Məhkəmə qərarları › İş №2(105)-3463/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3463/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3463/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi: X4 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi G.Cavadova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudova) ərizənin təmin edilməsi, Ərizəçi Bakı şəhəri 18 nömrəli Təmir Tikinti İdarəsində 07 yanvar 1996-cı il tarixdən 27 dekabr 2005-ci il tarixədək fəhlə işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 nömrəli Təmir Tikinti İdarəsində 07 yanvar 1996-cı il tarixdən 27 dekabr 2005-ci il tarixədək fəhlə işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı şəhəri 18 nömrəli Təmir Tikinti İdarəsində 07 yanvar 1996-cı il tarixdən 27 dekabr 2005-ci il tarixədək fəhlə işləmişdir. Bu faktı onunla birgə işləmiş şahidlər də təstiq edə bilərlər. Bu faktı onunla həmin dövrlərdə işləmiş şahidlərdə təstiq edə bilərlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxsin nümayəndəsi G.Cavadova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təstiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisəsinin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təstiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilər. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalannın təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalannın 3.1.1-ci bəndinə əsəsən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlannın nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsəsən müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən hər hansı bir müəssisə fəaliyyətini dayandırdıqda müəssisəyə dair müvafiq sənədlər ya Dövlət arxivinə və yaxud həmin müəssisənin baş idarəsinə təhvil verilməlidir.iddiaçının sığorta stajı o halda təsdiq oluna bilər ki, iddiaçı işlədiyi müəssisədən və ya həmin müəssisənin sənədlərinin təhvil verildiyi arxivdən iş stajı barədə arayış təqdim etsin. Bundan əlavə 2010-cu il 08 oktyabr tarixdə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalannın rəsmiləşdirilməsi, baxılması Qaydalarının 3.4 bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməlliyat və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi G.T.Cavadova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ərizəçi apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasına və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin edərkən, hüquqi faktın şahid ifadələri ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər MİS-nin 29 aprel 2016-cı il tarixli, 882 nömrəli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 18 mkr, ev 6, mənzil 76-da yaşayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi 07 yanvar 1996-cı il tarixindən 27 dekabr 2005-ci ilədək Bakı şəhəri 18 saylı Təmir Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, lakin bunu sübuta yetirə bilməmişdir. Bu məlumat ona həmin dövr üçün sosial sığorta stajının əldə edilməsi üçün lazımdır. Ərizəçinin işləməsi şahid ifadələri və işdə olan sənədlərlə təstiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsinin tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir, həmin şahidlər qeyd edilən müəssisədə 1996-2005-ci illərdə işlədikləri halda, ərizəçi A.O.Əmrahovun 01 yanvar 1979-cu ildən 2003-cü ilin dekabr ayınadək Bakı şəhəri 18 saylı Təmir Tikinti İDarəsində fəhlə vəzifəsində işləməsi faktına şahidlik edə bilməmələrinə birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlıgını və ya yoxlugunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təjrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stacı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etmək zəruri sayır ki, Ərizəçi ərizədə şahid qismində X1 və X3 mübahisə olunan faktın təstiq edilməsinin həmin şahidlərin iclasda dindirilməsini xahiş etsə də, məhkəmə iclasında digər şəxslər şahid qismində dindirilmişdir və həmin şahidlərin həmin İdarədə işləməsi heç bir sənədlərlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxsin nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 08 iyul 2016-cı il tarixli 2(060)-9636/2016 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar