2(105)-3377/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3377/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3377/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-5078/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia təmin edilməsi, birgə nikahdan olan 05.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, 25 may 2021-ci il tarixdən etibarən 05.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Cavabdeh məhkəməyə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5078/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərkən müvafiq mülki iş üzrə qətnamənin tarixini, yaşayış yerini, yaxud olduğu yeri qeyd etməmiş, həmçinin iddia tələbinin təmin edilməsinə baxmayaraq, apellyasiya şikayətində iddia tələbinin təmin edilməsini qeyd etmiş, birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən qətnamənin tarixinin, şikayət verən şəxsin yaşayış və ya olduğu yeri qeyd etməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar