Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-344/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt Şəhər 11 X10 Məktəbinə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5485/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Suqmayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5485/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər 11 X10 Məktəbin direktoru İlahə Həsənli tərəfindən verilən 07.05.2021-ci il tarixli, 60 (86) saylı və 21.05.2021-ci il tarixli, 64 (63) saylı əmrlər ləğv edilmiş, İddiaçı qızının təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və işdən azad edildiyi gündən etibarən işə bərpa ediləcəyi günə qədər əmək haqqının hesablanaraq İddiaçı qızına ödənilməsi qət edilmişdir.(hakim A.İsmayılov) Qətnamədən cavabdeh Sumqayıt Şəhər 11 X10 Məktəbi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5485/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı qızı Sumqayıt Şəhər 11 X10 Məktəbinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Sumqayıt Şəhər 11 X10 Məktəbin direktoru İlahə Həsənli tərəfindən verilən 07.05.2021-ci il tarixli, 60 (86) saylı və 21.05.2021-ci il tarixli, 64 (63) saylı əmrlərin ləğv edilməsinə, 26.07.2017-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə və habelə işdən azad edildiyi gündən etibarən işə bərpa ediləcəyi günə qədər əmək haqqının hesablanıb birdəfəlik ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, 27.07.2017-ci il tarixdən 21.05.2021-ci il tarixədək Sumqayıt Şəhər 11 saylı Tam Orta məktəbdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış, çalışdığı müddət ərzində vicdanla, qanuni və əmək funksiyalarına tam əməl etməklə öz vəzifəsini icra etmiş və müəssisədaxili intizam qaydalarına riayət etmişdir. 31 mart 2021-ci il tarixində çalışdığı təhsil müəssisəsinin digər müəllim əməkdaşıyla aralarında mübahisə yaranmış və həmin mübahisənin təsiri ilə sağlamlıq vəziyyəti pisləşmiş, bu səbəblə də 01.04.2021-ci il tarixində sağlamlıq vəziyyətində yaranmış olan problemlə əlaqədar məzuniyyətə çıxmış və 07.05.2021-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. Elə həmin gün çalışdığı məktəbin direktoru İlahə Həsənli tərəfindən onun haqqında 07 may 2021-ci il tarixli “şiddətli töhmət elan edilməsinə” dair qeyri-obyektiv, qərəzli 86 saylı əmr verilmişdir. 21 may 2021-ci il tarixində isə məktəbin Pedoqoji Şurasının 63 nömrəli qərarı ilə onun 27.07.2019-ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsi birtərəfli olaraq məktəbin direktoru tərəfindən ləğv edilmiş, ona ixtisası üzrə rus dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Şiddətli töhmət əmri verilməzdən əvvəl, bu məsələ ilə bağlı ondan hər hansı izahat alınmamış və heç bir məlumat təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Növbəti məqam isə onun haqqında tərtib edilmiş “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə” 63 saylı əmrin tamamilə qanuna zidd şəkildə qəbul edilməsidir. Belə ki, 26.07.2017-ci il tarixli əmək müqaviləsinə əsasən onun vəzifəsi təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq qeyd edilmiş və artıq 4 ildir ki, həmin vəzifədə çalışmış, lakin 21.05.2021-ci il tarixli yuxarıda da adı çəkilən əmrə əsasən ona bu haqda heç bir məlumat verilmədən əmək müqaviləsi ləğv edilmiş, vəzifəsi aşağı salınaraq rus-dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Əgər sözügedən təhsil müəssisəsinin direktoru tərəfindən əmək müqaviləsində vəzifəyə dəyişiklik edilmişsə, bu hal da sübut edir ki, onun məlumatı və razılığı olmadan edilən dəyişikliklər qanunsuzdur. Bu qanunsuz addımlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı və 43.4-cü maddələrinin tələblərinə ziddir. Həmçinin həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilinmədiyi təqdirdə, onun 27.07.2019ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsinə sadalanan hallardan hər hansı biri olmadan ləğv edilmişdir. Bundan başqa, onun 27.07.2019-ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqının rəyi olmamış, məktəb direktoru tərəfindən həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimat belə təqdim edilməmişdir. Məktəbin direktoru tərəfindən “şiddətli töhmətin verilməsi” barədə 86 saylı əmr, həm də “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi” barədə 63 saylı əmr məzmun və sənədləşdirmə qaydası, eləcə də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, əsaslandığı hallar, qanunla qorunan hüquqlarının müdafiəsi üçün müvafiq şəraitin yaradılmaması və nəticə etibarilə də qanunla ona verilmiş hüquq və mənafelərinin əsassız olaraq məhdudlaşdırılması baxımından qanunsuz və əsassızdır. Onun işdən çıxarılması barədə əmr qanunsuz və əsassız olduğundan iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Sumqayıt Şəhər 11 X10 Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnaməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual normaları düzgün tətbiq etməmiş, onların sübutlarını düzgün qiymətləndirməmiş və mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı qızı bir müddət Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra etmiş. Azərbaycan Respublikası Təhsil Nazirinin 28 noyabr 2016-cı il tarixli, 11/1182 nömrəli əmrinə əsasən Sumqayıt şəhər Təhsil Şöbəsinin müdirinin 01 dekabr 2016-cı il tarixli, 131 nömrəli əmri ilə həmin vəzifənin icrasından azad edilmişdir. Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin direktor əvəzi F.Tağıyevanın 15 fevral 2017-ci il tarixli, 12 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68(2a)-ci maddəsinə əsasən xitam verilmişdir. 14 avqust 2017-ci il tarixində Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin direktoru X4 ilə İddiaçı arasında Sumqayıt şəhər Təhsil Şöbəsinin razılığı ilə yeni əmək müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən İddiaçı əmək müqaviləsi üzrə "Rus dili müəllimi", məşğulluq təsnifatı üzrə "Direktor müavini" vəzifəsinə təyin olunmuşdur. Bir müddət normal iş şəraitində çalışdıqdan sonra, İddiaçı öz işinə məsuliyyətsiz yanaşma, vəzifəsini yerinə yetirməmə və iş yoldaşları ilə münasibətlərinin pozulması, onları təhqir etməsi və s. bu kimi hallar müşahidə edilməyə başlanmışdır. İddiaçı ona bildirilən iradlara əhəmiyyət vermədən öz hərəkətlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmış, məktəbin kollektivinə və rəhbərliyinə saymazyana və laqeyd münasibət göstərməyə davam etmişdir. Belə ki, öz işinə səhlənkar yanaşması nəticəsində İddiaçı təlim-tərbiyə üzrə direktor müavini kimi birbaşa məsuliyyət daşıdığı və cavabdeh olduğu sinif jurnallarının yazılmasında və dərs cədvəllərinin hazırlanmasında ciddi nöqsanlar aşkar edilmişdir. Bu məsələ məktəbin pedaqoji şurasında bir neçə dəfə müzakirə olunmuş, İddiaçınm və sinif rəhbərlərinin izahatları alınmışdır. Lakin İddiaçınm işinə laqeyd yanaşması davam etmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Halbuki, tədris-metodiki sənədlərin hazırlanması, dərs cədvəllərinin tərtib edilməsi kimi fəaliyyət təlim-tərbiyə üzrə direktor müavininin normativ sənədlərlə müəyyən edilmiş əsas vəzifələrinə daxildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil Sahəsi işçilərinin X1 Tarif - X5" nın XVİİ bölməsinin 1. 3 və 7-ci bəndlərində təlimtərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir. İşində yol verdiyi nöqsanlarla yanaşı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Təhsil haqqında", "Ümumi təhsil haqqında" Qanunlarda və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış Qaydaları”nda nəzərdə tutulmuş intizam qaydalarını, elik davranış qaydalarını, pedaqoji etika və əxlaq normalarını pozaraq iş yoldaşlarına qarşı qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, İddiaçı qızı 31 mart 2021-ci il tarixində Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin müəllimlər otağında həmin məktəbin direktor müavini Xanım Zeynalovanı aralarında baş vermiş mübahisə zamanı nəlayiq ifadələrlə təhqir etmiş, onun vəfat etmiş valideynlərinin ünvanına söyüşlər söymüş, bununla kifayətlənməyərək əlində olan mobil telefon aparatını Xanım Xeynalovaya tərəf atmışdır. İddiaçı bu zaman müəllimlər otağına jurnal götürmək üçün gələn məktəbin musiqi müəlliməsi Afaq Rəhimovanın üzərinə hücum çəkərək onu da təhqir etmiş və qolundan tutaraq onu zorla kobud şəkildə otaqdan çıxartmışdır. Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olmuş və həssas xarakterə malik olan Afaq Rəhimova bu hadisədən sonra özünü pis hiss etmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Müəllimlər otağında baş vermiş bu hadisə ilə əlaqədar hadisə zamanı orada olan məktəbin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Xanım Zeynalova və Afaq Rəhimova məktəbin direktor müavini İddiaçı onlara qarşı qeyri-etik hərəkətlərindən Sumqayıt şəhər Təhsil şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. 02 aprel 2021-ci il tarixində məktəbin direktoru İlahə Həsənli mobil telefonu ilə məktəbin bir neçə işçisinin yanında İddiaçı mobil telefonuna zəng vurmuş, ondan harada olduğunu və niyə işə gəlmədiyini soruşmuşdur. İddiaçı direktora kobud və saymazyana şəkildə "harada olmalıyam? evdə” cavabını vermiş, direktorun 31 mart 2021-ci il tarixində müəllimlər otağında baş vermiş hadisə ilə əlaqədar məktəbə gələrək izahat verməsi tələbinə isə “mən xəstəlik vərəqindəyəm" deyərək izahat verməkdən imtina etmiş və telefonunu söndürmüşdür. Bu hadisə orada olan şəxslərin imzası ilə aktlaşdırıhnışdır. İddiaçı nəinki iş yoldaşlarına qarşı təhsil müəssisəsində yol verdiyi qeyri-etik hərəkətlərindən peşman olmamış və həmin şəxslərlə barışmağa cəhd etməmiş, işə gəlməməsi və səbəbləri barədə məktəbin direktoruna məlumat verməməklə yanaşı, yuxarıda qeyd olunan hadisənin araşdırılması məqsədilə məktəbin direktorunun çağırışına kobud şəkildə cavab verərək izahatdan imtina etmişdir. Bu da öz növbəsində İddiaçı işlədiyi təhsil müəssisəsinə, onun əməkdaşlarına və məktəbin rəhbərliyinə qarşı hansı münasibətdə olmasını bir daha təsdiq etmişdir. 31 mart 2021-ci il tarixində baş vermiş hadisə məktəbin pedaqoji şurasının 03 aprel 2021-ci il tarixində keçirilmiş iclasında müzakirəyə çıxarılmışdır və şuranın qərarı ilə İddiaçı həmkarlarına qarşı etdiyi təhqiramiz hərəkətlər etik davranış normalarına zidd hesab edilmiş və məzuniyyətdən qayıtdıqdan sonra İddiaçı barəsində intizam tənbehi elan edilməsi qərara alınmışdır. 31 mart 2021-ci il tarixində baş vermiş hadisə məktəbin direktor müavini Xanım Zeynalova və məktəbin musiqi müəlliməsi Afaq Rəhimovanın şikayət ərizələrinə əsasən Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən araşdırılmış, hadisə ilə əlaqədar İddiaçı izahat verməsi tələb olunmuşdur. İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsinə ünvanladığı izahatında ona qarşı qərəzli mövqe olduğunu bildirmişdir. Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini İddiaçı qızının öz həmkarlarına qarşı münasibətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydalarf'mn tələblərini pozması faktı aşkar edilmiş və buna görə Təhsil Şöbəsinin 13 aprel 2021-ci il tarixli, 33(01)-01-161/13 nömrəli məktubu ilə məktəbin direktoruna İddiaçı haqqında müvafiq intizam tənbehinin görülməsi, eyni zamanda işçilər arasında işgüzar atmosferin yaradılması və normal iş ahənginin bərpa edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Həmçinin Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 aprel 2021-ci il tarixli, B-36/01 nömrəli məktubda 31 mart 2021-ci il tarixində baş vermiş münaqişədə İddiaçı tərəfindən "Müəllimlərin elik davranış Qaydaları”nın tələblərinin pozulduğunun müəyyən edildiyi və bununla əlaqədar müvafiq tədbir görülməsinin məktəbin direktoruna tapşırıldığı bildirilmişdir. İddiaçı qızı məzuniyyətdə olduğuna görə onun barəsində intizam tənbehinin verilməsi təxirə salınmış və Sumqayıt şəhər 11 X10 məktəbinin direktorunun 07 may 2021-ci il tarixli, 60 nömrəli əmri ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin 13 aprel 2021-ci il tarixli, 33(01)-01-161/13 nömrəli məktubu, Azərbayean Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş '’Müəllimlərin etik davranış Qaydaları”, 31 mart 2021-ci il tarixli akt və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi əsas tutularaq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı qızına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi verilmişdir. Yuxarıda göstərilən hadisə İddiaçı iş yoldaşlarına qarşı ilk belə qeyri-etik davranışı olmamışdır. Belə ki, 15 oktyabr 2019-cu il tarixli. 216 nömrəli əmrlə məktəbin təsərrüfat işlər üzrə direktor müavini X2 qarşı qeyri-etik davranışa yol verdiyinə, bununla da Azərbayean Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə İddiaçı töhmət elan edilmişdir. Həmin hadisə zamanı da İddiaçı əlində olan əşyalarla dolu yüklü çantası ilə məktəbin dəhlizində bir neçə dəfə Teymur Abbasovun başına vurmuşdur. Məktəbin pedaqoji şurasının 16 may 2021-ci il tarixində keçirilmiş iclasında digər məsələlərlə yanaşı məktəbin direktor müavini İddiaçı etik davranış qaydalarını pozması və vəzifəsinə səhlənkar yanaşması haqqında sinif rəhbərlərinin və fənn müəllimlərinin izahatlarının müzakirəsi keçirilmişdir. Həmin müzakirələrdə İddiaçı kollektivlə münasibətlərdə etik davranış qaydalarını pozduğu və vəzifəsinə səhlənkar yanaşması nəticəsində jurnalların yoxlanması zamanı ciddi nöqsanların aşkar edildiyi, İddiaçı cavabdeh olduğu dərs cədvəllərinin stabil tərtib edilmədiyi bildirilmişdir. İddiaçı iştirakı ilə keçirilmiş pedaqoji şuranın üzvlərinin səsverməsi ilə (3 nəfər bitərəf qalmaqla bütün səslər lehinə) etik davranış qaydalarını pozduğuna, vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığına görə İddiaçı qızının məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. Sumqayıt şəhər 11 X10 məktəbinin direktorunun 21 may 2021-ci il tarixli, 64 nömrəli əmri ilə məktəbin pedaqoji şurasının 16 may 2021-ei il tarixli. 7 nömrəli qərarı əsas tutularaq İddiaçı qızının 14 sentyabr 2017-ci il tarixdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi barədə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, ona ixtisası üzrə rus dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Bu barədə bildiriş 31 may 2021-ci il tarixində elektron informasiya sisteminə daxil edilmişdir. Həmin bildirişdə İddiaçı vəzifəsinin əmək müqaviləsi üzrə “Rus dili müəllimi”, məşğulluq təsnifatı üzrə "Müəllim, ümumi təhsil məktəbi/dil” kimi qeyd olunmuşdur və əmək müqaviləsinin bağlandığı tarix 14 sentyabr 2017-ci il tarixi kimi göstərilmişdir. Göründüyü kimi, Sumqayıt şəhər 11 X10 məktəbinin direktorunun 21 may 2021-ci il tarixli, 64 nömrəli əmri işdən çıxarılmaqla bağlı əmək müqaviləsinə xitam verilməsi barədə deyil, vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə olmuşdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, iddiaçının vəzifədən azad olunması barədə əmr tam qanunidir və onun ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı qızının nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, əmr verilərkən Şəhla xanıma heç bir xəbardarlıq edilməmişdir. Ümumiyyətlə, əmək müqaviləsinə xitam verilməsi əmrində ixtisas üzrə 9 saat dərs aparılmasına icazə verilməsi pozuntudur. Məhkəməyə internetdə olan üç portaldan, yəni “ e-sosial”, egov.az” və “my.gov” portallarından çıxarışlar təqdm edilmişdir və bu çıxarışlar hər portalda müxtəlifdir, yəni iddiaçının işdən azad olunması ilə bağlı elektron sistemdə 3 fərqli məlumat yerləşdirilmişdir. Bundan başqa, direktor müvini işçi deyil, rəhbər şəxsdir və bu hallar məhkəmə tərəfindən tamamilə nəzərə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt şəhər 11 saylı Tam Orta Məktəb tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 60 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməklə intizam tənbehi verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər 11 saylı Tam Orta Məktəb tərəfindən verilmiş “Pedaqoji Şuranın” 16.05.2021-ci il tarixli, 07 nömrəli qərarına əsaslanmış “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə” 21 may 2021-ci il tarixli, 64 (63) saylı əmrdən çıxarışdan görünür ki, işə götürən tərəfindən İddiaçı qızı ilə 14.09.2017-ci il tarixdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi barədə bağlanılmış əmək müqaviləsinə 21.05.2021-ci il tarixdən xitam verilmiş və ona ixtisası üzrə rus dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Yenə iş materiallarında olan 02.04.2021-ci il tarixli aktdan görünür ki, 31.03.2021-ci ll tarixdə baş vermiş hadisə ilə bağlı 02.04.2021-ci il tarixdə İddiaçı qızından məktəbə gələrək izahat verilməsi tələb olunsa da, o, xəstə olduğu üçün gəlməmişdir. Yenə də iş materiallarında olan Sumqayıt şəhər 11 saylı Tam Orta Məktəb tərəfindən verilmiş 15 oktyabr 2019-cu il tarixli, 216 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməklə intizam tənbehi verilmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhər 11 saylı Tam Orta Məktəbin Pedaqoji Şurasının 03.04.2021-ci il tarixli, 5 saylı protokolundan görünür ki, Şura məktəbin direktor müavini İddiaçı həmkarlarına etdiyi təhqiramiz hərəkətlər (telefon tullamaq, otaqdan kobud şəkildə çıxartmaq) etik davranış qaydalarına zidd hesab edilmiş və ona işə qayıtdıqdan sonra intizam tənbehi elan edilməsi qərara alınmışdır. Yenə işə əlavə edilmiş Sumqayıt şəhər 11 saylı Tam Orta Məktəbin Pedaqoji Şurasının 16.05.2021-ci il tarixli, 7 saylı protokolundan görünür ki, PŞ-nin 03 və 26 aprel 2021-ci il tarixli qərarlarına, Sumqayıt şəhər Təhsil Şöbəsinin məktubuna və Əmək Məcəlləsinin 10-cu maddəsinin “B, E, F” bəndlərinə əsasən etik davranış qaydalarını pozduğu, vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığı üçün direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Yenə də işə əlavə edilmiş Sumqayıt şəhər Təhsil Şöbəsinin 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 11 saylı Tam Orta Məktəbin direktor müavini Xanım Zeynalova və musiqi müəlliməsi Afaq Rəhimovanın Təhsil Şöbəsinə ünvanladığı müraciətləri əsasında məktəbdə aparılmış araşdırma zamanı təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı qızının, öz həmkarlarına qarşı münasibətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması faktı aşkar edildiyinə görə onun haqqında müvafiq intizam tənbehinin görülməsi, eyni zamanda işçilər arasında işgüzar atmosferin yaradılması və normal iş ahənginin bərpa edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5485/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qızı 27.07.2017-ci il tarixdən 21.05.2021-ci il tarixədək Sumqayıt Şəhər 11 saylı Tam Orta məktəbdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 31 mart 2021-ci il tarixində çalışdığı təhsil müəssisəsinin digər müəllim əməkdaşıyla aralarında mübahisə yaranmış və həmin mübahisənin təsiri ilə sağlamlıq vəziyyəti pisləşmiş, bu səbəblə də 01.04.2021-07.05.2021-ci il tarixlərində bülletendə olmuşdur. İddiaçı qızından 02.04.2021ci il tarixdə izahat verilməsi tələb olunmuş, lakin iddiaçı xəstəliyi ilə əlaqədar olaraq işdə olmadığına görə ondan izahat alınması mümkün olmamış və bu barədə 02.04.2021-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı 06.05.2021-ci il tarixdə işə çıxmasına baxmayaraq, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq, bir gün sonra iddiaçının izahatı alınmadan barəsində intizam tənbehi haqqında əmr verilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə verilərkən, Məcəllənin 84-cü maddəsinin tələbləri pozularaq həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. İşəgötürənin əsaslandığı Pedaqoji Şuranın 16.05.2021-ci il tarixli, 7 nömrəli qərarı əmək müqaviləsinin ləğvi barədə əmrin əsası ola bilməz. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında” Əsasnamənin 4.1.3-cü bəndində göstərilmişdir ki, Pedaqoji Şura müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrlər verilərkən mövcud qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Hətta işəgötürən tərəfindən əmrlərin tərtibatında da səhvə yol verilmiş, əmrlərdə müxtəlif nömrələr qeyd edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tarixi fərqli göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Bu Məcəllənin 80-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yenə həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin ikinci hissəsinə əsasən birinci hissədə nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Eyni Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İşdən görünür ki, işçı olaraq iddiaçının direktor müavini vəzifəsindən azad edilməsi barədə müəssisəsinin həmkarlar təşkilatının yığıncağı keçirilməmiş, bu təşkilatın iddiaçının işdən azad edilməsi barədə rəyi öyrənilməmiş, bundan başqa, iddiaçıya inzibati töhmət verilməmişdən öncə onun məsələ ilə bağlı izahatı alınmamış, əmr Əmək Məcəlləsinin heç bir maddəsinə istinad edilmədən və əsaslandırılmadan, qaydalara uyğun olmayan şəkildə tərtib edilmiş, bununla da işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş mübahisələndirilən əmrlərin sıra nömrələri arasındakı uyğunsuzluq həmin əmrlərin qanunsuz tərtibinə dəlalət edir. Belə ki, 07.05.2021-ci il tarixli əmrin sıra nömrəsi bir yerdə 86, digər yerdə 60, 21.05.2021-ci il tarixli əmrin sıra nömrəsi isə bir yerdə 63, digər yerdə 64 göstərilmişdir. Beləliklə də, Sumqayıt Şəhər 11 X10 Məktəbi tərəfindən eyni əmələ görə iki dəfə cəza tədbiri tətbiq etmiş (07 may və 21 may 2021-ci il tarixli) İddiaçı qızını Pedaqoji Şuranın qərarına əsaslanmaqla tutduğu vəzifədən azad etməsi və bu barədə 21.05.2021ci il tarixli əmr qanunsuzdur. Eyni zamanda, mövcud əmək qanunvericiliyinə görə işçinin izahatı alınmadan ona inzibati tənbeh verilməsi yolverilməz olduğundan iddiaçıya şiddətli töhmət verilməsi barədə 07.05.2021-ci il tarixli əmr də qanunsuzdur. Həmin əmrlər qanunsuz olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və direktor müavini vəzifəsindən azad edildiyi tarixdən həmin vəzifəyə bərpa olunan tarixədək məcburi boşdayanmaya görə ona əmək haqqı ödənilməlidir. Başqa sözlə, mübahisəli əmrlər verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh qurum apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5485/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-344/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-344/2022
11.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver