Məhkəmə qərarları › İş №2(105)-3468/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3468/2021

30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3468/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, maraqlı şəxs AR ƏƏSMN DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)- 6577/2017 saylı qətnaməsindən maraqlı şəxs AR ƏƏSMN DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 02.01.1973-cü il tarixindən 01.01.1976-cıil tarixə kimi Ağsu rayonu, Qəşəd kənd kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən maraqlı şəxs ARƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 02.001.1973-cü ildən 01.01.1976-cı ilədək Ağsu rayonuQəşəd kənd kolxozunda kolxozçu kimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, yaşa görə pensiya alan bir sıra vətəndaşların onlara pensiya təyin edilməsi zamanı əsas götürülmüş sənədlər nəzərdən keçirilərkən 2020-ci ilin iyun ayında Sumqayıt şəhəri üzrə bir sıra vətəndaşların sosial ödənişlərin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciəti zamanı iş stajının təsdiq edilməsi qismində təqdim etdikləri məhkəmə qətnamələrində işin faktiki hallarına əsaslı şübhələr yaranmışdır. Belə ki, müvafiq qətnamələr üzrə araşdırıma aparılaraq müəyyən edilmişdir ki, 50-yə yaxın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair eyni region, eyni kateqoriya şəxslər barəsində eyni hakim tərəfindən eyni şahidlərdən istifadə olunmaqla 2016-2017-ci illər ərzində qəbul edilmiş qətnamələrdə ciddi pozuntulara yol verilmişdir. Həmin mülki işlərdən biri olan Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 12.01.1973-cü il tarixdən 01.01.1976-cı il tarixədək Ağsu rayonu Qəşəd kənd kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək, 02.01.1973-cü il tarixdən 01.01.1976-cı il tarixədək Ağsu rayonu Qəşəd kənd kolxozunda kolxozçu işləməklə həmin dövrün sosial sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. İlk öncə qeyd etmək lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən qətnamə qəbul edildikdən sonra tərəflərə rəsmi qaydada təqdim edilməlidir ki, qəbul edilmiş məhkəmə aktından narazı qalan tərəf hüquqlarının bərpası üçün yuxarı məhkəmə instansiyasına müraciət edə bilsin. Lakin Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi maraqlı şəxsə rəsmi qaydada verilməmiş, yalnız qeyd olunan araşdırmalar nəticəsində Sumqayıt Şəhər Məhkəməsinə müraciətdən sonra 07.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ərizəçi 02.01.1973-cü il tarixdən 01.01.1976-cı il tarixədək Ağsu rayonu Qəşəd kənd kolxozunda kolxozçu kimi işlədiyini və həmin kolxozda işləməsi faktını təsdiq edəcək rəsmi sənədin olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Eyni qaydalar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarında da öz əksini tapmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 08.05.2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsinə əsasən şahid qismində dindirilmiş iki şahid ərizəçi ilə eyni müəssisədə birlikdə işləməsini təsdiq edən hər hansı bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə də qətnamə şahidlərin yalnız şifahi izahatları əsasında qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyqun gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarının 2.5-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən əzimi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrlər üzrə (1973- 1976) fəaliyyət göstərdiyini iddia etdiyi Ağsu rayonu işğal altında olmamış, təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, Ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Eyni zamanda, hazırki iş üzrə məhkəmədə Ərizəçi Ağsu rayonu “Qəsəd kənd kolxoz”unda işləməsi X5 və X2 izahatı ilə təsdiq edilmişdir.Halbuki məhkəmədə şahid qismində izahat verən 06.02.1959-cu il təvəllüdlü X2 işlədiyini iddia etdiyi 02.01.1973-cü il tarixdə 13 yaşı olub. Bu isə qanunvericiliyin tələblərinə əsasən mümkün ola bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Ərizəçi qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, nümayəndəni dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ağsu rayonu, Qəşəd kənd kolxozunda işləmiş, Ərizəçi da onunla birgə 02.01.1973-cü ildən 01.01.1976-cı ilədək Ağsu rayonu, Qəşəd kənd kolxozunda işləmişdir. Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ağsu rayonu, Qəşəd kənd kolxozunda işləmiş, Ərizəçi da onunla birgə 02.01.1973-cü ildən 01.01.1976-cı ilədək Ağsu rayonu, Qəşəd kənd kolxozunda işləmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsasən X1 02.01.1973-cü ildən 01.01.1976-cı ilədək Ağsu rayonu, Qəşəd kənd kolxozunda işləməsini faktını müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin edərkən işin hallarına uyğun düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən yalnız ərizəçinin təqdim etdiyi şahid ifadlərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamışdır. ARƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Belə ki, Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Belə ki, ərizəçi 12.01.1996-cı ildən 01.11.2005-ci il tarixədək Mənzil Təmir Tikinti İdarəsində iş üzrə müvəkkil işləməsini bildirsə də bu faktı təsdiq edən əmək kitabçası mövcud deyil, həmçinin əmək kitabçasının mövcud olmaması əmək kitabçasının itməsi, yanması faktı qeydə alınmamış, arxivin məhv olmasına səbəb olan hər hansı təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçi qaçqın və ya məcburi koçkün olmadığı halda qeyd edilən Qaydaların 2.5-ci bəndinə istinad edərək ərizəni təmin etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin iş materiallarında şahid qismində dindirilmiş X7 və X2 qeyd edilən müddətlər ərzində qeyd edilən kolxozda işləməsini təsdiq edən hər hansı sübutlar (arayış, əmək kitabçası) iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız şahidlərin ifadələrinə istinadən ərizəçinin də onlarla birlikdə qeyd ediləni darədə işləməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Həmçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 06.02.1959-cu ildə andan olmuşdur. Belə olan halda onun 1973-cü ildə, 14 yaşı olanda kolxozda işləməsi ağlabatan deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetirilmədiyi halda ərizəçinin 02.01.1973-cü ildən 01.01.1976-cı ilədək qeyd edilən kolxozda işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-6577/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi qızının ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar