Məhkəmə qərarları › İş №2(105)-3409/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3409/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3409/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tahirova Gülər Kərim qızının nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-4698/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-4698/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə ilk, Əsgərova (Tahirova) Gülər Kərim qızının İddiaçı qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə hər iki iddia təmin edilməmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Əsgərova (Tahirova) Gülər Kərim qızının Sumqayıt şəhəri, 18-ci mkr, ev 1, mənzil 47-dən yaşayış sahəsindən istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, mənzil növbəsində olduğuna görə Sumqayıt şəhər X10 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürmə şöbəsinin 27 iyul 1988-ci il tarixli, 11/380 saylı orderinə əsasən Sumqayıt şəhəri, SUUDR zavodunda işləməyinə görə ona Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 47 saylı mənzili verilmişdir. Həmin orderdə arvadı X5, oğlu X27 oğlu, oğlu X34 oğlu, qızı X28 oğlu, qızı X15 qeyd olunmuş və 1988-ci ildə həmin mənzilə köçmüşlər. Hazırda mübahisəli əmlak xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. O, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılmasını həll etməlidir. O, faktiki olaraq özünə məxsus olan mənzilə daxil ola bilmir, bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, hazırda həmin mənzildə oğlunun keçmiş həyat yoldaşı olan Cavabdeh yaşayır və onun mənzilə daxil olmasına müxtəlif yollarla maneçilik törədir. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, həmin mənzildən istifadə hüquqları vardır. Buna görə də cavabdehə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Tahirova Gülər Kərim qızı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X11 Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilinə istifadə hüququna 8000 manat kompensasiya ödəməklə xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2001ci il tarixdə X34 oğlu ilə faktiki nikaha daxil olaraq Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilində yaşayır. 14.10.2004-cü ildə X34 oğlu ilə nikahlarını rəsmiləşdirmişlər. O, 2003-cü ildən Sumqayıt şəhəri, 18-ci mkr, 1 sayı evin 47 saylı mənzilində qeydiyyatdadır. X34 oğlu ilə birgə nikahlarından 03.12.2002-ci il tarixdə Məhəmmədəmin və 28.05.2007-ci il tarixdə Kamil adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(060)-7291/2018 saylı qətnaməsi ilə X34 oğlu ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzildə yaşamaq hüququ tanınmışdır. O, iki övladı ilə birlikdə mübahisəli mənzili təmir etməklə orda yaşayır. Cavabdeh həmin evdə yaşamır, özünün yaşayış evi vardır. Onun və uşaqlarının isə digər yaşayış yeri yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzil növbəsində olduğuna görə Sumqayıt şəhər X10 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürmə şöbəsinin 27 iyul 1988-ci il tarixli, 11/380 saylı orderinə əsasən Sumqayıt şəhəri, SUUDR zavodunda işləməyinə görə ona Sumqayıt şəhəri, 18-ci mkr, 1 saylı evin 47 saylı mənzili verilmişdir. Həmin orderdə arvadı X5, oğlu X27 oğlu, oğlu X34 oğlu, qızı X28 oğlu, qızı X15 qeyd olunmuş və 1988-ci ildə həmin mənzilə köçmüşlər. Hazırda mübahisəli əmlak xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. O, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılmasını həll etməlidir. O, faktiki olaraq özünə məxsus olan mənzilə daxil ola bilmir, bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, hazırda həmin mənzildə oğlunun keçmiş həyat yoldaşı olan Cavabdeh yaşayır və onun mənzilə daxil olmasına müxtəlif yollarla maneçilik törədir. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, həmin mənzildən istifadə hüquqları vardır. Buna görə də cavabdehə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli və evdən çıxarılmalıdır. Qanunvericiliyin tələbinə əsasən kompensasiya məbləği evdən çıxarılan yaşayışçıların bir müddət ərzində başqa yerdə kirayədə yaşamaları üçün nəzərdə tutulmuşdur. Onların yaşadığı ərazidə cavabdehin yaşadığı mənzildən istifadə etdikləri mənzilə oxşar şəraitli evlərin kirayə haqqı 200-250 manat civarındadır. Ona görə də cavabdehə evdən çıxarıldıqdan sonra, təqribən il ərzində oxşar şəraitli evlərdə normal yaşamaq üçün kirayə haqqı məbləği kimi hazırda 12000 manat təklif edir. Həmin məbləğə cavabdeh təqribən 3 il müddətində kirayə mənzildə normal yaşamaq imkanı əldə edir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilinin icarədarıdır, mənzil özəlləşdirilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2 da məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tahirova Gülər Kərim qızının nümayəndəsi Vəkil1 Babalı oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzili özəlləşdirilməmişdir və mənzil ilk iddia üzrə iddiaçının mülkiyyətində deyildir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər X10 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürmə şöbəsi tərəfindən verilmiş 27.07.1988-ci il tarixli, 11/380 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzili 6 nəfər ailə tərkibində (özü, arvadı X5, oğlu X27 oğlu, oğlu X34 oğlu, qızı X28 oğlu, qızı X15) İddiaçı verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 07.12.2020-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilində X27 oğlu, X16, X12, Cavabdeh, X13, X17, X18, X19, İddiaçı, X6, X7, X9 və X3 qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1342/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə ilk, Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun olmaması barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı, X1, X34 oğlunun Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilinə köçürülmələri, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia tələbinin qalan hissədə və müstəqil tələb irəli sürən şəxslərdən X4 və X8 iddialarının təmin edilməməsi qət edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzili özəlləşdirilməmişdir, dövlət mənzil fonduna aid yaşayış sahəsidir, mənzilin icarədarı İddiaçıdur. Həmçinin o da mübahisə edilmir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tahirova (Əsgərova) Gülər Kərim qızı 14.10.2004-cü ildə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu İslam Əsgərovla nikahlarını rəsmiləşdirmiş və Cavabdeh Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilinə köçmüşdür. Göründüyü kimi, tərəflər arasında mənzil hüquq münasibətləri 2004-cü ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri 18-ci mkr, 1 saylı evin 47 saylı mənzilin mülkiyyətçisi deyildir. Məhkəmə kollegiyası hazırki ilk iddia ilə bağlı ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı ilk iddia tələbini irəli sürmək hüququna malik olmamışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin ilk iddiaya aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ilk iddiaya aid hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(060)-4698/2021 saylı qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar