Məhkəmə qərarları › İş №2(105)-347/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-347/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-347/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)- 908/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqavilədən görünür ki, Cavabdeh adına **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir.

2. İddiaçı ASC tərəfindən təqdim edilmiş 03 sentyabr 2024-cü il tarixli hesabdan çıxarışdan və arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Cavabdeh kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmış və bank tərəfindən həmin pul vəsaitinin qaytarılmamasına və özündə saxlamasına görə 183.87 manat faiz borcu hesablanmışdır.

3. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə banka 4828.11 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183.87 manat faiz borcu olmaqla cəmi 5011.89 manat borcunun olduğu bildirilməklə 3 iş günü müddətində həmin borcun ödənilməsi həmin şəxsdən tələb olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samayıl oğlundan cəmi 5011,89 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 AZN dövlət rüsumu məbləğinin İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2022-ci tarixində Banka yaxınlaşaraq 5320 AZN vəsaiti kassadan kartına mədaxil edib. Sonradan həmin məbləği dəyişdirərək 5220 AZN mədaxil yazılmasını istəyib. Birinci mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştər hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulun bir qismini xx.xx.2022-ci il tarixində nağdlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 4828,11 AZN overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh Samayıl oğlunın xx.xx.2024-cü il tarixinə 4828,11 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183,87 AZN faiz borcu olmaqla cəmi 5011,89 AZN borcu vardır. Tərəfimizdən Cavabdeh Samayıl oğluna bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-4248 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin, buna baxmayaraq, Cavabdeh Samayıl oğlu bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh Samayıl oğlu bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur.

6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2010-cu ildə İddiaçı ASC-dən kreditə pul götürmüş və həmin borcunu tam ödəmişdir. 2022-ci ildə isə bank tərəfindən onun kart hesabına pul köçürülmüş və o, həmin pulu çıxarıb xərcləmişdir. Lakin, həmin vaxtdan sonra bank ondan heç bir pul tələb etməmişdir. Hazırda bank tərəfindən müddət ötürülmüşdür. Ona görə də, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir.

7. Həmçinin, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və həmin əsasa görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

8. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-908/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia rədd edilmiş, İddiaçı ASC tərəfindən iş üzrə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh pul öhdəliyinin müqavilə əsası mövcud deyil və İddiaçı ASC-nin həmin şəxsə qarşı yönəlmiş iddia tələbinin hüquqi əsasını müqavilədən kənar öhdəlik, yəni əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik təşkil edir. Başqa sözlə, bank tərəfindən cavabdehin adına açılmış kart hesabına razılaşmaya uyğun deyil, yanlışlıqla pul vəsaitinin köçürülməsi nəticəsində overdraft borcu yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı 05 sentyabr 2024-cü il tarixdə Cavabdeh pul vəsaitinin yanlışlıqla karta köçürülməsi nəticəsində 4828.11 manat overdraft borcunun yarandığını aşkar etmiş, bu, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışla da müəyyən olunur. Bununla belə, bank tərəfindən həmin vaxtdan sonra iki il ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və iki il müddət keçdikdən sonra, yəni 20 sentyabr 2024-cü il tarixdə cavabdehə həmin borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və iddia ərizəsi 04 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, bankın əsassız varlanma obyekti olan həmin pul vəsaitinin qeri qaytarılması hüququ qüvvədən düşmüşdür.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1, 1095, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən ******************** saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2022 tarixində Banka yaxınlaşaraq 5320 AZN vəsaiti kassadan kartına mədaxil edib. Sonradan həmin məbləği dəyişdirərək 5220 AZN mədaxil yazılmasını istəyib. Birinci mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulun bir qismini xx.xx.2022-ci il tarixində nağdlaşdımışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 4828,11 AZN overdraft borcu yaranmışdır. Cavabdeh Samayıl oğluna bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-4248 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh Samayıl oğlu bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh Samayıl oğlu bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Bu səbəbdən iddia ərizəsi ilə aidiyyatı üzrə Qusar Rayon Məhkəməsinə müraciət edilmiş və Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-908/2024 nömrəli qətnaməsi ilə müddət ötürüldüyü üçün iddia tələbi təmin edilməmişdir. Qeyd edilmişdir ki, iddia ərizəsinin predmeti olan pul İddiaçı ASC-nin mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınlnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

17. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

18. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

19. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

20. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

22. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

23. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqavilədən görünür ki, Cavabdeh adına **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir. xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Cavabdeh kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmış və bank tərəfindən həmin pul vəsaitinin qaytarılmamasına və özündə saxlamasına görə 183.87 manat faiz borcu hesablanmışdır.

34. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə banka 4828.11 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183.87 manat faiz borcu olmaqla cəmi 5011.89 manat borcunun olduğu bildirilməklə 3 iş günü müddətində həmin borcun ödənilməsi həmin şəxsdən tələb olunmuşdur.

35. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ötürülmüşdür.

36. İddia müddətinin tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

38. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Cavabdeh kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmışdır. İddiaçı ASC isə 2 illik müddət ötürülərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə borcun ödənilməsi ilə bağlı müraciət etmişdir.

39. İddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-908/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar