Məhkəmə qərarları › İş №2(105)-3433/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3433/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3433/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-633/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-633/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2, həmçinin onların uşaqları X1, X3 (bütün ailəyə birlikdə) İddiaçı tərəfindən 6000 (altı min) manat məbləğində kompensasiya ödəməklə ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və onların uşaqları X4 və X2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. (hakim Ç.İsgəndərov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək, Şabran Rayon Məhkəməsinin 2(031)-633/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin ailə üzvləri ilə birlikdə Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 saylı evin 14 saylı mənzilinin yaşayış sahəsi 12.4 kv.metrlik otağından istifadə qaydasının müəyyən edilməsi və onların mənzilin həmin otağına köçürülmələri barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 qarşı iddia həcminin artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2, habelə onların uşaqları X1 və X3 (bütün ailəyə birlikdə) 6000 manat məbləğində kompensasiya ödəməklə Şabran şəhəri, F.X.Xoyski küçəsindəki 16 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, mübahisəli mənzilin 4/5 hissəsinin mülkiyyətçisidir. İllərdir ki, nəvələri və gəlini ilə bir evdə yaşamaqlarına baxmayaraq, onunla danışmırlar. Nəvələri onun qocalığından istifadə edib onunla xoşagəlməz şəkildə davranırlar. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdehlər onunla yola getmədiklərinə görə, mütəmadi olaraq aralarında mübahisələr və münaqişələr olmuş, buna görə də o, məhkəmədə Cavabdeh1 qarşı yaşayış sahəsinin müəyyən edilməsinə dair iddia qaldırmışdır. Lakin belə olan halda da, cavabdehlər onunla yola getməyəcək, onu evində yaşamağa qoymayacaqlar. Ona görə də, cavabdehlərə kompensasiya ödəmək yolu ilə evdən çıxarılmaları qərarına gələrək məhkəmədə bu iddianı qaldırmışdır. Göründüyü kimi, onun mülkiyyəti hesab olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmışdır Lakin o, öz əmlakına istədiyi kimi sahib ola, ondan istifadə edə və onun üzərində sərəncam verə bilmir. Bundan başqa, hazırda müəyyən edilmişdir ki, həmin mənzilin 4/5 hissəsinə onun adına mülkiyyət hüququna dair çıxarış verilmiş, lakin mənzilin 1/5 hissəsinə olan hüquqlar açıq saxlanılmışdır, yəni cavabdehlərin istifadəsində daşınmaz əmlakın cüzi hissəsi qalmışdır. Mənzilin qiyməti isə 30000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, mülkiyyətində olan yaşayış evindən lazımi qaydada istifadə etmək üçün cavabdehlərin istifadə hüququna cəmi 6000 manat məbləğində kompensasiya verməklə xitam verilməsini istəyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdehlər 19.12.2008-ci ildə nikaha girmişlər. Nikaha girdikdən sonra Cavabdeh2 evin o zamankı mülkiyyətçisi Mirkərim Həsənovun razılığı ilə mübahisəli mənzilə gəlin köçmüşdür. Onların 18.09.2009-cu ildə Tahirə və 03.01.2012-ci ildə Vüqar adlı uşaqları olmuşdur. Cavabdehlər 2008-ci ildən hazırkı vaxtadək mübahisəli mənzildə yaşayırlar və onların başqa yaşayış yerləri yoxdur. Həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə heç bir hüquqi əsas yoxdur. Cavabdeh1 atası Mirkərim Həsənov vəfat etdikdən sonra mübahisəli mənzilin 4/5 hissəsi iddiaçının mülkiyyətinə keçmişdir. Lakin mənzilin 1/5 hissəsində onun da birinci növbə vərəsə kimi miras payı vardır. Lakin o, bu barədə hüquq müəyyənedici sənədlərini almamışdır. Cavabdeh1 atasından qalmış mirası əmlaka sahiblik etməklə və onu idarə etməklə qəbul etmişdir. Əslində isə iddiaçı onlara bu mənzildə yaşamağa imkan vermir. Yaşlı anasına kənardan təsir edirlər. Məhkəmə bu hallara düzgün qiymət verməmiş, əmlakın mülkiyyətçisi kimi Cavabdeh1, həmçinin onun arvadı Cavabdeh2 hüquqlarını pozmuşdur. Buna görə də hər iki cavabdeh apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini və onlara qarşı qaldırılmış iddianın rədd olnumasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz apellyasiya şikayətlərinə uyğun izahat verib, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdeh2 əlavə etdi ki, aralarındakı mübahisə baldızlarının onların işinə müdaxiləsi nəticəsində yaranmışdır. İddiaçı əslində onlarla daimi yaşamıır. Həftənin 5-6 gününü baldızının yanında olur, həftədə bir dəfə gələr, ya gəlməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərinə etiraz edib onların təmin edilməməsini, mübahisə üzrə çıxarılmış qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********31-05101-093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2020-ci il olan çıxarışdan görünür ki, Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 saylı evin 14 saylı mənzilinin 4/5 hissəsi İddiaçı mülkiyyətindədir. Mənzilə dair onun adına texniki pasport tərtib edilmişdir. Mənzilə olan payın 1/5 hissəsi açıq saxlanılmışdır. İşdə olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/6657 saylı arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 14 saylı mənzilin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu təyin edilmişdir. Obyektin 16 dekabr 2020-ci il tarixinə bazar dəyəri 30 000 manat təşkil edir. İşə əlavə edilmiş AZ-İ 459374 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 19 dekabr 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Yenə işə əlavə edilmiş AA1380138 saylı və AZE 18788280 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından 18 sentyabr 2009-cu ildə Tahirə və 03.01.2012-ci ildə Vüqar adlı uşaqları anadan olmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-633/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir. İş materiallarından görünür ki, Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 saylı evin 14 saylı mənzilinin 4/5 hissəsi 24.12.2020-ci ildən İddiaçı mülkiyyətindədir. İşin faktiki hallarından, tərəflərin izahatlarından görünür ki, mübahisəli mənzil daha əvvəllər iddiaçının əri Mirkərim Həsənovun mülkiyyətində olmuş və mərhumun ölümündən sonra miras qalmışdır. Mənzilin 1/5 hissəsinin mülkiyyəçisi barədə iş materiallıarında hər hansı sübut yoxdur. Bununla belə, Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, o da atasının birinci növbə vərəsəsidir və 1/5 hissəni miras kimi o, qəbul etmişdir. İddiaçı qeyd edir cavabdehlər ona mülkiyyətində olan mənzildə rahat yaşamağa imkan vermirlər. Bu səbəbdən də hazırda İddiaçı məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2, habelə onların uşaqları X1 və X3 (bütün ailəyə birlikdə) 6000 manat məbləğində kompensasiya ödəməklə Şabran şəhəri, F.X.Xoyski küçəsindəki 16 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqularının mövcud olması işin mübahisəsiz hallarındandır. Bununla belə, hazırda iddiaçı iddia edir ki, cavabdehlər mübahisəli ailədir, ona məxsus evdən istifadəsinə maneçilik törədir, onların bir yerdə yaşaması mümkün deyil, bu isə onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq norması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Daha öncə qeyd edildiyi kimi iddiaçı hazırda mübahisəli evin 4/5 hissəsinin mülkiyyətçisidir, mübahisəli daşınmaz əmlak üzərində onun hissəvi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yenə işin tədqiq olunan faktiki hallarından bəlli olur ki, Cavabdeh1 mübahisəli evin əvvəlki mülkiyyətçisi, mərhum M.Həsənovun birinci növbə vərəsəsidir və o, həmin mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Ona görə də onun da bu mənzildə miras payının olması istisnasızdır. Məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə iddiaçı özünə mərhum ərindən miras qalmış və hazırda cavabdehlərin yeganə yaşayış yeri olan evdən onların ailə üzvlərinin istifadə hüquqlarına kompensasiya verməklə xitam verdikdə bu məbləğ ədalətli olmalıdır. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə cavabdehlərin digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət edib-etməməsini nəzərə almamış və iddia tələbinin təmin edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, başqa yaşayış yeri olmayan 4 nəfərlik ailə üçün 6000 manat kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam vermək daha öncə şərh olunduğu kimi iş üzrə tərəflərin maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası onu da nəzərə alır ki, mübahisəli mənzilin 1/5 hissəsinə dair hüquqlar açıq saxlanılmışdır və bu hissənin vərəsə kimi mülkiyyətçisi Cavabdeh1 da ola bilər. Belə olan halda isə, söhbət onun istifadə hüququna xitam verilməsindən yox, paylı mülkiyyət üzrə hüquqa xitam verilməsindən gedə bilər. Bunlar isə mülki qanunvericilikdə fərqli institutlardır və həlli qaydası da müxtəlifdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X5rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi, tam ləğvi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişlər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş cəmi 20,80 (10,40+10,40) manat dövlət rüsumu İddiaçı alınaraq onlara qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-633/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kompensasiya ödənilməklə məzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş cəmi 20,80 (10,40+10,40) manat dövlət rüsumu İddiaçı alınaraq onlara qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar