Məhkəmə qərarları › İş №2(105)-343/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-343/2023

24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-343/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(060)-5882/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(060)-5882/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(060)-5882/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “HYUNDAİ ELANTRA” minik markalı, 99- NA-309 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Avtomobilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq mülkiyyət hüququ pozulmuşdur. Belə ki, özünün əvvəlcədən tanıdığı X13 adlı şəxs sözügedən avtomobili servisdə təmir elətdirmək adı ilə iddiaçıdan 1000 manat məbləğində pul, eləcə də maşını qanuni şəkildə idarə etmək üçün sürmək üçün etibarnamə istəmişdir. Sonuncu isə bununla razılaşmış, Radil Çıraqova 1000 manat məbləğində pul vermişdir. Etibarnamə vermək üçün notariusa getdikdə isə iddiaçını aldadaraq məhz sürmək üçün yox, baş etibarnamə almışdır. X11 yaxın adamı X2 verilmiş, iddiaçı isə yalnız maşını idarə edə bilməsi üçün etibarnamə verdiyini sanmışdır. Sonradan isə Radil Çıraqovun məqsədini anlamış, avtomobilin sonuncu tərəfindən X12, sonuncu tərəfindən isə Cavabdeh satıldığını bilmiş və dərhal etibarnaməni ləğv etdirmişdir. Radil Çıraqov tək iddiaçıya qarşı yox, bir neçə şəxsə qarşı dələduzluq etmişdir, hazırda barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı bir neçə dəfə cavabdehdən avtomobili qaytarmasını tələb etsə də, nəticəsi olmamış, onu avtomobilin ondan alınacağı halda yandırmaqla hədələmişdir. Nəticədə o məhkəməyə müraciət etmişdir.Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qanuni əsası olmayan iddianı təmin etmişdir. Mübahisəli avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisindən etibarnamə ilə X8 və X6 14550 manata almışdır. İddiaçının etibarnaməni ləğv etdirməsini biləndən sonra Gündüzlə Zahiddən pulunu istəmişdir, lakin onlar bundan imtina etmişlər. O, vicdanlı alıcıdır. Bütün bu dələduzluğu təşkil edən X10r. Onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi qaldırılmışdır. Cavabdeh avtonəqliyyat vasitəsinin dəyərini ödəməklə qanuni əsaslarla əldə etmişdir. İddiaçının öz razılığı ilə avtomaşın satılıb. Onun heç avtomaşına da ehtiyacı yoxdur, onun başqa maşını da vardır. Onda olan məlumata görə avtomaşından əldə olunan pul məhz iddiaçıya çatmışdır. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlər əsasında apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, o avtonəqliyyat vasitəsini Gündüz Quliyevdən almışdır. Notariusa gedən zaman iddiaçı da maşın da olmuşdur. Maşının satılmasına iddiaçının razılığı olmuşdur. Maşının onun tərəfindən dəyəri ödənilməklə əldə edildiyi Zahid Əşrəfov və Gündüz Quliyev tərəfindən inkar edilmir. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi var. Həmin qətnamə ilə Zahid Əşrəfovdan 14450 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinə göndərilmiş vəkil sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, DİN Baş X22i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə "HYUNDAİ ELANTRA" markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən 754876 nömrəli hesab-arayış əsasında ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. Yenə işdə olan AD seriyalı, 162871 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Yenə də mülki işdə olan “Elektron notariat” X1 çıxarışdan məlum olur ki, İddiaçı tərəfindən X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququ ilə etibarnamə verilmişdir. Etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilib. Mülki işə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçisi İddiaçı olan “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 tərəfindən X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək geniş səlahiyyətli etibarnamə verilmişdir. Yenə mülki işə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən mülkiyyətçisi İddiaçı olan “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X5 Qulam Nofəl oğluna xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair geniş səlahiyyətli etibarnamə verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşüb. İş materiallarından məlum olur ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə X9 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Sonradan cinayət işi ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi RPİ-ə göndərilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 6582\2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh Zahid Əşrəfova, Gündüz Quliyevə və İddiaçı qarşı mübahisəli nəqliyyat vasitəsi üçün ödədiyi 14450 manat maddi zərərin tutulması barədə iddiası qismən təmin edilərək Zahid Əşrəfovdan 14450 manat pulun alınıb ona verilməsi qət edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmetini təşkil edən “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin avtomobillə bağlı X2, o, X12, sonuncu isə öz növbəsində avtomobillə bağlı hazırkı iş üzrə Cavabdeh geniş səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Sonuncu mübahisəli avtomobilin alınmasına görə 14450 manat ödəniş etmişdir. Avtomobil hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçı isə həmin avtomobillə bağlı verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra Cavabdeh Zahid Əşrəfova, Gündüz Quliyevə və İddiaçı qarşı mübahisəli nəqliyyat vasitəsi üçün ödədiyi 14450 manat maddi zərərin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6582\2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Zahid Əşrəfovdan 14450 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəylə razılaşan apellyasiya kollegiyası mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bu Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 365.1 və 365.1.3-cü maddələrinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsinə səbəb olur. Yenə həmin Məcəllənin 366.4-cü maddəsinin tələblərinə görə etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Beləliklə, istinad edilən maddi hüquq normaları baxımından iddiaçının mülkiyyətçi olaraq hüquqları qorunmalıdır. Onun mülkiyyətində olan nəqliyyat vasitəsinə dair verdiyi etibarnamə həmin əşyaya dair mülkiyyət hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən hər bir halda həmin etibarnamə ləğv edilmişdir və bu səbəbdən də mübahisəli avtomobil mülkiyyətçi olaraq ona qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli nəqliyyat vasitəsini etibarnamə ilə olsa belə əvəzli əldə etdiyindən onun da pozulmuş hüquqları bərpa edilməlidr. İşdən göründüyü kimi iddiaçının müraciəti əsasında mübahisəli avtomobillə bağlı X9 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda, qeyd edildiyi kimi Cavabdeh Zahid Əşrəfova, Gündüz Quliyevə və İddiaçı qarşı mübahisəli nəqliyyat vasitəsi üçün ödədiyi 14450 manat maddi zərərin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6582\2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Zahid Əşrəfovdan 14450 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almasa da, iş üzrə tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh həmin avtomobil üçün 14450 manat pul ödəmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(060)-5882/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar