Məhkəmə qərarları › İş №2(105)-341/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-341/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-341/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı aid olan ünvan 1, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı tikilidən çıxarılması qət edilmişdir (sədrlik edən C.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(105)-1226/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(102)-4823/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(105)- 1226/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1, yolun altı, dalan-2 deyilən ərazidə yerləşən 5 otaqlı evdən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə mübahisəni həll edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və qanunsuz nəticəyə gəlmişdir. İşə baxan məhkəmə mübahisənin ədalətli və qanuni həlli üçün ən azından mübahisəli evin mülkiyyətçisinin kimin olduğunu, iddiaçının mübahisəli ev üzrə hansı hüquqlarının olub-olmamasını, cavabdehin isə daimi olmasa da vaxtaşırı həmin evdə qalma məcburiyyətinin səbəblərini araşdırmalı, həmin mübahisəli evdə yaşayan iddiaçının sabiq həyat yoldaşı olaraq onu, qızları X3 və X2 şahid qismində məhkəmə prosesinə dəvət edib dindirməli, ailənin münaqişəli ailə olub-olmamasını araşdırmalı və bütün bunlardan ötrü müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə, Abşeron rayon Polis İdarəsinə sorğular etməli, iş üzrə mühəndis-texniki ekspertizası təyin etməli olduğu halda, bunları etməmiş, yalnız işə əlavə edilmiş və sübut kimi heç bir hüquqi əhəmiyyət kəsb etməyən Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş məlumat xarakterli məktuba istinad etmişdir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli evin hüquqi rejiminin müəyyən edilmədiyinə, iddiaçının həmin evə heç bir hüququnun olmamasına, onun evlə bağlı məhkəməyə hüquqlarını təsdiq edə biləcək "çıxarış" və ya "texniki pasport" təqdim etməməsinə, evin özbaşına tikili olmaqla heç bir rəsmi qeydiyyatının olmamasına diqqət yetirməyərək qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Cavabdeh onun anasıdır, o, 1999-cu ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuş, 2019-cu ildə nikahları pozulmuşdur. Birgə nikahdan 2 qız, 1 oğlan olmaqla 3 övladı var. Keçmiş əri 2018-ci ildən başqa bir xanıma qoşularaq evdən gedib və onlarla yaşamır, son 1 ildə evə qayıdıb. Özü işləyir, işdə olduğu müddətdə uşaqlarına iş üzrə cavabeh olan anası nəzarət edir, anasının onunla yaşamasının səbəbi budur. Anası hazırda xəstədir, vəziyyəti qənaətbəxş deyil və öz evindədir. Evi iddiaçı tikib. Amma tikilməsinə onun ata-anası da vəsait xərcləyib. Məsələn evin yerləşdiyi torpaq sahəsinin alınması üçün pulu iddiaçıya atası verib. Onda ailə kimi münasibətləri çox yaxşı idi. Bu səbəbdən atası iddiaçıya pul verərkən hər hansı sənədləşmə aparmamışdır. 2005-ci ildə Masazırda torpağın sotu ***-**** manat arasında idi. Atası sotunu 800 manatdan allmışdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilıməyəcəyini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsini izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 05.12.2019-cu il tarixli, 355 saylı məktubdan görünür ki, İddiaçı həyat yoldaşı Nümayəndə, övladları 09.01.2000-ci il təvəllüdlü X6, 12.06.2001-ci il təvəllüdlü X4 və 21.02.2011-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1ndəki evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan torpaqların alğı-satqısına dair aktdan görünür ki, 15 dekabr 2006-cı il tarixli, 04 saylı qərarla Masazır Bələdiyyəsi tərəfindən X5 600 manata 0,10 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Masazır Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli, 04 saylı qərarına əsasən X5 600 manata 1000 kv.metr torpaq sahəsi satılmışdır. İşdə olan 10 iyun 2020-ci il tarixli, AR-İİ 063303 saylı etibarnamədən görünür ki, X1 Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli, 04 saylı qərarına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsinə dair özəlləşdirmək üçün sənədlər toplamaq, bu sahəyə dair müavfiq sənədlər almaq və aldıqdan sonra oraya sərəncam vermək və s. səlahiyyətlərini 70 il müddətinə İddiaçı vermişdir. Birinci instansiya məhkəməsi İddiaçı arvadıNümayəndə, 09.01.2000-ci il təvəllüdlü X6, 12.06.2001-ci il təvəllüdlü X4 və 21.02.2011-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşamasını, mübahisə predmeti olan həmin yaşayış evinin İddiaçı məxsus olduğundan Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququ verilmədiyindən və ya belə bir hüquqa malik olmadığından iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin qızı 1999-cu ildə nikaha girmiş və onların bu nikahdan 3 uşaqları olmuşdur. Lakin hazırda onların nikahları pozulmuşdur. İddiaçı ilə cavabdehin qızı birgə nikahda olan vaxt Abşeron rayonu Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmin evin tikildiyi torpaq sahəsi Masazır Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli, 04 saylı qərarına əsasən X5 600 manata 1000 kv.metr torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin 0,2 ha hissəsinə dair özəlləşdirmək üçün sənədlər toplamaq, bu sahəyə dair müavfiq sənədlər almaq və aldıqdan sonra oraya sərəncam vermək və s. səlahiyyətləri 70 il müddətinə X9 tərəfindən İddiaçı vermişdir. Evin iddiaçı ilə birgə nikah dövründə tikilməsi cavabdehin nümayəndəsi olan qızı, iddiaçının keçmiş arvadı tərəfindən də izahatında bildirilmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdehin qızının birgə nikahı dövründə tikilmiş, orada yaşamışlar. Mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının adına dövlət reyestrindən keçməsə də, faktiki olaraq onun tərəfindən torpaq sahəsi alınaraq orada ev tikilmiş, həmin evdə arvadı və uşaqları ilə yaşamışlar. Bununla da müəyyən edlilir ki, mübahisəli fərdi yaşayış evi idiaçı tərəfindən özü və arvadı-uşaqları ilə birgə yaşayış üçün tikildiyindən onlara məxsus olmuşdur. Hazırda iş materiallarından görünür ki, iş üzrə cavabdeh, iddiaçının keçmiş arvadının anası onu mübahisəli fərdi yaşayış evinə buraxmır, orada yaşamasına mane yaradır. Mənzil hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 3-cü hissəsində neqativ formada ifadə olunaraq (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarı) göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin maddənin İİ hissəsi mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin ikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə görə mənzil hüququ dedikdə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqlar başa düşülür. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən edilmiş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi dedikdə, hər kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsullarından biri kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinə əsasən daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən qanunvericilik normalarına əsasən iddiaçının yaşadığı mübahisəli mənzil özbaşına tikinti olmasına baxmayaraq, onun həmin torpaq sahəsindən istifadə üzrə ilkin sənədlər vardır. İddiaçı bu sənədlərə əsaslanmaqla, evə gözlənilən hüquqlara ümid edir. Lakin cavabdehin evdən fasiləsiz istifadə etməsinə əsas verən hər hansı sübut mövcud deyildir. İddiaçının cavabdehdə evdən istifadə etməsinə güvən yaradan rəftarı, iddiaçının öz mənzilindən qanunla nəzərdə tutulmuş hüquqlarına xələl gətirəcək dərəcədə əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı sayaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalı, cavabdeh fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh mübahisəli fərdi yaşayış evində hansı əsasla yaşamasına, eləcə də onun fərdi yaşayış evində yaşaması üçün cavabdehdən daha çox hüquq malik olmasına dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-744/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar